Trixofitoz (trixofitiya, dəmrov)

Çoxsaylı heyvan növlərində müşahidə edilən dərinin kəskin məhdudlaşan, soyulan nazik lövhəciklərlə örtülməsi ilə təzahür edən, yaxud da dəridən və tük folikullarından çoxlu ekssudat ayrılmasının  iltihabı ilə səciyyəvi olan göbələk xəstəliyidir. Trixofitozun törədiciləri Trichophuton cinsinə mənsub olan T.verukonsum (qoyun, keçi, qaramal), T.mentagrophutes (donuz, dovşan, it, pişik və s.) və T.equinum (at) göbələkləridir. Törədicilər tükün buynuz kütləsinin müdafiəsi altında öz virulentliyini 4-7 ilə qədər, sporlar isə 9-12 ilədək saxlayırlar. Sporlar binalarda illərlə qalıb hava ilə yayılırlar. 60-620C-də 2 saat, 1000C-də isə 15-20 dəqiqə ərzində inaktivasiya olurlar.

Ilk simptomlar: Trixofitozla bütün kənd təsərrüfatı heyvanları, xəzdərili, yırtıcı, vəhşi heyvanlar, eləcə də insanlar xəstələnirlər. Bütün yaşda olan heyvanlar törədiciyə həssasdırlar, cavanlarda xəstəlik daha ağır formada keçir. İnfeksiya törədicilərinin mənbəyi xəstə və xəstəliyi keçirmiş heyvanlar, eləcə də siçanabənzər gəmiricilər, çöl siçanları və susliklərdir. İnkubasiya dövrü 5-30 gün davam edir. Zədələnmələr bəzən məhdud, bəzən isə disseminasiya xarakterli olur. İbh-da, qoyunlarda adətən başın, boynun, bədənin yan səthlərinin, belin, budun, sağrının və quyruğun dərisi zədələnir. Buzovlarda və quzularda isə ilkin trixofitozlu ocaqlar alında, gözlərin ətrafında, qulağın dib  hissəsində təzahür edir. Xəstəlik səthi, dərin (folikulyar) və sürtülmüş (atepik) formalarda baş verir.

Digər simptomlar: Səthi forma əsasən yaşlı heyvanlarda olub, dəridə məhdud yayılmış diametri 1-5 sm olan pırpızlaşmış tüklü ləkələrin yaranması ilə səciyyəvidir. Ləkələr tədricən böyüyür, səthi qabıq qoyur, sonra isə azbestə bənzər qartmaqla örtülür. 5-8-ci həftədə qartmaqlar qopur, bu sahələrdə tük çıxmağa başlayır. Budun iç səthinin, tənasül dodaqlarının dərisinin zədələnməsində isə dairəvi düzülmüş xırda qabarcıqlar əmələ gəlir ki, onların da yerində pulcuqlar yaranır. Səthi forma əsasən yay aylarında qeyd edilir. Dərin forma isə əsasən cavan heyvanlarda baş verib, daha uzun müddət davam edir (2 ay və daha çox). Dərinin zədələmiş yerlərində irinli iltihab inkişaf edir ki, qurumuş eksudatdan qalın quru şəklində qartmaq formalaşır. Zədələrin diametri 1-20 sm və daha böyük olur, onların yerində çapıqlar əmələ gəlir. Dərin forma payız, qış fəsillərində qeyd edilir. Sürtülmüş forma yaşlı heyvanlarda əsasən yayda təsadüf edilir. Heyvanın baş nahiyəsində qabığı soyulan səthlər yaranır, iltihab olmur, pulcuqlar qoparıldıqda görsənən hamar səthlərdə1-2 həftə ərzində tüklər çıxır.

Diaqnoz: Epizootoloji məlumatlara, xarakterik kliniki əlamətlərə, patoloji materialın mikroskopiyası, süni qida mühitlərində göbələyin kulturasının ayrılması daxil olmaqla laborator müayinələrin nəticələrinə əsasən qoyulur. Müayinə üçün material qismində heyvanların dəri qaşıntıları və trixofitozlu ocaqların periferik sahələrindən götürülmüş tüklərdən istifadə olunur. Aşkar edilmiş gəbələyin növünü təyin etmək üçün kultural müayinələr aparılır, ayrılmış göbələyin qida mühitlərində boyvermə sürətinə, rənginə və koloniyaların morfologiyasına, mitselilərin xarakterinə görə, makro-, mikrokonidiyaların, artlosporların, xlamido sporların forma və ölçülərinə görə təfriq edilir.

Müalicə: Kənd təsərrüfatı heyvanlarının müalicəsi zamanı trixofitoz əleyhi vaksindən istifadə olunur. Şiddətli yoluxma zamanı vaksinasiya 3 dəfə aparılır. Qartmaqlar yumşaldıcı preparatlarla işlənilir, yerli müalicə üçün lüqlon, xlorid yod, fenotiazin və s. tətbiq edilir. Zədələnmiş nahiyələrə yam mazı, klotiromazol məlhəmləri daha səmərəlidir.

Profilaktika: Spesifik profilaktika diri vaksinlərin tətbiqindən ibarətdir (ibh-a “LTF-130”, qoyunlara “Trixovis” vaksinləri). Ümumi profilaktika isə fermalarda baytarlıq-sanitariya qaydalarına əməl etmək, saxlanma şəraitini yaxşılaşdırmaq, heyvanları tam keyfiyyətli yemlərlə təmin etmək, mütəmadi olaraq dezinfeksiya, deratizasiya tədbirlərinin aparılmasından ibarətdir. Yeni gətirilmiş heyvanlar 30 gün karantində saxlanmalı, onların dərisi müxtəlif antiseptik vasitələrlə dezinfeksiya edilməlidir. Qeyri-sağlam təsərrüfatlarda xəstə heyvanlar təcrid olunaraq müalicə olunur, dezinfeksiya tədbirləri aparılır, təsərrüfat axırıncı dəfə kliniki heyvan aşkar olunduqdan 2 ay sonra sağlam hesab edilir.

Təfriqi diaqnoz: Trixofitozu mikrosporilərdən, qoturluqdan, keçəllikdən, ekzemalardan və qeyri-infeksion etiologiyalı dermatitlərdən təfriq etmək lazımdır.

Qeyd: Trixofitozla xəstələnmiş ibh-da uzunmüddətli, gərgin immunitet formalaşır. Nadir hallarda təkrarən xəstələnmə baş verə bilir.  

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.