Quzuların anaerob dizenteriyası (ağ ishal)

Yeni doğulmuş quzuların iti gedişli toksiko-infeksion xəstəliyi olub, hemorroji diareya, toksimiya və tələf olma ilə səciyyəvidir. Törədici Clostridium perfringensin B tipidir.

İlk simptom:  Xəstəliyə bir neçə saatdan 10 günlüyə qədər, daha çox 2-5 günlük yeni doğulmuş quzular yoluxurlar. İnkubasiya dövrü 5-6 saat, bəzən 2-3 gündür. Xəstəlik ildırımvari, iti, yarım iti və bəzən xronikidir. İldırımvari gedişdə kliniki nişanələr biruzə vermədən 2-4 saat müddətində quzular tələf olurlar. Digər formalarda isə quzuda süstlük, qaz qabarcıqlı diareya müşahidə olunur, sonralar fekal bərkiyir, tündləşir, çox vaxt qanla qarışıq olur. Bədən temperaturu 41-420C-yə qədər yüksələ bilir, tənəffüs və nəbz tezləşir.

Digər simptomlar:  Xəstə quzu donqar vəziyətdə durur, ətraf mühitə zəif reaksiya verir. Heyvan gücənir, bel fəqərələri bükülür, qarın çəkilmiş, yun pırpızlı olur. Arıqlama və heyvanın ölümü ilə nəticələnir. Bəzi hallarda sağalma müşahidə edilsə də, quzular boydan və inkişafdan qalırlar.

Diaqnoz: Epizootoloji, kliniki məlumatların, patoloji-anatomik dəyişikliklərin və laborator müayinələrin nəticələrinin təhlilinə əsaslanır.

Müalicə:  Müalicə yalnız xəstəliyin başlanğıcında səmərəlidir. Xəstəlik baş verən zaman quzular təcrid olunaraq quzuların anaerob dizenteriyası və qoyunların infeksion enterotoksimiyasına qarşı antitoksiki qan zərdabı ilə müalicə edilirlər. Antibiotiklərin  tətbiqi yüksək səmərə verir.

Profilaktika: Boğaz qoyunlar boğazlığın son günlərində tam keyfiyyətli yemlərlə təmin edilməli, sanitar-gigiyena qaydalarına ciddi əməl edilməli, heyvanlara qulluq əşyaları təmizlənməli və davamlı dezinfeksiya işləri aparılmalıdır.

Təfriqi diaqnoz: Salmonellyoz, eşerixoz, koksidiozdan təfriq edilməlidir.

Qeyd: Boğaz qoyunlarda doğuma 1,5-2 ay qalmış profilaktiki peyvəndləmə aparılmalıdır. Quzular 6 aylıq yaşa çatdıqda onlar yaşlı qoyunlar üçün nəzərdə tutulmuş dozlarda 2 dəfə revaksinasiya edilməlidir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.