Quşların reovirus infeksiyası

Broyler cücələrin hepatit, hidroperikardid, assit, nefroz və fabrisus kisəsinin atrofiyası əlamətləri ilə qəfildən ölümə səbəb olan infeksiyadır. Xəstəlik yaşlı toyuqlar və hind quşları üçün daha səciyyəvi olub xroniki gedişli olur. Quşların reovirusları ortoreoviruslar cinsinə aiddir. Reoviruslar patogen və qeyri-patogen olmaqla geniş yayılmışdır. Patogenlər içərisində əsasən antigen xüsusiyyətlərinə görə fərqlənən  ətlik toyuqlar arasında S1133, 1733, 2408, ERS ştammları geniş yayılmışdır. Viruslar ağız və kal vasitəsilə quşlar arasında yayılır. Yumurta ilə yoluxma da mümkündür. Törədici Reoviridae ailəsinə mənsub, tərkibində RNT olan virusdur. Virusun artritli gedişi daha çox toyuqlar və hind quşları arasında müşahidə edilir.

İlk simptomlar: Xəstəliyin kliniki nişanələri cücələrin yaşından asılı olaraq dəyişir. Körpə cücələrdə axsama müşahidə edilir, tələfat 10%-ə qədər təşkil edir. Xəstəliyin başlanğıcında bir və ya hər iki çanaq ətrafının barmaq falanqları bükücülərinin, vətər yataqlarının bud-ayaq darağı oynağının vətərlərinin nəzərəçarpan şişməsi müşahidə edilir.  Vətər yataqlarının iti iltihabı 2-3 həftə müddətində xroniki formaya keçir.

Digər simptomlar: Xəstə cücələr çətinliklə hərəkət edir, yemdən, sudan imtina edir, nəticədə arıqlayaraq tələf olurlar. Yaşlı quşlarda xəstəlik kliniki əlamətsiz, gizli keçir. Damazlıq təsərrüfatlarda xoruzlarda oynaqların xəstələnməsi, onların cinsi fəallıqlarını zəiflədir və mayalanmış yumurtaların miqdarı azalır. Bəzən xəstə quşlarda əzələ vətəri qırılır. Bu ikitərəfli olduqda quşlar tamamilə hərəkətsiz qalırlar.

Diaqnoz: Xəstəliyin diaqnozu epizootoloji məlumata, kliniki nişanələrə, patoloji-anatomik dəyişikliklərə və laboratoriya müayinələrinin nəticələrinə – törədicinin ayrılması, biosınaq qoyulması və elektron mikroskopun, immunofluorosensiya, seroloji üsulların köməyi ilə identifikasiya əsasında qoyulur.

Müalicə: Xüsusi müalicə sxemi tətbiq edilmir. Xəstəlikdə əsas amil cücələrin vaksinasiyasıdır.

Profilaktika: Spesifik profilaktikada diri və inaktivləşmiş vaksinlərdən istifadə edilir. Vaksinasiyada “Nobilis Reo 1133” diri vaksin birdəfəlik qəbuldan sonra 14 gün müddətinə yaranmış immunitet quşun həyatının sonuna qədər kifayət edir. Bundan başqa  “Nobilis Reo inac” vaksini 2 ştammı: 1733 və 2408 özündə birləşdirərək 21 gün müddətinə immunitet formalaşır və daha effektli vaksindir. Sutkalıq cücələrə dərialtına attenuasiya olunmuş ştammın vurulması səmərəlidir. Passiv immuniteti olan və olmayan cücələrdə gərgin immunitet 77 həftəyə qədər davam edir. Təsərrüfatlarda xəstəliyin qarşısının alınması üçün baytarlıq-sanitariya qaydalarına, istehsalat binaları arasında məsafə prinsiplərinə, mexaniki təmizlik, keyfiyyətli dezinfeksiya tədbirlərinin aparılmasına ciddi riayət edilməlidir.

Təfriqi diaqnoz: Xəstəlik  mikoplazmoz, infeksion bronxitdən, kolibakteriozdan, aspergillyozdan təfriq edilməlidir.

Qeyd: Bəzi ölkələrdə quşları peyvənd etmək üçün 3-valentli-reovirus, Qambora və Nyukasl xəstəliklərinə qarşı vaksindən istifadə edilir ki, bu zaman hər 3 xəstəliyə qarşı gərgin immunitet yaranır.

Müəllif: Aygün Əzizova