Streptokokkozlar

Kənd təsərrüfatı heyvanlarının infeksion faktorial xəstəliyi olub, sepsislə, oynaqların zədələnməsi, ağciyər və həzm sisteminin iltihabı ilə səciyyəvidir. Xüsusilə cavan heyvanlar həssasdırlar. Törədici qrammüsbət, aerob yaxud fakultativ anaerob kokklar – bakteriyalardır. Heyvanların və insanların patologiyasında A, B, C, D, E seroloji qruplar üzrə təsnifatdan istifadə edilir.

Ilk simptomlar. Xəstəliyin gedişi iti, yarımiti və xroniki olur. Iti  formada bədən istiliyi 41-42 ° C-ə qədər yüksəlir. İştahsızlıq və depressiya müşahidə olunur. Ağız və burun boşluqlarının konyunktiviti, selikli qişaların hiperemiyası, gözlərdən və burun boşluqlarından seroz axıntılar təzahür edir. Yarımiti gedişdə  3-4 gün müddətində  öskürək ,  qan qarışığı olan ishal, oynaqların şişməsi qeyd olunur. Xroniki gediş 2 aydan yuxarı heyvanlara xarakterikdir. Diareya ilk simptomlardan biridir. Xarici mühit faktorlarının təsirindən və heyvanların orqanizminin rezistenliyindən asılı olaraq letallıq tərəddüd edə bilər.

Digər simptomlar. Patogen hemolitiki streptokokklar irinin əmələ gəlməsi ilə müşayət edilən infeksion prosesə səbəb olur. Quzularda, buzovlarda, dayçalarda piyemiyalar, septisemiyalar, limfadenitlər, faringitlər, fleqmonalar, endokarditlər, ağciyərlərin iltihabı ilə müşahidə edilir. Boğaz heyvanlarda balasalma, streptokokk etiologiyalı doğumdan sonrakı mürəkkəbləşmələr – mastitlər, endometritlər qeyd olunur.

Diaqnoz. Epizootoloji məlumatları, klinik əlamətləri, patoloji dəyişiklikləri və bakterioloji tədqiqatların nəticələrini nəzərə alaraq təyin edilir.

Müalicə. Antibiotiklər (sefatoksim, norfloksasin, enroksil, sefaleksin, monomisin, lincomycin, amoksisillin və s.), sulfanamid preparatlar, həmçinin xüsusi serum və simptomatik müalicə tətbiq olunur.

Profilaktika. Profilaktikada heyvanlara qulluq – zoogigiyenik, baytarlıq və sanitariya qaydalarına riayət etmək vacibdir. Yeni doğulmuşların mastitli inəklərdən südlə qidalanmasının qarşısını almaq lazımdır. Qeyri-sağlam təsərrüfatlarda yeni doğulmuş heyvanlarda birinci gün passiv pryvəndləmə, 8-ci gündə isə peyvəndləmə aparılmalıdır. Boğaz  heyvanlar peyvənd edilməlidir. Xəstə və xəstəliyə şübhəlilər təcrid olunur və müalicə olunur. Heyvanların saxlanmasına, bəslənməsinə, davamlı dezinfeksiya tədbirlərinin aparılmasına əməl olunmalıdır.

Təfriqi diaqnoz. Kolibakterioz, salmonellyoz, xlamidiya, adenovirus kimi infeksiyalardan təfriq edilməlidir.

Qeyd. Streptokokklar davamlı mikroblar olmayıb heyvandarlıq binalarında, peyində və torpaqda 3-4 həftə qala bilirlər. Dezinfeksiya vasitələrindən formalinin 3,0%-li məhlulu streptokokkları 5-10 dəqiqəyə inaktivləşdirir.

16. Xəstəliyin adı. Yeni doğulmuş buzovların və quzuların streptokokklu septisemiyası. Iti gedişli, septiki, metastatik formalı göbək çiyəsində zədələnmə ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik doğum vaxtı və ya sonradan yaranır. Törədici beta-hemolitiki C seroqrupudur. Xəstəliyə səbəb boğaz heyvanların keyfiyyətsiz yemləndirilməsi, heyvanların saxlanılmasında baytarlıq-sanitariya qaydalarına əməl edilməməsidir.

Ilk simptomlar. Göbək ciyəsi sahəsində şiddətli ağrı, şiş ilk nişanələrdir. Yaranı basdıqda pis qoxulu irinli ekssudat müşahidə edilir.

Digər simptomlar. Septisemiya, müxtəlif orqanlarda irinli metasdazlar inkişaf edir. Təşrih zamanı irinli-fibrinozlu poliartiritlər nişanəsi, qaraciyərdə, böyrəklərdə və baş beyiində, həmçinin limfa düyünlərində metastatik absesslər müşahidə edilir.

Diaqnoz. Epizootoloji məlumatların, klinik əlamətlərin, patoloji dəyişikliklərin nəticələri nəzərə alınaraq diaqnoz təyin edilir.

Müalicə. Streptokokklara qarşı zərdablar, antibakterial preparatlar təyin edilir. Eyni zamanda simptomatik  müalicə aparılır.

Profilaktika. Doğuşdan dərhal sonra göbək  2%-li  yod məhlulu ilə silinir.  Əgər anadan xəstə doğulubsa dərhal baytar həkiminə müraciət etmək lazımdır. Bu zaman antibiotiklər təyin olunmaqla  xəstəliyin qarşısını almaq mümkündür. Dezinfeksiya tədbirləri aparılır, doğuş zamanı çirklənmiş avadanlıqlar  və digər əşyalar yandırılır .

Təfriqi diaqnoz. Kolibakterioz, salmonellyoz, xlamidioz, adenovirus xəstəliklərinə görə təfriq edilməli, eləcə də enterekokklu septisemiya, streptokokklu poliartirit, streptokokkoza görə seroloji qrupları təsnif edilməlidir.

Qeyd. XXə əsrin 70-80-ci illərinə kimi insanlarda aşkar edilmiş C seroqrupu tipinin  xəstəlik mənbəyi it və pişiklər olduğu təsvir edilmişdir. K.P.Konelli təcrübələrində insanlara xəstəliyin bilavasitə kənd təsərrüfatı heyvanlarından keçdiyini təsdiq etmişdir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.