Qoyun və keçilərin infeksion aqalaktiyası

Bütün yaşda olan qoyun və keçilərin septiki kontagioz xəstəliyi olub, enzootiya tərzində keçən, yelinin, oynaqların və gözlərin zədələnməsi, süd ifrazının kəsilməsi, balasalma, dərinin zədələnməsi və toxumluqların iltihabı ilə səciyyəvidir.  Törədici Mycoplazma ailəsinə mənsub spiroxetəbənzər sap şəklində, uzun dalğavari  formalı  bakteriyalardır. Keçilər və bütün qoyun cinləri xəstəliyə həssasdırlar. Xəstəlik mənbəyi törədicini südlə, tüpürcəklə ətraf mühitə və digər heyvanlara yoluxduran  xəstə heyvanlardır.

Ilk simptomlar. Törədici həzm yolu, konyunktiva, dəri örtüyü və süd vəzinin yaraları zamanı qana keçir, orada çoxalaraq heyvanlarda temperarur reaksiyası yaradır. Inkubasiya dövrü 2-60 gün davam edir. Aqalaktiya iti, yarımiti, xroniki gedişlidir, patoloji prosesin yerləşmə yerindən asılı olaraq mastit, oynaq, göz, onurğa beyni və qarışıq formaları ayırd edilir. Süstlük, qısamüddətli residiv verən qızdırma (40-420C) və iştahanın azalması ilk kliniki nişanələrdir. Tədricən yelinin bir və ya hər iki payında kataral və ya parenximatoz mastitlər inkişaf edir.

Digər simptomlar. Yelin şişkin, həcmcə böyümüş, isti və ağrılı olur. Yelinüstü limfa düyünləri şişmiş vəziyyətdə, süd qatılaşmış, yapışqan, xarici görünüşdə ağ lopacıqlar və şorvari pıxtalar olan zərdabı xatırladır. Tədricən süd ifrazı kəsilir, süd əvəzinə şəffaf maye ifraz olur. Süd vəzinin atrofiyası və indurasiyası inkişaf edir. Oynaqların zədələnməsi, axsaqlıq və gərgin yeriş müşahidə edilr. Oynaqlar qalınlaşır, deformasiyaya uğrayır, nəticədə ankilozlaşma və spondilitlər yaranır. Göz qapaqlarının və konyunktivanın şişkinliyi, hiperemiyası ilə göz yaşı axıntısı və işıqdan qorxma əlamətləri müşahidə edilir.

Diaqnoz. Qoyun və keçilərin infeksion aqalaktiyasına diaqnoz epizootoloji, kliniki, patoloji-anatomik məlumatlar, seroloji və bioloji sınaqlarla törədicinin mövcudluğunu təsdiq edən dəqiq müayinələrlə  aparılır.

Müalicə. Dibiomisin, ditetraskilin, novarsenolbenzol, tilozin, spiromisinlə müalicə yüksək səmərə verir. Gözlərin bor turşusunun, albusidin 1%-li sulu məhlulu ilə yuyulması, heyvanların qaranlıq yerdə saxlanması tövsiyə edilir. Mastitlər zamanı yelin boşluğuna preparatlar yeridilməlidir.

Profilaktika. Xəstə və xəstəliyə şübhəli heyvanlar təcrid edilərək kəsimə göndərilir. Xəstəlik baş vermiş təsərrüfatda heyvan saxlanılan binalar və onların həyətlərində baytar-sanitar  tədbirləri aparmaqla dezinfeksiya işləri görülür. Karantin rejimi tətbiq edilir. Təsərrüfatdan məhdudiyyət 60 gün sonra götürülür. Məcburi kəsilmiş xəstə heyvanların əti və zədələnmiş orqanları bakterioloji müayinədən və emal edildikdən sonra istifadəsinə icazə verilir. Xarici dövlətlərdə istifadə olunan Ruminiya ştammı “Ag-1”-dən hazırlanmış vaksin xəstəliyin profilaktikasında  yüksək səmərə verir.

Təfriqi diaqnoz. Mastitlərdən və başqa etiologiyalı oxşar xəstəliklərdən – infeksion mastit, pioseptisemiya, qızıl yel septisemiyası, quzuların qızıl yeli və mikoplazmalarla törədilən infeksiyalardan təfriq edilməlidir.

Qeyd. Karantin qoyulmuş təsərrüfatlarda bütün heyvanlar kliniki baxışdan keçirildikdən 2 ay sonra məhdudiyyət götürülür. Lakin 8 ay müddətində təsərrüfat nəzarətdə saxlanılır, heyvanların satılmasına, damazlıq üçün istifadəsinə icazə verilmir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.