Quşların çiçəyi

Virus xəstəliyi olmaqla əsasən quşların baş nahiyyəsində, pipikdə, saqqalda, dimdiyin ətraıfnda spesifik, ağız boşluğunun selik qişasında isə difterik fibrinli yaralar əmələ gətirir. Çiçəyə toyuqlar, hinduşkalar, göyərçinlər, firəng toyuqları, qırqovullar, sərçə dəstələtindən olan quşlar həssasdırlar. Suda üzən quşlar xəstəliyə davamlıdır.

İlk simptomlar: Xəstəliyin inkubaisya dövrü 4-7 gün davam edir, immuniteti olmayan quşlar xəstəliyə çox həssasdırlar. Virusun girş qapısı, adətən baş nahiyyəsində selik qişası və başın tük örtüyü olmayan sahəsidir.Virus orqanizmə düşdükdən sonra qanda çoxalır və epiteli toxumalarında qalır. Quş sağaldıqdan sonra uzun müddət həftələrlə virusdaşıyıcı olurlar.  Xəstəlik adətən yarım iti, bəzən xroniki, nadir halda isə iti formada keçir. Çiçəyin dəri, difteroid və qarışıq formaları vardır. Bəzən çiçək əsas etibarı ilə daxili orqanları zədələyən  gizli formada keçir. Çiçəyin dəri və qarışıq formalarında adətən yoluxmadan 4-5 gün sonra toyuqlarda dəridə, dimdiyin əsasında, göz qapağında, pipikdə və saqqalda əvvəlcə açıq sarı, sonra qırmızımtıl ləkələr əmələ gəlir. Ləkələr tədricən bir-birilə birləşərək diametri 0,5 sm-ə çatan ziyilvari epiteliomalara çevrilirlər. Bir neçə gündən sonra onların səthi girintili-çıxıntılı olmaqla rəngləri tünd qəhvəyi olur.

Digər simptomlar: Çiçək yaraları 7-14 günə formalaşır. Onların əsasında iltihab prosesi inkişaf edir və  qan sağıntıları əmələ gəlir. Çiçək düyünləri qərtməklə örtülür və mürəkkəbləşməyəndə 7-10 günə düşərək yerində iz qalmır. Qərtməyi qoparanda onun altında qranulyasiya edən səthin üzərində serozlu-irinli ekssudantın toplanması müşahidə olunur. Toyuqlarda ilk çiçək səpgilərdən sonra yoluxmanın 17-19-cu günlərində dərinin sahələrində, çox vaxt tüksüz nahiyələrdən başqa ayaqlarda, qanadlarda və kloaka ətrafında ikinci çiçək səpgiləri əmələ gəlir.

Diaqnoz: Xəstəliyə diaqnozepizootoloji məlumatlara, kliniki nişanələrə, patoloji-anatomik dəyişikliklərə və laboratoriya müayinələrinin (virusoskopiya, diffuz presipitasiya reaksiyası, lyuminesent mikroskopiya, toyuq embrionu, toxuma kulturası və cücələrin yoluxdurması) nəticələrinə əsasən qoyulur.

Müalicə: Simptomatik müalicə vasitələri tətbiq olunur. Müxtəlif yaxıntılar (sink, bor, salisil və s.), antibiotik emulsiyaları istifadə olunur. İkinci mikroflora tərəfindən mürəkkəbləşmələrin baş verməməsi üçün geniş təsirə malik olan antibiotiklərdən də istifadə edilir.

Profilaktika: Xüsusi profilaktikada «AVİVAK-OSPА» ştamm «К»-dan istifadə olunur.Çiçəyə görə qeyri-sağlam olan təsərrüfatlarda epizootiki vəziyyətdən asılı olaraq profilaktiki məqsədlə quşların hamısı peyvənd olunmalıdır. Vaksinasiya kliniki sağlam 2 aydan yuxarı yaşda olan quşlara tətbiq edilir. 5-8 gün müddətində ineksiya yerində reaksiya (çiçək yaraları) yaranır və 28-30 gün davam edərək itir. Xəstəlik baş vermiş təsərrüfatlar qeyri-sağlam elan olunur və karantin qoyulur. Quş və quş məhsullarının, yemin, əşyaların və s. çıxarılması, təsərrüfata quşun gətirilməsi qadağan edilir. Xəstə və zəif quşlar seçilərək kəsilir, kliniki sağlam quşlar peyvənd olunur. Qeyri-sağlam təsərrüfatlarda müntəzəm olaraq mexaniki təmizlik, dezinfeksiya və dezinseksiya aparılır. Karantin təsərrüfatdan  xəstəlik ləğv edildikdən 2 ay sonra götürülür.

Təfriqi diaqnoz:  Çiçək diaqnozunu müəyyən edərkən onu Avitaminozdan, hemofilyozdan, vəbadan, aspergilyozdan, kandidamikozdan, respirator mikoplazmozdan, infeksion bronxitdən, infeksion laninqotraxeitdən və çiçəyin atipik formasına bənzər yoluxucu xəstəliklərdən təfriq etmək lazımdır. Bu məqsədlə epizootoloji  məlumatlar, xəstəliyin kliniki nişanələri, patoloji-anatomiki dəyişiklikləri laborator müayinələri zamanı nəzərə alınmalıdır.

Qeyd: Xəstəliyi keçirmiş yaşlı quşlarda 2-3 ilə qədər immunitet olur. Quş çiçəyi ilə yoluxmuş cavanlarda immunitet 16 aydan çox davam edir.

Müəllif: Aygün Əzizova