Quşların streptokokkozu

Əsasən toyuqlar dəstəsinin septiki və yerli xarakterli iti, yarımiti və xroniki keçən infeksion xəstəliyidir. Bura yaşlı quşların streptokokklu septisemiya, cavanların streptokokkozu, həmçinin yerli streptokokk infeksiyaları daxildir. Xəstəliyi qram mənfi mikrokokklar əmələ gətirir. Quşlarda onlar St.gallinarum bəzən də St.yecalis-dir. Əsas yoluxma alimentar yolla və kontaktla baş verir.                  

İlk simptomlar: Yaşlı toyuqların streptokokk septisemiyasında inkubasiya dövrü 2-8 gündür. Xəstəlik çox iti, iti və xroniki keçir. İti formada xəstə quşlarda süstlük, pipiyin göyərməsi, bəzən əsmə və qanadların paralici müşahidə olunur.Toyuqlarda xəstəlik depressiya kimi təzahür edir, tükləri pırpızlaşır, göz qapaqları eksudatla bağlanır, quşlar ölgünləşir. Bəzi hallarda quşların başında, ayaqlarında qıcolma əlaməti, pipiyin quruması müşahidə olunur. Bağırsaq və respirator pozğunluğu da baş verə bilər.

Digər simptomlar: Xəstəliyin xroniki halında hərəkət edərkən ayaqları sürümə, dairəvi hərəkət, çənəarası boşluğun şişməsi müşahidə olunur. Ayağın altının srteptokokk pododermatiti kliniki olaraq axsama, onun şişməsi və ağrıması, dərinin nekrozu əlamətlərin biruzə verir. Yumurta məhsulu azalır, arıqlama başlayır.

Diaqnoz: Diaqnoz klinikiəlamətlərə və patoloji-anatomik nişanələrə,törədicinin qan və parenximatoz orqanlardan ayrılması yolu ilə, bakterioloji müayinələrin nəticələrinə əsasən müəyyən edilir.

Müalicə: Müalicə üçün nitrofuran preparatları və antibiotik tətbiq edilir.

Profilaktika: Profilaktika quşların rezissentliyinin yüksəlməsinə əsaslanır. İnkubasiya olunan yumurtanın qabığı təmiz 5 günlükdə çox qalmamalıdır. Xəstəliyə davamlıq A vitaminin orqanizmdə lazımi miqdarda olmasıdır. Streptokokkozun və eləcə də şərti patogen mikrobların törətdiyi infeksiyaların profilaktikası  üçün effektli qarışıq aşağıda verilir: tetrasiklin-0,25 qr, B12 vitamini 0,25 mqr, D vitamini 400 min, Y, E, balıq unu 30 qr, ət sümük unu- 30 qr, kalsium karbonat- 100qr. Qarışığı quşlara gündə 2 dəfə 1 kq diri çəkiyə 2 qr hesabı ilə yemlə 5-6 gün verilir.

Təfriqi diaqnoz: Toyuqların streptokokkozlu septisemiyasını pasterellyozdan, pulloroz-tifdən, spiroxetozdan, stafilokokkozdan, qeyri-infeksion mənşəli sarılıq peritonitindən təfriq etmək lazımdır.

Qeyd: Streptokokkoz baş verən quşçuluq sexindən yumurtanın inkubasiya üçün istifadə olunması və quşların çıxarılması, gətirilməsi qadağan olunur.