Xəstəliyin adı: Yumurta məhsulunun azalması sindromu

Yumurtlayan toyuqların virus xəstəliyi olmaqla, yumurtanın forma və keyfiyyətinin və zülalın keyfiyyətinin pisləşməsi, qabığının depiqmentasiyası, yumurta məhsuldarlığının müxtəlif dərəcədə azalması ilə səciyyələnir. Xəstə toyuqların yumurtasından çox aşağı faiz cücə çıxır və çıxan cücələr tezliklə tələf olurlar. Xəstəliyin törədicisi Adenoviridea ailəsinə  mənsub DNT virusdur. Virusun ümumi antigen qrupuna mənsub 12-dən çox serotipi vardır. Ətlik quşlar daha həssasdırlar. Anac toyuqlar çox vaxtı yumur­ta məhsulunun ən yüksək həddə çatdığı dövrdə – 23-35 həftəlik yaş­da xəstələnirlər.

Ilk simptomlar: Virus aerogen, alimentar, transvarial və s. yollarla yayılır. İnkubasiya dövrü 1-15gün çəkir. Əsasən xəstəlik infeksion bronxitlə birgə yayılır. Quşlarda əzginlik, tüklərin pırpızlaşması, diareya, pipiyin göyərməsi kimi kliniki əlamətlər müşahidə edilir. Xəstəliyin əsas xarakterik əlaməti  yumurta məhsulunun 20-30% azalması, yumurtanın qabığının deformasiyaya uğraması və qabıqda müxtəlif ləkələrin əmələ gəlməsi, yumurta ağının zülalının strukturunun dəyişməsi, sulu və bulanıq olması ilə özünü biruzə verir, anemiya hərəkət fəalığının azalması büruzə verir.    

Digər simptomlar: Quşlar 28-30 həftəlik olarkən yumurtlama azalmağa başlayır və bu vəziyyət 6-12 həftə davam edir. Yumurtanın azalması 3-5 həftə davam edir. Məhsuldarlığın artması tədricən baş verir, lakin əvvəlki səviyyə qalxmır.  Xəstəlik üçün yumurtalığın atrofiyası, qan sağıntısı, yumurtalıq yolunun hemorroji iltihabı xarakterikdir.                      

Diaqnoz: Kliniki əlamətlərə, epizootoloji məlumatlara, patoloji-anatomik dəyişiklikərə  və laborator – seroloji müayinələrə əsaslanır.

Müalicə: Müalicə səmərə vermir. Xəstəlik baş vermiş təsərrüfatda bütün quşlar məhv edilir. Karantin tətbiq edilərək dezinfeksiya tədbirləri kompleks şəklində həyata keçirilir.  2 ay müddətində dezinfeksiya tədbirləri aparıldıqdan sonra məhdudiyyətlər götürülür.

Profilaktika: Spesifik profilaktika inaktivasiya edilmiş vaksinasiyaya əsaslanır. Müxtəlif inaktivasiya edilmiş vaksin növləri tətbiq edilir. “HİPRA” və 4-valentli vaksinlərdən istifadə edilir.

Təfriqi diaqnoz: Təfriqi diaqnostika infeksion bronxit, Nyukasl xəstəliyi, infeksion laringotraxeit, habelə mineral maddələr mübadiləsinin pozulması nəticəsində yumurta qabığının deformasiyası kimi xəstəliklərdən differensasiya edilməsinə yönəlir.

Qeyd:  Peyvənd edilmiş quşlarda yaranmış gərgin immunitet bir il müddətinə kimi davam edir.         

Müəllif: Əzizova Aygün    

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.