Salmonellyoz

Kənd təsərrüfatı, xəzdərili heyvanların və insanın böyük qrup infeksion xəstəliyi olub, cavan heyvanlarda iti gedişli zaman isitmə, septisemiya, toksikoz və diareya ilə, yarımiti və xroniki gedişdə isə pnevmaniya, artiritlərlə, yaşlı dişilərdə balasalma, qida toksiko infeksiyaları ilə səciyyəvidir. Törədici enterobakteriyalar ailəsinə aid edilən insan və heyvanlarda patogen olan bakteriyalardır.

Ilk simptom. Salmonellyoz iti, yarımiti, xroniki və atipik gedişli olur. Yem və ya su ilə bağırsağa düşərək nazik bağırsaqda çoxalır, yoğun bağırsağa yayılır, solitar follikullara və peyer düyünlərinə, həmçinin mezentelial limfa düyünlərinə və oradan qana keçirlər. Inkubasiya dövrü törədicinin virulentliyindən, yoluxma yolundan və şəraitdən asılı olaraq 3-7 gün davam edə bilər. Bədən temperaturu 40-41,70C-yə yüksəlir, zəiflik, nəbzin tezləşməsi (dəqiqədə 100-160), tənəffüs səthiləşməsi və qarın tipli olması ilk əlamətlər hesab edilir. Temperaturun yüksəlməsindən 2 gün sonra diareya başlayır, kal duru, sarı və yaşıl rəngdə olur.

Digər simptomlar. Növbəti günlərdə temperatur aşağı enir, əzələlərdə titrəmə, qıcolma müşahidə olunur. Heyvan tədricən arıqlayır, zəifləyir, tük örtüyü parlaqlığını itirir, konyunktivit, rinit təzahür edir. Sidik ifraz etmə tezləşir, tənəffüs fasiləli olur, mədə-bağırsaq sistemində pozğunluq qeyd edilir. Bəzən kalda selik və qan nəzərə çarpır.

Diaqnoz. Epizootoloji, kliniki və patoloji-anatomik məlumatların təhlili, bakterioloji müayinələrin nəticələrinə əsasən qoyulur. Bakteriloji müayinədə parenximatoz orqanlardan (qaraciyər, öd kisəsi, limfa düyünləri, ürək, dalaq, ağciyər və s.) nümunələr, lülə sümüklər, atılmış dölətrafı qişalar və dölətrafı mayedən istifadə edilir. Heyvan diri olduqda isə qan və fekal nümunəsi müayinə edilir.

Müalicə. Xəstə heyvanlar təcrid olunur, dietik yemləmə və törədicinin orqanizmdə məhv edilməsinə və həzm funksiyasının, tənəffüsün bərpasına yönəldilmiş kompleks müalicə təşkil edilir. Müalicədə polivalent antitoksiki qan zərdabından istifadə olunur. Antibiotiklər sulfanilamid preparatlarla birgə istifadədə yaxşı nəticə verir. Xəstəlik keçirmiş heyvanlarda 8-9 aya qədər gərgin aktiv immunitet əmələ gəlir.

Profilaktika. Təsərrüfatlarda salmonellyoza görə diaqnoz qoyulduqda məhdudiyyət tətbiq edilir. Heyvanların damazlıq və əhaliyə satışı qadağan edilir. Xəstə və xəstəliyə şübhəli heyvanlarda müvafiq müayinələr – kliniki baxış, termometriya, qanın müayinəsi aparılır. Müalicə edilmiş heyvanlar 30 gün sonra peyvəndləməyə cəlb edilir. Salmonellyozla xəstə heyvanın əti və daxili orqanları bakteriolji müayinədən keçirilir. Ət  məhsulları baytarlıq sanitariya ekspertizası qaydalarına uyğun olaraq emal edilir. Qeyri-sağlam təsərrüfatlarda təmizlik, dezinfeksiya tədbirləri həyata keçirilir. Spesifik profilaktika üçün inaktivasiya edilmiş formolvaksinlərdən, attenuasiya edilmiş ştammlardan hazırlanmış diri vaksinlərdən istifadə edilir.

Təfriqi diaqnoz. Salmonellyozu eşerixioz, koranaviruslu diareya, adenoviruslu  plevroenterit, streptokokkoz, taun, dizenteriya, eymerioz, pnevmoniyalar, bruselyoz, xlamidioz, kampilobakterioz xəstəliklərindən laborator müayinələrin köməyi ilə təfriq etmək lazımdır.

Qeyd. Insanlar bu xəstəliyə qida məhsullarından, məişət və istehsalat şəraitində olan əşyalar, su vasitəsilə eləcə də gigiyena qaydalarına əməl etmədikdə yoluxurlar. Salmonellalar insanda qarın yatalağı və paratif xəstəliyinin törədiciləridir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.