Tulyaremiya

Müxtəlif növ məməli heyvanların, quşların və insanların təbii ocaqlı, transmissiv infeksion xəstəliyi olub, septisemiya, isitmə, ishal, yuxarı tənəffüs yollarının və bağırsaqların selikli qişasının zədələnməsi, limfadenit, qaraciyərdə, dalaqda və ağciyərlərdə iltihabi-nekrotik fokusların görünməsi, arıqlama, mastitlər, balasalma, sinir sisteminin zədələnməsi ilə səciyyəvidir. Gəmiricilər xəstəliyə daha həssasdırlar.

İlk simptom: kənd təsərrüfatı heyvanlarında (qoyun, keçi, at) inkubasiya dövrü 4 gündən 12 günə kimi davam edir. Iti, yarımiti, xroniki gedişə malikdir. Heyvanlarda zəiflik, başları sallanmış vəziyyətdə, sürüdən geri qalma haları ilə təzahür edir.

Digər simptomlar: nəbz sürətlənir (dəqiqədə 160), tənəffüs tezləşir (96), bədən temperaturu 40,5-410C-yə yüksəlir. Heyvan bu vəziyyətdə 2-3 gün qalır. Lixoradka müşahidə edilir. Arxa ətraflarda parez, diareya, selikli qişaların solğunluğu, burundan serozlu-selikli axıntı ilə müşayət olunana kataral konyuktivit və rinit nəzərə çarpır. Limfa düyünləri böyüyür, bərkiyir, bəzi heyvanlarda iflic baş verir.

Diaqnoz: epizootoloji, kliniki, patoloji-anatomik, məlumatların təhlili, seroloji (AR, PR, DHAR, NR) və allerji (tulyarinin dəriiçi yeridilməsi) müayinələri əsasında qoyulur

Müalicə: spesifik müalicə işlənilməmişdir. Xəstə heyvanlara antibiotiklər, sulfanilamid və nitrofuran preparatlar təyin edilir. Xəstə heyvanların təcrid edilərək kəsimə göndərilməsi daha məqsədəuyğundur.

Profilaktika:  xəstəlik qeyd olunan təsərüfatlarda xəstə heyvanlar kəsildikdən sonra onların cəmdəyi və dərisi məhv edilir. Mütəmadi olaraq ərazidə siçanabənzər gəmiricilərin və ektoparazitlərin məhv edilməsi, törədici ilə çirklənmiş binaların və su mənbələrinin dezinfeksiya tədbirləri aparılır. Dezinfeksiya üçün 5-10 %-li lizol, 3-5 %-li fenol, xloramin B-nin 5 %-li məhlullarından istifadə edilir.

Təfriqi diaqnoz: tulyaremiyanı anaplazmozdan, bruselyozdan, vərəmdən, psevdotuberkulyozdan, paratuberkulyozdan, koksidiozdan – bakterioloji, seroloji, allerji müayinələr aparmaqla fərqləndirmək lazımdır.

Qeyd: insanların bu xəstəliyə yoluxmasının qarşısını almaq məqsədilə, xəzdərili heyvanların dərisini soyarkən, dovşan cəmdəkləri ilə işləyərkən, eləcə də gəmiricilər və pişiklər dişləyərkən infeksiyaya qarşı tələb olunan profilaktik tədbirlər təcili həyata keçirilməlidir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.