Qoyunların xlamidiozu

Qoyunların  xlamidiozu xlamidialı balasalma, enzootiki balasalma, viruslu balasalma, kontagioz, enzootiki gedişli xəstəlik olub, əsasən boğazlığın axırıncı həftəsində balasalma vəya yaşama qabiliyyəti olmayan quzuların doğulması ilə səciyyələnir.Enzootiki balasalmanın törədicisi insanlar üçün də patogendir. Törədicisi Chlamydophila abortus ovis adi işıq mikroskopları altında yaxşı görünür, xarici mühitdə  bir neçə gündən sonra, 100°C-də isə dərhal məhv olurlar.

Ilk simptomlar. Təbii şəraitdə inkubasiya dövrü bir neçə aydan bir ilə qədər  davam edir. Xəstəlik gizli və tipik gedişli ola bilir. Xəstəliyin gizli gedişi yalnız qan zərdabının KBR-ilə müayinə zamanı aşkar edilir. Gizli xəstəlikdə qoyunlarda doğum normal keçir, bu qəbildən olan heyvanlar infeksiyanın yayıcısı hesab edilir. Tipik gedişli xəstəlik balasalmalara və vaxtından əvvəl doğuma, zəif , yaşamağa qabil olmayan quzuların əmələ gəlməsi ilə səciyyələnir. Balaatmış qoyunların ümumi vəziyyəti ağır olmaqla bəzən bir neçə gündən sonra tələf olur.     

Digər simptomlar. Balasalmaya və ya vaxtından əvvəl doğuma bir neçə gün qalmış qoyunlarda  temperaturun yüksəlməsi, sancılar tənasül orqanlarından selikli-irinli axıntılar kimi simptomlar nəzərə çarpır. Ikincili bakterial infeksiyanın qoşulması sayəsində heyvanın vəziyyəti daha da ağırlaşır.Axıntılar balasalmadan və ya doğumdan sonra da müşahidə edilir. Balasalma baş vermirsə isə quzular zəifləmiş xəstə doğulurlar.

Diaqnoz. Xəstəliyin kliniki əlamətləri və patanatomik dəyişiklikləri spesifik deyil. Buna görə də diaqnoz məqsədi ilə laboratoriya üsullarından istifadə edilir. Patoloji materaldan hazırlanmış yaxmalar Stamp üsulu ilə boyanır və müayinə zamanı qrup və tək hallarda hüceyrədaxili və xaricində qırmızı rəngdə 300-350-nm böyüklükdə elementar cisimciklər görünür. Bundan başqa yaxmaların boyanması üçün Romanovski-Gimza, Kastanedo və Makiavello üsullarından istifadə edilir. Diaqnozun qoyulmasında seroloji reaksiyalardan KBR effektlidir. Daha dəqiq üsul isə amilin 6-7 günlük toyuq embrionundan ayrılmasıdır.

Müalicəsi. Xlamidiozun müalicəsi hələ kifayət qədər öyrənilməmişdir. Sulfanilamid preparatları xlamidialara təsir etmir,əsasən tetrasiklin qrupu (tetrasiklin, biomisin, oksitetrasiklin, dibomisin və s.)antibiotiklərinin tətbiqindən ümidverici nəticələr alınmışdır. Boğaz qoyunların 1kqdiri çəkisinə 7-30mq eritromisini 3-4 gün verdikdə yaxşı nəticə alınır, preparatlar kəpək və s. yemlərlə verilə bilər.

Profilaktika. Xəstəliyin profilaktikası üçün kompleks baytarlıq-sanitariya tədbirləri aparılmalıdır. Təsərrüfata yeni gətirilmiş heyvanlar nəzarətdə saxlanmalı və şübhəli hallarda laboratoriya müayinələri aparılmalıdır. Mayalanma işi xüsusi ayrılmış yerlərdə aparılmalı və törədici qoçların sperması xəstəlik törədicisinə görə yoxlanılmalıdır. Heyvanlar saxlanılan binalarda vaxtaşırı olaraq dezinfeksiya işləri görülməlidir.

Təfriqi diaqnostika. Təfriqi diaqnostika zamanı xlamidiozu qoyunların bruselyozu, salmanelyozu, kampilobakteriozu, listeriyozu, leptospirozu və toksaplazmozundan fərqləndirmək lazımdır.

Qeyd. Xlamidioza görə qeyri-sağlam təsərrüfatlarda məhdudiyyətlər qoyulur, müsbət reaksiya vermiş heyvanlar müalicə edilir və kəskiyə göndərilir. Ümumiyyətlə xüsusi baytarlıq-sanitariya və müalicə-profilaktika tədbirləri həyata keçirildikdən, xəstəliyin ləğvindən 30 gün sonra məhdudiyyətlər götürülə bilər.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.