Qoyunların dırnaq çürüməsi

Əsasən qoyunların, az hallarda keçilərin spesifik xroniki xəstəliyi olub, dırnaqarası yarığın iltihabı, buynuz toxumasının çürüntülü parçalanmsı, dırnağın buynuz təbəqəsinin laylanması, nəticədə axsama ilə xarakterizə edir. Törədici qrammənfi, anaerob çöplər-bakteriyalardır. Əsasən yaşlı qoyunlar həssasdırlar, südlə bəslənən balalar həssas deyil.

Ilk simptomlar. Inkubasiya dövrü 5-6 gündən 10-12 günə qədər davam edə bilər. Xəstəlik iti gedişlə başlasa da xroniki vəziyyətdə davam edir. Xəstə heyvanda halsızlıq, zədələnmiş ətrafını yalaması kimi ilkin nişanələr müşahidə edilir. Dırnaqarası yarıqda dərinin qızarması, tüklərin tökülməsi ilə xarakterizə olunan iltihabi proses inkişaf edir. Dərinin səthində şəffaf ekssudat nəzərə çarpır ki, tədriçən bozumtul-ağ rəngli, iylənmiş pendiri xatırladan, spesifik xoşagəlməyən iyli ərpə çevrilir. Proses dırnaq toxumaya keçir. Dırnağın və dırnaq altının daxili divararlarının buynuz toxumaları nekrozlaşır və boz-ağ rəngli xamayabənzər vəziyyətə qədər əriyirlər. Nəticədə buynuzlu dırnağın laylanmaı bəzi hallarda onun tam düşməsi baş verir.

Digər simptomlar. Heyvanlarda axsaqlıq baş qaldırır. Əvvəl bir-iki, daha sonra digər ətraflar zədələnməyə məruz qalır. Heyvanlar axsayıb gəzir əksərən də uzanmış vəziyyətdə qalırlar. Zədələnmənin vəziyyətindən asılı olaraq yengül (dırnaqarası dermatit), orta ağır və ağır (yaman keyfiyyətli) formaları ayırd edilir.

Diaqnoz. Epizootoloji məlumatlara və kliniki əlamətlərə əsasən qoyulur. Son diaqnoz laborator müayinələrin nəticələri ilə təsdiqlənir. Diaqnoz üçün məcburi kəsilmiş heyvanın zədələnmiş dırnağının toxumalarından və qaşıntıdan istifadə olunur. Qoyunların dırnaq çürüməsində diaqnostikada bakterioloji və seroloji müayinə aparılmır.

Müalicə. Dırnaqların qrup şəklində işlənilməsi üçün müxtəlif məhlulardan ( sink sulfatın 10%-li, mis sulfatın 10-15%-li, formalinin 10%-li məhlulları) istifadə etməklə vannalar tətbiq edilir. Yuyulmuş yaralara antibiotik emulsiyalar – məlhəmlər sürtülür. Daxilə antibiotiklər təyin edilir. Xəstəliyin mürəkkəbləşmiş formasında heyvanlar kəsimə göndərilir. Ət və ət məhsullarının qiymətləndirilməsi baytarlıq-sanitariya ekspertizası qaydalarına uyğun aparılır.

Profilaktika. Xəstə heyvanların təsərrüfata gətirilməsinin qarşısını almaq üçün yeni heyvanlar 30 gün karantində saxlanılmalı, dırnaq buynuzları təmizlənməli, ətraflar ayaq vannasında profilaktiki  işlənilmədən keçirilməlidir. Fermalarda mütəmadi dezinfeksiya kompleks tədbirlər aparılmalıdır. Ümumi profilaktikada heyvan orqanizminin rezistentliyinin yüksəldilməsinə yönəlmiş tədbirlər görülür, yemləmə rasionu əsas qida maddələri ilə balanslaşdırılır, rasiona kompleks aminturşulu-mineral-vitaminli əlavələr daxil edilir.

Qeyd. Qeyri-sağlam təsərrüfatlarda heyvanın sağalma hadisəsindən və son dezinfeksiya tədbirləri görüldükdən 1 il sonra təsərrüfat dırnaq çürüməsi xəstəliyinə görə sağlam hesab edilir, buraxılışa icazə verilir.