Yaman keyfiyyətli şiş (qazlı yara şişi, qazlı qanqrena)

Yaman keyfiyyətli şiş (qazlı yara şişi, qazlı qanqrena). Heyvanların və insanın iti gedişli, kontagioz olmayan, polimikrob etiologiyalı yara toksikoinfeksiyası olub, sürətlə şiddətlənən qaz əmələ gəlməklə iltihabi şişlər, zədələnmiş toxumaların nekrozu və orqanizmin intoksikasiyası ilə səciyyəvidir. Xəstəliyə iribuynuzlu heyvanlar, qoyunlar, atlar, eşşəklər həssas, insan, yırtıcı heyvanlar, quş, it, pişik az həssasdırlar. Xəstəliyin törədicisi klostridilər, həm də onların assosiasiyasından ibarət bakteriyalardır.

İlk simptom:  İnkubasiya dövrü 12 saatdan bir neçə günə qədər davam edir. Letallığı yüksəkdir. Müxtəlif formaları – yaralanmadan sonra YKŞ, doğumdan sonra YKŞ, quzuların şırdanının YKŞ və s. ayırd edilir. Heyvanda halsızlıq, yemdən imtina, nəbzin tezləşməsi, çətinləşmiş tənəffüs, selikli qişaların göyərməsi, bədən temperaturunun 1-2 dərəcə yüksəlməsi ilkin nişanələrdir.

Digər simptomlar: Tədricən heyvan orqanizmində zədələnmiş toxumaların surətlə inkişaf edən qazlı infeksiyası, zədələnmiş sahələrin böyüməsi, palpasiya zamanı pirepitasiya müşahidə edilir, basarkən yaradan qaz qabarcıqlı ekssudat ixrac olur. Sürətlə inkişaf edən şişlər ətraf toxumalara yayılır. Toxumaların əriməsi, sümüklərin çılpaqlaşması tədricən təzahür edən kliniki əlamətlərdir.

Diaqnoz: Epizootoloji məlumatlara, kliniki, patoloji-anatomik göstəricilərə və laborator müayinələrə əsasən qoyulur. Müayinə üçün material toxuma ekssudatı, zədələnmiş əzələ tikələri, parenximatoz orqanlar və nazik bağırsağın bir hissəsi möhtəviyyatla birlikdə götürülməlidir.

Müalicə:  Xəstəlik sürətlə inkişaf etdiyinə görə müalicə vaxtında aparıldıqda səmərə verir. Xəstə heyvanlar təcrid olunur, yaxşı yemləmə, bol su vermə ilə təmin edilir. Şiş nahiyəsində, dəridə, zədələnmiş əzələlərdə dərin və uzun kəsiklər, yara ciblərinin təşrihi aparılır, nekrozlu hissələr götürülür. Yaraya antiseptik preparatlar sürtülür. Antibiotik və sulfanil-amid preparatları yerli və parenteral olaraq yüksək dozada yeridilməlidir.

Profilaktika: Təsərrüfatda YKŞ xəstəliyi baş verərsə məhdudiyyət qoyulur, xəstə heyvanlar seçilərək müalicə edilir. Binalarda və ətraf sahələrdə dezinfeksiyaedici tədbirlər aparılır.

Təfriqi diaqnoz: YKŞ xəstəliyi bradzot, enterotoksimiya, qara yaranın karbunkol formasından təfriq edilməlidir.

Qeyd: Ölmüş heyvanların cəsədi utilizasiyaya göndərilməli yaxud da yerində yandırılmalıdır. Xəstə və xəstəliyə şübhəli heyvanların ət üçün kəsilməsi və dərilərin soyulması qadağandır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.