Quşların salmonellyozu

S.typhimurium törədici tərəfindən törədilən quçların yoluxucu xəstəliyi olub, bütün növ ev və vəhşi quşlar arasında geniş yayılmışdır. Xəstəliyə heyvan və insanlar da həssasdırlar. Xəstəlik törədicisinin mənbəyi yoluxmuş vəhşi və ev quşları, xəstə və xəstəlik keçirmiş heyvanlar, salmonella daşıyıcı gəmiricilər, həmçinin insanlardır.

İlk simptomlar: İnkubasiya dövrü alimentar yoluxmada 24-36 saat, aerogen yolla yoluxmada isə 12-24 saatdır. Xəstəliyə daha çox qaz və hinduşqalar həssasdırlar. Çox zaman əlamət görünmədən onlar 12-24 saat müddətində tələf olurlar. Digər quşlarda ilk kliniki nişanələr- süstlük, əzələ zəifliyi, iştahanın azalması, yuxululuqdur.

Digər simptomlar: Tədricən bu nişanələr artaraq gözdən yaş axması, serrozlu-selikli konyunktivit, burundan selik axması, xışıltı, tənəffüsün çətinləşməsi, çinədanın atoniyası, ishal, intoksikasiya nəticəsində hərəkətin koordinasiyasının pozulması və depresiya halları müşahidə olunur. Vaxtında müalicə aparılmadıqda quşlar tələf olur, yaşlı qauşlarda xəstəlik əlamətsiz keçir.

Diaqnoz: Diaqnozun qoyulmasında epizootoloji məlumatlar, kliniki əlamətlər və laborator müayinələr nəzərə alınmaqla bakterioloji və seroloji müayinələrin nəticələrindən istifadə olunur.

Müalicə: Müalicədə nitrofuran qruppasından Furagin, Furazalidol və s., antibiotiklərdən – tetrasiklin, ampisilin, kanamisin, monomisin, gentamisin və s., xinolon qruppasından baytril, enrofloksasin, enrolen, enroflon və s. istifadə olunur.

Profilaktika: Xəstə və xəstəliyə şübhəli quşlar məhv edilir, digər quşlar müxtəlif preparatlarla müalicə edilir. Sexlər, inkubatorlar, digər otaqlar mütəmadi olaraq dezinfeksiya (formaldehid, xlorlu əhəngin durudulmuş məhlulu və s.) edilir.      

Təfriqi diaqnoz: Kolibakterioz, nyukasl xəstəliyi, koksidioz, aspergillyoz, spiroxetoz, pasterellyoz, viruslu hepatit və digər xəstəliklərdən təfriq edilməlidir.

Qeyd: Qeyri-sağlam təsərrüfatda bütün toyuqların yumurta verdiyi dövrdən başlayaraq 2 dəfə 2 həftə fasilə ilə seroloji reaksiya ilə yoxlanılması mənfi nəticə alındıqdan sonra isə məhdudiyyətlərin götürülməsinə icazə verilməlidir.