Quşların pasterellyozu

İnfeksion xəstəlik olmaqla septisemiya əlamətləri ilə, iti və yarımiti yaxud xroniki formalarda keçir. İti forma tələfata, yarımiti və xroniki formalar isə quşların çıxdaş olmasına və məhsuldarlığın azalmasına səbəb olur. Törədici Pasterella multocida qram mənfi, hərəkətsiz bakteriyalardır. Xəstəlik ördəklərdə, qazlarda, sesarkalarda və s. quşlarda iti formada keçir. Yoluxma aerogen və alimentar yolla, adətən, zəif, stressə məruz qalmış və rasionda vitamin çatışmadıqda baş verir.     

İlk simptomlar: İnkubasiya dövrü 2-4 gündür. İti formada ümumi zəiflik, iştahanın olmaması, diareya, pipik və saqqalın göyərməsi, xırıltı, burundan selik axması müşahidə olunur. Tənəffüs çətinləşir və tezləşir. Quş 18-72 saata tələf olur. Yarımiti gediş 5-7 gün davam edir, müalicə aparılmadıqda quş tələf olur.

Digər simptomlar: Xroniki formada saqqalda, çənəarası boşluqda, infraorbital sinuslarda, oynaqlarda iltihab baş verir. Sepsisə xas əlamətlər müşahidə olunur. Quşlarda həzm sistemində, parenximatoz orqan ağciyər və qaraciyərdə iltihabi proses baş verir. Quş arıqlayır və tələf olur.

Diaqnoz: Kliniki əlamətlərə, patoloji-anatomik dəyişiklərə və laborator müayinələrinin nəticələrinə əsasən diaqnoz qoyulur. Son diaqnoz parenximatoz orqanlardan pasterella kulturasını almaqla və identifikasiyası, virulentliyinin bioloji sınaqla təyin olunmasından ibarətdir.

Müalicə: Pasterellyozun müalicəsində Ariseril (tərkibi: oksitetrasiklin, eritromesitin, kolistin, streptomesin), 10%-li Daflor (tərkibi 10%-li florfenekol) + Mentoheksin (bromektin və mentol); ESB3 (sulfaklozin 30%-li) + Mentoheksin; Eritrosin 20% (eritromisin), Neomisin 20%, 100%-li  Tilarin (tilazin ) antibiotiklərindən istifadə məqsədəuyğun olub, yüksək səmərə göstərir.

Profilaktika: Xüsusi profilaktikada 60 günlük cücələrin pasterellyoz əleyhi vaksinasiya olunması fərdi təsərrüfatlarda kütləvi tələfatın qarşısını alır. Təsərrüfatda xəstəlik baş vermişsə məhdudlaşdırıcı tədbirlər aparılır, quşlar məhv edilir, dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirləri aparılır.

Təfriqi diaqnoz: Quşlarda pasterellyozu müəyyən edərkən onu nyukasl xəstəliyindən, spiroxetozdan, kolibakteriozdan, pulloroz tifdən, stafilokokkozdan və streptokokkozdan təfriq etmək lazımdır.

Qeyd: Xəstəliyi keçirmiş və sağalmış quşlar pasterella daşıyıcı olduqları üçün kəsimə göndərilməlidir.