Quşların infeksion bronxiti

Bütün yaşda olan quşların yüksək kontagiozlu, tənəffüs orqanlarının fəaliyyətinin pozulması, yumurtlayan toyuqlarda reproduktiv orqanların zədələnməsi ilə səciyyələnən virus xəstəliyidir. Törədici koronavirus ailəsindən olan RNT-li virusdur, 30-a qədər serotipləri mövcuddur. Yoluxma aerogen və transvarial yolla baş verir. Xəstələnib sağalmış quşlar 50-100 günə kimi virus daşıyıcısı ola bilər.  30 günə qədər olan cücələr və yumurtlamaya başlayan cavanlar xəstəliyə daha həssasdırlar.

İlk simptomlar: İnkubasiya müddəti 1-10 gün davam edir. Xəstəlik iti gedişlidir (1-3 həftə davam edir). Xəstə quşlarda süstlük, iştahanın birdən kəsilməsi, təngnəfəslik, xırıltı öskürək, asqırıq, serozlu konyunktivit, rinit əlamətləri müşahidə edilir. Cücələr boydan və inkişafdan geri qalırlar. Infeksion bronxit virusu toyuqların tənasül orqanlarını da zədələyir.

Digər simptomlar: İki həftəlik quşlarda yumurtalığın və yumurta yolunun inkişafdan qalması əlamətləri təzahür edir. Yaşlı quşlar yoluxan zaman yumurta vermə 15-50% -ə düşür, yumurta isə deformasiyaya uğrayır.      Quşlarda  traxeyada şişkinlik, burun və baş nahiyəsinin kataral-hemorroloji iltihabı, kataral pnevmaniya, peribronxit, aerosakkulit müaşhidə edilir. Bronxların buferkasiyasında selikli tıxaclar, yaşlı quşlarda yumurtalıq follikullarının atrofiyası, salpingit, nefrozo-nefrit kimi patoloji prosesə səbəb olur.  

Diaqnoz: Epizootoloji məlumatlar, patomorfoloji dəyişikliklər nəzərə alınmalıdır. İnfeksion bronxitin diaqnozunda törədicinin ayrılması və onun yetişdirilməsi, presipitasiya reaksiyası zamanı spesifik antigenə qarşı qanda antitellərin miqdarının yüksəlməsi vacib məsələdir.                        

Müalicə: Xəstəlik zamanı tələfat daha çox cavan quşları və cücələri sirayət edir. Yaşlı quşların kəsim edilməsi tövsiyə edilir. Təsərrüfatda dezinfeksiya tədbirləri aparılır. Şərti sağlam quşlar yeyinti yumurtaları almaq üçün istifadə edildikdən sonra kəsim edilir.Zəif kliniki əlamətlərlə müşahidə edilən quşlara Mentoreef plus Bromqeksin 2% Mentol 4% preparatı müalicədə yüksək effektivlik göstərir.

Profilaktika: Spesifik profilaktikanın əsasını inaktivasiya edilmiş və diri vaksinlərin tətbiqi təşkil edir. Vaksinin tətbiq sxemi xəstəliyin intensivliyindən asılıdır. Hazırda “HİPRA” vaksinindən istifadə olunur.

Təfriqi diaqnoz: Infeksion laringotraxeit, nyukasl xəstəliyi, çiçək, qrip, infeksion bursal xəstəliyi, respirator mikoplazmoz, hemofilyoz təfriq edilməlidir.

Qeyd: Xəstəlik keçirmiş quş xəstəlik törədən ştamma qarşı davamlı olur. Immunitetin müddəti 5-6 aydır.

Müəllif: Əzizova Aygün

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.