Saqqo

Təkdırnaqlı heyvanların infeksion xəstəliyi olub yuxarı tənəffüs yollarının kataral-irinli iltihabı ilə, eləcə də çənəaltı və udlaqarası limfa düyünlərinin iltihabı ilə xarakterizə olunur. Saqqonun törədicisi Streptococcus equi–irin törədən hemolitik streptokoklara aiddir.  Saqqo ilə təkdırnaqlı heyvanlar və xüsusilə 6 aylıqdan 5 yaşa qədər atlar həssaslıq göstərir. Dayçalarda və nisbətən yaşlı atlarda xəstəlik nadir hallarda görünür.

Ilk simptomlar. Yoluxma alimentar və aerogen yolla baş verir. Heyvanların antisanitarita vəziyyətində saxlanması xəstəliyin sürətli yayılmasına səbəb olur. İnfeksiyanın giriş qapısı burun və udlağın selikli qişası hesab edilir. Saqqo ən çox orqanizmin ümumi rezistentliyi aşağı düşdükdə müşahidə edilir. İnkubasiya dövrü dəyişkən olmaqla 1 gündən 15 günə qədər davam edir. Gedişinə görə xəstəlik iti və yarım iti formada və patoloji prosesin inkişaf xüsusiyyətlərinə görə tipik və atipik formada özünü göstərir. Bundan əlavə, xəstəliyin genital forması da mövcuddur. Atipik forma isə abortiv və metastatik formaya bölünür. Xəstəliyin tipik forması zamanı temperaturun 40-410C-yə qədər yüksəlməsi, ümumi zəiflik, sonra isə udlaq və badamcıqların iltihabı nəticəsində udma aktının pozulması müşahidə edilir.

Digər simptomlar.  At suyu qəbul edən zaman çox vaxt burun dəliklərindən geri qayıdır. Udlaq nahiyəsinin palpasiyası zamanı orada yerli temperatur, çənəaltı limfa düyünlərinin böyüməsi hiss edilir. Qrip sürətlə yayılmaq qabiliyyətinə malik olmaqla limfa düyünlərində irinli proseslər olmur.

Diaqnoz. Əgər xəstəliyin kliniki əlamətləri əsasən tipik formada gedirsə, diaqnoz qoymaq çətin deyil. Əgər xəstəlik atipik formada gedirsə diaqnoz qoymaq çətindir. İrindən əldə edilmiş saqqo streptokokları mikroskopun görünüş sahəsində uzun zəncir şəklində görünür

Müalicə. Xəstə atlar ayrılaraq isti, işıqlı və təmiz havalı binalarda saxlanır və asan həzmə gedən yemlər verilir. Burun boşluğu 1:1000-də kaliumpermanqanat, 1:5000-də furasilin, 2%-li natrium hidrokarbonat və ya 1%-li lizol məhlulları ilə yuyulur. Antibiotiklər yüksək müalicəvi xassəyə malikdir. Bu məqsədlə hər kq canlı kütləyə 3-5 min TB penisillin əzələ arasına gündə 2 dəfə inyeksiya edilir. Bundan başqa sulfanilamid preparatları peros olaraq işlədilir və yaxşı nəticə verir.

Profilaktika. Təsərrüfata daxil olmuş sağlam atlar bir ay karantində saxlanılır və müayinə olunur. Atların yemlənmə və saxlanma şəraitinə ciddi şəkildə fikir verilməli və təsərrüfatlarda baytar-sanitariya tədbirləri yerinə yetirilməlidir. Təsərrüfatda xəstəlik müşahidə edildikdə məhdudlaşmalar qoyulur, xəstələr ayrılır və müalicə aparılır. Digər heyvanlar isə kliniki müayinədən keçirilir. Xəstəlik zamanı cari dezinfeksiya aparılır. Məhdudlaşmalar axırıncı xəstə atın sağalmasından 15 gün keçmiş və dezinfeksiya aparıldıqdan sonra götürülür.

Təfriqi diaqnoz.  Xəstəliyi manqodan, atların qripindən, irinli rinit və faringitdən təfriq etmək lazımdır. İmmunitet.

Qeyd. Saqqodan sağalmış atlar ömürlük immunitet qazanırlar. Bundan əlavə yaşlı atlarda xəstəliyə həssaslıq azalır ki, bu da immunlaşdırıcı subinfeksiyanın nəticəsi kimi qeyd edilir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.