Qoyun və keçilərin çiçəyi

Yüksək kontagioz təhlükəli xəstəlik olub, qızdırma, dərinin epitelisində və selikli qişalarda düyünlü-pustulyozlu zədələrin əmələ gəlməsi ilə səciyyələnir. Törədici – DNT-li Poxviridae ailəsinə və Capripoxvirus cinsindən olan virusdur. Xəstəliyə bütün yaşlara və cinslərə mənsub qoyun və keçilər həssasdırlar. Xəstəlik mənbəyi virusu qərtməklə ətraf mühitə yayan xəstə heyvanlardır.

İlk simptom: Virus orqanizmə udulan hava ilə də keçə bilir və tənəffüs yollarının epiteli hüceyrələrində çoxalaraq orada tipik dəyişikliklər törədir. Qan axarı ilə dəriyə və selikli qişalara aparılır və burada çiçək səpgiləri yaradır. İnkubasiya dövrü 4-14 gün davam edir. Göz qapaqlarının şişməsi, gözlərdən, burundan serroz-selikli və serroz-irinli axıntının olması ilkin kliniki nişanələrdir. Tənəffüs çətinləşir və fısıltı ilə müşayiət olunur. Çiçək səpgiləri dodaqda, göz ətrafında, ön və dal ayaqların iç tərəflərində, xaya torbasında, yelinin dərisində və dişilərin cinsiyyət dodaqlarının selikli qişasında formalaşmağa başlayır.

Digər simptomlar:  Əvvəlcə səpgilər kənarları kiçik şişkinlikli, yumru, qırmızımtıl ləkəciklər şəklində yaranır. 1-2 gündən sonra ləkələr kənarları qalxmış, qırmızı kəmərciklə əhatə olunan papulalara çevrilir. Onların ölçüləri tez bir zamanda böyüyür. Bu dövrdə 410C-ə qədər yüksəlmiş temperatur bir qədər enir, 1-3 gündən sonra papulaların kənarlarında epidermis qalxmağa başlayır. Papulalar şəffaf, sarımtıl, serroz mayeli olur ki, bu da tədricən müxtəlif böyüklükdə qara-qırmızı rəngli şişkin papulalara çevrilir. Papulalar birləşərək dəridə tam yayılmış formada xeyli sahədə irinli iltihablı zədələnmələr yaradır.

Diaqnoz:  Epizootoloji, kliniki, patoloji-anatomik məlumatların təhlili, bioloji sınaq daxil olmaqla laborator müayinələrin nəticələrinə əsasən qoyulur.

Müalicə: Spesifik müalicə vasitəsi hazırlanmamışdır.  Xəstəliyin yüngül gedişində – mürəkkəbləşmələr olmadıqda səpgilər qısa müddətdə itir və heyvan sağalır. Xəstəliyi keçirmiş heyvanlar 2 il müddətinə immunitet qazanırlar.

Profilaktika: Qoyunların çiçəyinin spesifik profilaktikası məqsədilə attenuasiya edilmiş kultural virus-vaksindən istifadə olunur və bu bioloji preparat 12 aya qədər immunitet yaradır. Xəstəliyin qarşısının alınması məqsədilə çiçəyə görə qeyri-sağlam təsərrüfatlardan heyvanların, habelə yemlərin, avadanlıq və ləvazimatların gətirilməsinə və ordan aparılmasına yol verilməməli, təsərrüfata yeni gətirilən heyvanlar təcrid olunaraq 30 gün karantində saxlanmalı, baytarlıq-sanitariya qaydalarına ciddi riayət edilməli, təhlükəli zonada olan qoyun, keçilər planlı surətdə çiçək əleyhi vaksinlə peyvənd edilməlidir. Xəstəlik kütləvi hala keçərsə heyvanların təcili olaraq kəsilməsi vacibdir.

Təfriqi diaqnoz: Dabaqdan, ekzemadan, göbələk dermatitindən, qoturluqdan və kontagioz pustulyozlu dermatitdən təfrtiq ediləmlidir.

Qeyd: Təsərrüfatda karantin qoyulanadək tədarük edilən yunu və başqa heyvan mənşəli xammalı buxarlı dezinfeksiya kamerasında 1100C–də zərərsizləşdirmək lazımdır. Karantin qeyri-sağlam məntəqədə axırıncı xəstə heyvanın tam sağalmasından və ya kəsimindən 20 gün sonra götürülə bilər.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.