Qoyunların anaerob enterotoksemiyası

Bir çox növ heyvanların, xüsusilə körpələrin toksikoinfeksion xəstəliyi olub, orqanizmin ümumi toksikozu, nəticədə sinir-sistemi və mədə-bağırsaq traktının ciddi zədələnməsi əlamətləri ilə xarakterlənir. Törədicinin (C.perfringensin) bir-birindən toksiki xüsusiyyətlərinə görə fərqlənən 6 (altı) bioloji tipi: A, B, C, D, E, F mövcuddur. Quzularda anaerob dizenteriyanı – törədicinin C, D, A (torpaqda daimi olan tipi); buzovlarda anaerob enterotoksemiyanı amilin – A, C və D tipləri bəzən digər tiplər törədir. Xəstəlik törədicisi ilə sirayətlənmiş süd və ət məhsullarından istifadə edən zaman xəstəliyə insanlar da yoluxur. Xəstəliyə xüsusilə 8-10 aylığında olan cavan heyvanlar daha çox həssasdırlar.

Ilk simptomlar. Xəstəliyin inkubasiya dövrü, törədicinin virulentliyindən, mədə-bağırsaq traktının fizioloji vəziyyətindən və heyvan orqanizminin rezistentliyindən asılı olaraq davam edir. Xəstəlik kəskin iti, iti, yarımiti və bəzən xroniki gedişatla özünü biruzə verir. Xəstəliyin kəskin iti gedişi zamanı heyvanlarda qəflətən, yaxud 2-3 saat ərzində ölüm baş verir. Bu hal adətən ya körpələrdə, yaxud kök heyvanlarda qeydə alınır. Kəskin iti gediş zamanı xəstələrdə ümumi halsızlıq, bədən temperaturunun normal olması, yaxud müəyyən qədər yüksəlməsi, nəbzin zəifləməsi, hərəkət koordinasiyasının pozulması halları meydana çıxır. Xəstə heyvanlar yerə yıxılır, ağız və burun boşluğundan serrozlu yaxud serrozlu-hemorroji infiltrat ayrılır, tez-tez sidik ixracı baş verir. Qanla qarışıq ishal, toniki və klinik qıcolmalar, dişlərin xırçıldadılması kəskin iti gedişat üçün xarakterik sayılır.

Digər simptomlar. Xəstələrdə həmçinin gözün selikli qişası hiperemiyalaşmış olur. Eyni zamanda səndələmə hərəkətləri meydana çıxmaqla, qanlı-selikli ishal, ətrafların parezi baş verir. Qoyunlar xeyli müddət sakit vəziyyətdə bir yerdə dayanır, sonra sinir sisteminin pozğunluğu ilə səciyyələnən əlamətlər meydana çıxır. Xəstə heyvanlar yıxılaraq, çırpınır və komatoz titrəmə baş verir. Boyun əzələlərinin gərginləşməsi nəticəsində baş geriyə qatlanır. Ağızdan selik və köpük ayrılır. Görünən selik qişalar anemiyalaşmış olur. Sidikdə qan müşahidə edilir. Boğaz heyvanlarda bəzi halda balasalma baş verir. Mədə önlüklərinin motor funksiyası zəifləyir. İti gediş zamanı xəstəlik 2-3 sutka, bəzən isə 5-7 sutka davam etməklə ölümlə nəticələnir.

Diaqnoz. Xəstəliyin diaqnostikasında kliniki əlamətlər, epizootoloji məlumatlar, patoloji-anatomik müayinə əsas götürülərək, laboratoriya müayinələrinin nəticələri əsasında diaqnoz dəqiqləşdirilir. Laboratoriya analizləri zamanı orqanlardan və bağırsaqdan törədicinin ayrılması, onun tipizasiyası, törədiciyə məxsus olan toksinin nazik bağırsaqda müəyyən edilməsi və onun spesifik tipik serrumun köməyi ilə identifikasiyası vacib sayılır.

Müalicə. Xəstəliyin kəskin iti gedişi və iti gedişi zamanı müalicə effektsizdir. Belə olduqda müalicə səmərə vermir. Lakin xəstəliyin bağlanğıc mərhələsində bivalent hiperimmun serrumun, antibiotik və simptomatik müalicə vasitələrinin birgə tətbiqi məqsədə müvafiq hesab edilir. Spesifik vaksinasiya məqsədilə bradzot, anaerob enterotoksemiya, yaman keyfiyyətli şiş, quzuların anaerob dizenteriyası üçün konsentrasiya edilmiş polivalent alüminum hidroksid vaksini mövcuddur. Vaksin 12-14 günlük fasilə ilə iki dəfə (təlimata uyğun dozada) əzələ arası yeridilir. 12-14 gün keçmiş formalaşan immunitet 6 ay saxlanılır. Qoyunların enterotoksemiyasının spesifik profilaktikası məqsədilə (Cl.perfringensin D tipi tərəfindən törədilmiş) 12-28 gün fasilə ilə iki dəfə dərialtı tətbiq edilən anatoksin-vaksini də mövcuddur. Bu vaksin tətbiq edildikdən 15-20 gün keçmiş formalaşan immunitet 4-5 ay davam edir.

Profilaktika. Təsərrüfatlarda ciddi və yüksək sanitariya tədbirləri, rasional yemləmə, düzgün saxlanma şəraiti təmin edilməlidir. Heyvanlar yüksək qidalılıq dəyərinə malik olan yemlərlə yemləndirilməlidir. Heyvanlar təhlükəsiz (sanitar-bakterioloji baxımdan) otlaq sahələrindən və su mənbələrindən istifadə etməlidirlər. Təsərrüfatlarda kütləvi müayinələrin həyata keçirilməsi, xəstə və xəstəliyə şübhəli heyvanların ayrılması vacibdir. Xəstə heyvanlar xüsusi uzolyatorlarda yerləşdirilərək müalicə edilir. Xəstəliyə şübhəli heyvanlarda seroprofilaktika aparılır. Bu məqsədlə hiperimmun serrumun müalicə dozası işlədilir. Sağlam heyvanlar ayrılaraq, yaşından asılı olmayaraq mövcud təlimat əsasında peyvənd edilir.

Qeyd. Xəstəlikdən ölmüş heyvan cəsədləri yun ilə birlikdə zərərsizləşdirilir. Qeyri-sağlam təsərrüfatlarda sağım dayandırılır, ət və süddən istifadə qadağan edilir, yun qırxımı, axtalanmaya icazə verilmir, təsərrüfatdan heyvanların çıxarılmasına və qəbul edilməsinə ciddi qadağa qoyulur. Ətraf mühit və ərazidə dezinfeksiya aparılır. Axırıncı xəstəlik qeydə alındıqdan 20 gün keçmiş son dezinfeksiya aparılır və təsərrüfat sağlam elan edilir. Bütün bunlar insanların sağlamlığı üçün real ola biləcək təhlükənin aradan qaldırılmasında mühüm rol oynayır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.