Skrepi (qaşınma xəstəliyi)

Xəstəliyin adı: Skrepi (qaşınma xəstəliyi) – qoyun və keçilərin prionlu xəstəliyi olub, mərkəzi sinir sisteminin zədələnməsi, qaşınma, qızdırma, iflic olma, arıqlama və ölümlə təzahür edir.  Skrepi prionu baş və onurğa beyinində, gözlərdə, periferik sinirlərdə, qanda və digər orqanlarda aşkar edilmişdir. Beyin  qalıqlarında heyvan basdırıldıqdan sonra 3 il ərzində qala bilir.Az hallarda 2 yaşdan yuxarı, daha çox isə 3-4 yaşlı keçilər və qoyunlar həssasdırlar.

Ilk simptomlar: İnfeksiya törədicisinin mənbəyi xəstə qoyunlar və ya inkubasiya dövründə (törədicinin daşıyıcıları) olan heyvanlardır. Təbii şəraitdə qoyunların yoluxması zədələnmiş dəri və selikli qişa vasitəsilə xəstə heyvanlarla təmas zamanı, respirator və ya peroral (plasentenı yeyən zaman)  yollarla, həmçinin vertikal (anadan) olaraq baş verir. Xəstəlik törədicisinin ağcaqanadlar vasitəsilə ötürüldüyü də təsdiq edilmişdir. Inkubasiya dövrü 2-6 il davam edir. Xəstəliyin simptomları olduqca ləng təzahür edir. Onun kliniki dövrü 4-6 həftədən bir neçə aya qədər davam edir. Əvvəlcə zəiflik və davranışda sapdırmalar, sonralar narahatlıq və halsızlıq baş verir.

Digər simptomlar: Tədricən heyvanlarda hərəkətsiz baxış, görmənin zəifləməsi, yerişdə səndələmək, artan qaşınma, baş, boyun və dodaq əzələlərinin əsməsi, dişlərin qıcırdadılması müşahidə olunur. Sonralar koordinasiya olunmayan hərəkət, tremor, dombalangözlük, səslərə və ya toxunmaya yüksək reaksiya inkişaf edir, xəstə heyvanın başı və qulaqları anormal vəziyyət alır. Bu vəziyyətə ətrafların parezi və iflici, iştahanın qalması ilə yanaşı, şiddətlə artan arıqlama da qoşulur və nəhayət heyvan məhv olur.

Diaqnoz:  Diaqnoz beyin toxumalarının kliniki və patohistoloji (laborator) müayinələrinə əsasən qoyulur. Laboratoriyaya ölmüş və ya məcburi kəsilmiş heyvanların baş beyni göndərilir. Əsas müayinə üsulları histopotoloji, immunohistokimyəvi, immunoferment və biloji sınağın aparılmasıdır.

Müalicə: Laborator diaqnoz aparılır, xəstə heyvanlar utilizasiya edilir yaxud cəmdəklər zərərsizləşdirilir. Müalicə səmərə vermədiyindən aparılmır.

Profilaktika: Təsərrüfata qeyri-sağlam sürülərdən heyvanların gətirilməsinə yol verilməməli, müsbət diaqnoz zamanı qeyri- sağlam sürünün bütün heyvanları məhv edilməli, yaxud da məcburi kəsim edilməlidir (heyvanların əti insanlar üçün təhlükəli deyil). Kəsim yarımməhsullarının məhv edilməsi, ciddi dezinfeksiyanın aparılması, təsərrüfata uzun müddət heyvanların gətirilməsinə məhdudiyyətlər qoyulmalıdır. Skrepi üzrə laborator monitorinq aparılmalıdır (hər il 60-70 nümünə). Xəstəlik minimum 6 il qeydə alınmırsa, heyvan sürüsü skrepidən azad hesab olunur.

Təfriqi diaqnoz:  Təfriqi diaqnostika zamanı visna-medi, quduzluq, Auyeski xəstəliyi, listeriyoz, ektoparazitlərin mövcüdluğu ( qoturluq), boğazlıq toksemiyası, kimyəvi və bitki zəhərləri ilə zəhərlənmələr nəzərə alınmalıdır.  

Qeyd: Xəstəlik zamanı imunitet formalaşmır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.