Qoyun və keçilərin kontagioz pustulyozlu stomatiti (dermatiti)

İti gedişli olduqca kontagioz virus xəstəliyi olub, ağız boşluğunun selikli qişasının, dodağın, başın, süd vəzilərinin və ətrafların dərisinin spesifik zədələnməsi ilə səciyyələnir. Törədici iri epiteliotrop Parapoxvirus cinsinə aid virusdur. Xəstəliyə bütün yaşda qoyun və keçilər həssasdırlar. 

İlk simptom:  Virus zədələnmiş dəri və selikli qişa vasitəsilə orqanizmə keçir, ilkin ocaqlar dodağın, ayaqların və yelinin dərisində yaranmağa başlayır. İnkubasiya dövrü 7-12 gün davam edir. Xəstəliyin stomatit, dodaq, genetal və qarışıq formaları ayırd ediliir. İlk günlərdə yoluxmuş quzularda ağız boşluğunun selik qişası zədələnir, yaşlı qoyunlarda isə ağız boşluğunun zədələnmiş hissələrində 2-15 mm diametrində qırmızı ləkələr əmələ gəlir. Onların mərkəzi hissəsində  şəffaf yaxud bulanlıq möhtəviyyatlı qabarcıqlar yaranır. Qabarcıqlar həcmcə böyüyərək partlayır və onların yerində eroziyalar yaranır. Eroziyalar 2-3 gündən sonra fibrin pərdə ilə örtülür, altında isə qranulyasiya toxuması əmələ gəlir.

Digər simptomlar:  Mürəkkəbləşmə olduqda eroziya yerində nekrotik ocaqlar və yaxud dərin, çətin sağalan yaralar yarana bilir. Xəstəliyin yüngül gedişində selikli qişalarda zədələr çapıq toxuması yaranmadan 10-15 gündən sonra sağalırlar. Ağız boşluğunun selikli qişasının patoloji prosesi ilə paralel olaraq dodaqlarda, burun aynasında zədələnmələr, dəridə qırmızı ləkələr, sonra düyüncüklər, vezikula və pustulalar əmələ gəlir. Xəstəliyin dırnaq formasında isə dırnaqarası nahiyədə, dırnaq tacı nahiyəsində vezikulo-pustulyozlu proses gedir, onlar yavaş-yavaş quruyaraq düşürlər. Proses ikincili infeksiya ilə mürəkkəbləşərək irinli nekrotik sahələr təzahür edir. Xəstə heyvanlar ağsayır və tez-tez yatırlar.

Diaqnoz: Kliniki, epizootoloji məlumatlar, bioloji sınaq daxil olmaqla laborator müayinələrin nəticələri əsasında qoyulur. Xəstəlik əlamətləri diaqnozun qoyulmasında kifayət etsə də,  laborator müayinələr mütləqdir. 

Müalicə:  Spesifik müalicə işlənib hazırlanmamışdır. Simptomatik müalicə əsasən mürəkkəbləşmənin qarşısını almağa yönəlir. Dərinin zədələnmiş sahələrinə yod tinkturası, tərkibində oksitetrasiklin, polimiksin, simptomisin və digər bakteriya əleyhi maddələr olan məlhəmlərin sürtülməsi tövsiyə edilir.

Profilaktika: Xəstəliyin profilaktikası məqsədilə yeni heyvanlar 30 gün karantində saxlanılmalı, onların dərisinə və selikli qişaların vəziyyətinə baxış keçirilməlidir. Təsərrüfatlarda kompleks baytarlıq–sanitariya tədbirlərinə mütəmadi əməl olunmalıdır. Spesifik profilaktika məqsədilə xəstəlik törədicisinin attenuasiya edilmiş ştammından hazırlanmış diri virus-vaksindən istifadə olunur. İmmunitetin gərginliyi 17 aya qədər davam edir.

Təfriqi diaqnoz: Xəstəliyi nekrobakteriozdan, çiçəkdən, dabaqdan, kataral isitmədən və miotiki dermatitdən təfriq etmək lazımdır.

Qeyd: Xəstə və xəstəliyi keçirmiş heyvanların ətinin orqan və toxumaların zədələnmə dərəcəsindən asılı olaraq şərti-yararlı kimi istifadə olunur. Yaxud texniki utilizasiyaya cəlb edilir. Məhdudiyyət qoyulmuş təsərrüfatlarda heyvanın sağalmasından 30 gün sonra karantin götürülür.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.

Rəy bildirin

Bir cavab yazın