Vərəm

Vərəm kənd təsərrüfatı, vəhşi heyvanların və insanların ağır xroniki zooantroponoz xəstəliyi olub, müxtəlif orqanlarda kazeoz nekroza və kirəcləşməyə məruz qalan spesifik damarsız düyünlərin – tuberkulların əmələ gəlməsi ilə xarakterizə olunur. 55 növdən artıq məməli heyvan və 60 növ quş xəstəliyə həssasdırlar. Infeksiya mənbəyi – mikobakteriyaları fekal, bəlğəm, sidik-tənasül yollarının ifrazatları ilə yayan heyvanlardır. Xəstəliyin insandan kənd təsərrüfatı heyvanlarına və it, pişiyə keçməsi halları müşahidə olunmuşdur. Törədici tozlu bəlğəmdə 72 saat, qurumuş bəlğəmdə 5-6 ay, əşyalarda 3 aya kimi havasız, günəşsiz yerdə bir neçə ay, suda 5 ay, 0°C-də illərlə həyat qabiliyyətini saxlayır.

Ilk simptomlar: Mikobakteriyaları fekal ilə, bəlğəmlə, südlə, sidik-tənasül yollarının yoluxması zamanı toxumla ayrılan xəstə heyvanlardır. Ötürmə faktoru kimi xəstə heyvanın ifrazatı ilə çirklənmiş yem, su, peyin və s. ola bilər. Körpə heyvanlar ana heyvanın südündən yoluxa bilirlər.

İnkubasiya dövrü 2-6 həftə davam edir. Heyvanlarda vərəm xroniki yaxud latent gedişli olduğuna görə onun kliniki nişanələri yoluxmadan bir neçə ay yaxud bir il sonra təzahür edə bilər.

Digər simptomlar. Iti, yarımiti və xroniki gedişə malikdir. Patoloji prosesin yerləşmə yerinə görə ağciyər və bağırsaq formaları olur. Ağciyər formasında temperatur 39,5-400 C-yə kimi yüksələ bilir. Xəstə heyvanlardatədricən yemdən qalma, məhsuldarlığın aşağı düşməsi müşahidə edilir. Ağciyərlərin və plevranın iltihablaşması nişanələri büruzə verir. Öskürək ağrılı, döş qəfəsində xırıltı, tənəffüsün çətinləşməsi kliniki əlamətlərdən başlıcasıdır. Süd vəziləri şişmiş, ağrılı və sağım zamanı qanla qarışıq olur. Vərəmin generalizasiya formasında səthi yerləşən limfa vəziləri (alt çənə, udlaqarxası, yelin üstü, dizaltı) böyüyür və şişkinləşir.

Diaqnoz: Epizootoloji məlumatlar, kliniki nişanələrin təhlili, allerji, patoloji-anatomik, histoloji, bakterioloji və bioloji müayinələrin nəticələrinə əsasən qoyulur. Vərəm xəstəliyinin diaqnostikasında kənd təsərrüfatı heyvanlarında və quşların müayinəsində PPD tuberkulin preparatından istifadə olunur. Bu məqsədlə diri heyvanlarda tuberkulinin dəriiçi sınağı ilə allerji müayinə aparılır. Tuberkulinə müsbət cavab alındıqda əlavə olaraq göz sınağı, yaxud venadaxili tuberkulin sınağı ilə müayinə də aparılmalıdır

Müalicə: vərəmin müalicəsi uzun müddət və xeyli maddiyyat tələb etdiyindən və müalicənin effektsizliyini nəzərə alaraq müalicə aparılmır. Vərəm müəyyən edilmiş təsərrüfatlarda tuberkulinə reaksiya vermiş heyvanlar vərəmlə xəstə hesab edilir və 2 həftə müddətində kəsimə göndərilməlidir.

Profilaktika: təsərrüfatlarda saxlanılan heyvanlar (2 aydan yuxarı) mütəmadi 45-60 gündən bir ikiqat dəriiçi tuberkulin sınağı ilə müayinədən keçirilməli, xəstəlik aşkar edilərsə təsərrüfat qeyri-sağlam elan edilməlidir. Heyvanlar saxlanılan yerlər, təsərrüfatın ərazisi, fermalar ciddi dezinfeksiyaedici tədbirlər aparıldıqdan sonra istifadəyə yararlı hesab edilməlidir. Vərəmin yayılmasında heyvan orqanizminin rezistentliyini aşağı salan faktorlar – keyfiyyətsiz yemləmə də əsas rol oynayır. Heyvanlar daimi olaraq mikroelementlərlə, vitaminlərlə, amin turşuları ilə kompensasiya edilmiş yemlərlə yemlənməli, təmiz havada və quru yerlərdə saxlanılmalıdır.

Təfriqi diaqnoz: vərəm xəstəliyi çox zaman əlamətsiz gedişata malik olur. Bəzi hallarda hərarətin yüksəlməsi müşahidə edilir. Buna görə də onu digər infeksion xəstəliklərdən təfriq etmək üçün dəriiçi tuberkulinizasiya aparılması ən doğru üsuldur. Dəqiq diaqnoz üçün qaramalda bununla birgə göz üsulu sınağı da aparılmalıdır. Əgər gözdə dəyişiklik olarsa və ya irin kütləsi axarsa onda heyvan xəstə hesab olunur.

Qeyd: qaramql və camışlar 2 aylıqdan, dəvələr 12 aylıqdan başlayaraq tuberkulinizasiyaya cəlb edilir. Nəzərə alınmalıdır ki, heyvan hər hansı bir  xəstəliyə qarşı peyvənd olunubsa 3 həftə fasilədən sonra tuberkulinizasiya tədbirini aparmaq olar. Dəriiçi tuberkulinizasiya aparılmış heyvanlarda dəri büküşünün 3-4 mm qalınlaşması və şişkinlik yaranmsı xəstəliyə müsbət cavab reaksiyasıdır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.