Quduzluq

Quduzluq – ağır gedişli infeksion xəstəlik olub, poliensefalomielit (mərkəzi sinir sisteminin ağız zədələnməsi) və polinefrit simptomlar kompleksi ilə səciyyələnir. Xəstəliyin törədicisi RNT-li virus olub, rabdoviruslar ailəsinin lissaviruslar cinsinə mənsubdur. Xəstəlik bütün növ istiqanlı heyvanlar və insanlar üçün təhlükəlidir. Quduzluğa xüsusilə tülkü, canavar, çaqqal, pişik və bir çox növ gəmiricilər daha yüksək həssaslıq göstərirlər. It, qaramal, donuz və at isə nisbətən az həssasdırlar. Quduzluq virusunun rezervuarı ətyeyən vəhşi heyvanlar və itlər, ancaq dünyanın bir çox regionlarında isə yarasalar hesab edilir. Sahibsiz it və pişiklər infeksiya törədicisinin mənbəyi olaraq, şəhər tipli epizootiyaların, vəhşi ətyeyən heyvanlar isə təbiət epizootiyasının baş verməsində mühüm rol oynayır.

Ilk simptomlar. Xəstəlik törədicisinin mənbəyi xəstə heyvanlardır ki, onlar virusu ağız suyu vasitəsilə xaricə ifraz edərək, virusu sağlam və həssas fərdlərə əsasən dişləmə vasitəsilə ötürürlər. Quduzluq virusunun ağız suyu vasitəsilə ifraz olunması, xəstəliyin ilk kliniki simptomlarından sonra qeydə alınır. Quduzluq virusu bir müddət daxil olduğu yerdə (giriş qapısı) saxlanılır, sinir toxuması hüceyrələrində fiksasiya olunur. Sonra virus, sinir yolu vasitəsilə, onurğa beyin və baş beyinə sirayət edir. Quduzluq zamanı inkubasiya mərhələsi bir neçə gündən bir neçə ayadək davam edir. Bu dövr adətən 3-6 həftə çəkir. Quduzluq üçün xarakterik xüsusiyyət onun iti gedişli olmasıdır. Kliniki əlamətlər müxtəlif növ heyvanlarda eynidir. İBH-da coşqun və sakit formada keçir. Coşqun formada oyanma, ilə başlayır. Heyvan yatıb durur, ayaqlarını yerə döyür, divara hücum çəkir, buynuzları ilə vurub dağıtmaq istəyir.

Digər simptomlar. Heyvanlarda tərləmə, ağızdan selik axəntısı, tez-tez sidik və nəcis ifraz etmə reaksiyası, cinsi oyanma, udlaq əzələsində iflic baş verir, udquna bilmir, 3-6 gün sonar tələf olur. Sakit formada coşqunluq zəif hiss olunur, gövşəmə dayanır, qırtlaqda, udlaqda, dal və ön ətraflarda iflic müşahidə olunur. Ölüm 2-4-cü gün baş verir.

Diaqnoz. Quduzluğa diaqnoz qoymaq üçün xəstəliyin epizootoloji xüsusiyyətləri və kliniki əlamətləri nəzərə alınır, dəqiq diaqnoz laboratoriya müayinələri və serorloji reaksiayalardan istifadə etməklə qoyulur. Laboratoriya müayinələri aparmaq məqsədilə, xırda heyvanların cəsədi bütöv halda, iri heyvanların isə başı və ya baş beyin götürülərək, ümumi qəbul edilmiş qayda üzrə laboratoriyaya göndərilir. Laboratoriya müayinələri patoloji materialdan hazırlanmış yaxmaların mikroskopiyası, Babeş-Neqri cismciklərinin tapılması, ağ siçanlar, ada dovşanları və ya pişiklərdə Bioloji sınağın qoyulması əsasında həyata keçirilir. Xəstəliyin spesifik diaqnostikası üçün immunolyminessent mikroskopiya, Aqar gelində diffuz Presipitasiya Reaksiyası (ADPR), Neftrallaşma Reaksiyası (NR), KBR və eləcədə ekspress-diaqnostika məqsədilə immunoferment analizdən (İFA) istifadə vacib sayılır. Yekun diaqnoz laboratoriya müayinələrinin əsasında həyata keçirilərək, dəqiqləşdirilir.

Müaliсə. Effektli terapiya vasitəsi yoxdur. Quduzluğa tutulmuş heyvanlar bir qayda olaraq öldürülür və mövcud Baytarlıq Qanunu əsasında zərərsizləşdirilir. Profilaktika. Praktikada heyvanların spesifik profilaktika və məcburi peyvəndi məqsədilə, antirabik, Şelkovo-51 ştammından hazırlanmış inaktivləşdirilmiş kultural vaksin işlədilir. Bu vaksin xüsusilə vəhşi ətyeyən heyvanların peroral immunizasiyası üçün məqsədəuyğun hesab edilir. Quduzluğun spesifik profilaktikası üçün diri və inaktivləşdirilmiş vaksinldər tətbiq olunur. Kənd təsərrüfatı heyvanlarının və xüsusilə iri buynuzlu heyvanların peyvəndi üçün maye adyuvant-depolaşdırılmış diri antirabik AZVİ vaksindən istifadə edilir. Quduzla xəstə heyvanlar (it və pişiklər) təcili zərərsizləşdirilməli və cəsəd yandırılmalıdır. Xəstə heyvanlar saxlanılmış yerlər 10%-li isti natrium qələvisi, yaxud 4%-li formaldehid məhlulu ilə dezinfeksiya edilməlidir. Peyin, qalıq yem kütləsi, az qiymətli əşyalar yandırılaraq zərərsizləşdirilməlidir. Xəstələrin ağız suyu ilə çirklənmiş, torpaq xlorlu əhənglə qarışdırılır və basdırılır. Peyvənd olunmuş heyvanların ət üçün kəsilməsinə peyvənddən 2 həftə keçmiş icazə verilir. Belə heyvanların südü ümumi qayda üzrə istifadə edilir. Xəstəliyə şübhəli hyevanların əti ekspertizadan keçirilməli, südü isə qaynadılmalıdır.

Təfriqi diaqnoz. Auyeski xəstəliyini, listeriyozu, botulizmi, yaman keyfiyyətli kataral isitmə xəstəliklərindən təfriq olunmalıdır.

Qeyd. İnsanların təhlükəsizliyini təmin etmək üçün ev heyvanlarının ilk növbədə isə itlərin quduzluğa qarşı hər il profilaktik immunizasiyası həyata keçirilməlidir. Quduzluqla yoluxma qorxusu olan insanların quduzluq əleyhi profilaktik immunizasiyası vacibdir. Quduzluq əleyhi vaksinlə insanların immunizasiyası mövсud təlimata əsasən bir ildə 3 dəfə əzələdaxili aparılır. İmmunizasiya növbəti ildə bir dəfə həyata keçirilməklə, bu kurs üç il ardıcıl olaraq təkrarlanır. 

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.