Quşların stafilokokkozu

Xəstəliyin adı: Quşların stafilokokkozu (quşların mikrokokkozu, osteoartrit, stafilakokk sinoviti, cücələrin vezikulyar dermatiti ). Quşların septisemiya, toksemiya və dermatitlə səciyyələnən yoluxucu xəstəliyidir. Törədici St.pyogenes aureus, St. Pyogenes albus yaxud St. Pyogenes citreusdur.

İlk simptomlar: Xəstəlik iti, yarımiti və xroniki formada gedir. Əsas etibarilə körpə cücələrdə iti formada gedib, septisemiya və toksemiya əlamətləri ilə müşahidə olunur və ölümlə nəticələnir. Septiki forma yaşlı quşlarda depresiya, diareya, bəzən qanla qarışıq baş verir. Xəstəliyin yarım iti və xroniki formaları ətraf oynaqların iltihabı, dəridə nekrotik yaralar, respirator formada isə baş nahiyəsində toxumanın iltihabı əlamətləri ilə müşahidə olunur.

Digər simptomlar: Broyler cücələrdə əlamətlər 20-ci gündən sonra biruzə verir. Stafilokokkoz zamanı tenosinovitdə ayaq darağının sümükləri arasında oynağın üstü şişir. Stafilokokkozun respirator formasında iştahasızlıq, süstlük, yuxululuq müşahidə edilir. Kliniki baxış zamanı baş, saqqal, çənəarası, gözaltı sinusların və boynun yuxarı hissəsinin şişməsi və zökəm əlamətləri müşahidə olunur.

Diaqnoz: Kliniki əlamətlərə, patoloji-anatomik dəyişiklərə və laborator müayinələrinin nəticələrinə əsasən diaqnoz qoyulur. Qandan, parenximatoz orqanlardan, sümük iliyindən, oynaqlardan törədicinin ayrılmasının aparılması diaqnozda vacibdir.

Müalicə: Xəstəlik baş verən sexdən xəstə quşlar çıxdaş edilərək sex dezinfeksiya olunur. Şübhəli yemləri rasiondan çıxaraq patogen stafilokokk mikrobuna görə analiz edilir. Digər quşlar keyfiyyətli və vitaminlərlə zəngin yemlə yemləndirilir. Dərman preparatlarının müalicə məqsədilə tətbiqi mikrobun həmin preparatlara həssaslığını nəzərə alınmalıdır. Dərman preparatlarının effektivliliyi quşların müqavimətinin yüksəlməsi səbəb olur.  Ona görə müalicə zamanı vitaminlər ikiqat normada vermək lazımdır.

Profilaktika: Sexdə yüksək dispersli preparatlarla: süd turşusu, rezorsin, trietilenqlikol və bianolla aerozol dezinfeksiya edilir. Boş sexlər, inkubatorlar, yumurta taralar, yardımcı sexlər 40%-liformalinlə, aerozol dezinfeksiya edilir. Formalin 1 m3 -ə 10-15 ml, sexin temperaturu 150C-dən aşağı olmamaqla 65-100% nəmlikdə tətbiq edilir. Qeyri-sağlam təsərrüfatlarda anatoksin tətbiq edilir. Quşlara dərmanı 10-20 gündə əzələ daxili yaxud aerozol üsulu ilə iki dəfə 7 gündən bir verilir. İmmunitet 7 gündən sonra əmələ gəlir və 2 ay davam edir. Polistam bakteriofaq aerozol üsulu ilə 3 dəfə 5 gündən bir 1 m3-ə 2 ml hesabı ilə tətbiq edilir.                                           

Təfriqi diaqnoz: Stafilokokkozu pasterellyozdan, kolibakteriozdan, streptokokkozdan, mikoplazmoz və hemofilyozdan təfriq etmək lazımdır.

Qeyd: Çöl və sinantrop quşların xəstəliyin dövriyyəsində rolunu nəzərə alaraq onların yem anbarına, quş binalarına daxil olmasına yol verilməməlidir.