Quşların qripi

Quşların qripi – Müxtəlif növ quşların yüksək kontagioz virus xəstəliyi olmaqla respirator orqanların və mədə-bağırsaq traktının zədələnmələri ilə səciyyələnir. Xəstəliyin törədicisi RNT tərkibli virus Opihomyxoviridae fəsiləsinin A tipinə aiddir.   

İlk simptomlar: Virus tənəffüs yollarının selikli qişasına düşdükdən sonra o, fəal sürətdə çoxalmağa başlayır və qan-damar sisteminə keçir. Bu 4-12 saat ərzində baş verir. Xəstəliyin inkişafında 4 faza qeyd edilir. Təbii yoluxma zamanı inkubasiya dövrünün müddəti 3-5 gündür.
Quşlar yemdən imtina edir, onların lələkləri pırpızlaşır, yumurtlama azalır, başları düşür, gözləri örtülür, görünən selikli qişalar hiperemiyalı və şişkin olur, bir çox hallarda yüngülcə açılmış dimdikdən yapışqan selikli ekssudat axır, burun dəlikləri də həmçinin iltihabi ekssudatla yapışmış vəziyyətdə olur. Bəzi toyuqlarda durğunluq və intoksikasiya nəticəsində sırğaların üz tərəfinin şişkinliyi müşahidə edilir. Pipik və saqqal tünd-bənövşəyi rəngdə boyanır. Tənəffüs xırıltı, tezləşmiş, iti mərhələdə bədən temperaturu 44°C-yə qədər yüksəlir, ölümdən qabaq isə 30°C-yə enir. Qripin yüksək patogen virusları ilə törədilən xəstəlik bir qayda olaraq quşların 100% tələfatına səbəb olur.          
Digər simptomlar: Yarımiti və xroniki gedişləri 10-25 gün davam edir, xəstə quşlarda respirator nişanələrlə yanaşı diareya baş verir, kal durulaşır və tünd yaşıl rəngə boyanır. Bu nişanələrdən başqa ataksiya, nekrozlar, qıcolmalar, dairəvi hərəkət, boyun və qanad əzələlərinin qıcolmaları da müşahidə olunur. Zəif patogen ştammlarla yoluxma zamanı həmçinin xəstəliyin yüngül gedişli olması və aydın nəzərə çarpmayan kliniki nişanəsiz keçməsi müşahidə edilmişdir.
Ördək və qazlarda xəstəliyin heç bir kliniki əlaməti olmayan, lakin kütləvi ölümlə nəticələnən halları daha çox müşahidə olunur.        

Diaqnoz: Qripin epizootoloji xüsusiyyətlərinə və patoloji-anatomiki dəyişikliklərinə əsasən yalnız ilkin diaqnoz qoymaq olar.   Son diaqnoz təzə ölmüş və ya aqonal vəziyyətdə öldürülmüş quşlardan götürülmüş patoloji materialın virusoloji müayinəsi, virusun ayrılması və tipizasiyasına əsasən qoyulur. Müayinə üçün patmaterial diri, kliniki xəstə və yeni ölmüş quşlardan götürülə bilər. Diri quşlardan kloaka və traxeya möhtəviyyatı və ya fekali, həmçinin qan, ölmüş quşlardan isə həzm sistemi toxumaları (mədəaltı vəzi, bağırsaq, kor bağırsağın genişlənmiş hissəsindəki limfoid toxuma yığıntıları) və tənəffüs yolları toxumaları (traxeya və ağciyər) götürülməlidir.

Müalicə: Müalicəsi. Xəstə quşların müalicəsi işlənib hazırlanmamışdır və virusun yayılma təhlükəsi baxımından məqsədyönlü deyildir.           
Profilaktika: Quşların yüksək patogen qripinin profilaktikası zamanı epizootoloji baxımdan təhlükəsiz olan inaktivasiya edilmiş maye və quru vaksinlər istifadə edilir. Təsərrüfatda diaqnoz müəyyən edildikdən sonra karantin qoyulur. Qeyri-sağlam quşxanada xəstə və xəstəliyə şübhəli quşlar çıxdaş olunur, qansız üsulla öldürülür və utilizasiya edilir. Şərti sağlamları kəsim edilir. Binalarda əsaslı dezinfeksiya aparılır. Quş qripi virusunun yüksək patogen variantları ilə baş vermiş quşların qripinə görə qeyri-sağlam təsərrüfatdan karantin orada mövcud olan bütün quşların öldürülməsindən və son dezinfeksiya aparıldıqdan sonra götürülür.

Təfriqi diaqnoz: Quşların qripini Nyukasl xəs­təliyindən, respirator formasını- infeksion bronxitdən, miko­plazmozdan, larinqotraxeitdən və quşların digər respirator xəs­təliklərindən təfriq etmək vacibdir.

Qeyd: Qriplə xəstələndikdən sonra quş 6 aya qədər davam edən qeyri-steril immunitet qazanır.