Qoyunların nekrotik hepatiti (qara xəstəlik)

qoyunların iti gedişli toksiko-infeksion xəstəliyi olub, qaraciyərin nekrotik zədələnməsi və xəstələnmiş heyvanların tələf olması ilə səciyyəvidir.  Xəstəliyin törədicisi C.novyi B tipi – torpaqda və heyvanların bağırsağında yaşayıb, zəncir şəklində yerləşir, olduqca davamlıdırlar.

İlk simptom:  İnkubasiya dövrü törədicinin virulentliyindən, həzm orqanlarının vəziyyətindən və heyvanların təbii davamlılığından asılıdır. Xəstəlik ildırımvari gedişlidir, heyvanlar qəflətən 2-3 gün ərzində tələf olurlar.  Hərəkətin koordinasiyası pozulur, heyvanlar büdrəyir, yıxılır, ağız və burun boşluqlarından serrozlu selik axır.

Digər simptomlar:  Qanlı diareya, qıcolma müşahidə edilir, gözlərin selikli qişaları hipermiyalı olur. Xəstə heyvanda süstlük, nəbzin zəifləməsi, bədən temperaturunun normada yaxud bir az yüksəlməsi təzahür edir. Xəstə heyvanlar ancaq döşləri üstə uzanır, bu vəziyyətdə də tələf olurlar.

Diaqnoz: Epizootoloji, kliniki məlumatların, patoloji-anatomik dəyişikliklərin və laborator müayinələrin nəticələrinin təhlilinə əsaslanır.

Müalicə:  Xəstəlik iti gedişli olduğu üçün xəstələr müalicə edilmir.

Profilaktika: Törədici heyvanın həzm sistemindən keçərək mədə-bağırsaq helmintlərinin sürfələri ilə qaraciyərə düşür. Buna görə də əsas profilaktik tədbirlərə qaraciyəri zədələyən helmintozlarla davamlı və sistemli mübarizə aid edilir. Qoyunların dehelmintizasiyası və xəstəliyə qarşı polivalent anatoksinlə peyvəndləməsi tədbirləri mütəmadi aparılmalıdır.

Təfriqi diaqnoz: Fassiolyoz, qoyunların infeksion enterotoksimiyası, bradzot, qara yara xəstəliklərindən təfriq olunmalıdır. Bu xəstəliklərdən fərqli qoyunların nekrotik hepatitində  heyvanın qaraciyərində nekrotik ocaqlar olur.

Qeyd: Xəstə və xəstəliyə şübhəli heyvanların ətlik üçün kəsilməsi qadağandır.  Cəsədlər utilizasiya edilməli, binalar və ətraf sahələrdə dezinfeksiya tədbirləri aparılmalıdır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.