Qoyun və keçilərin adenomatozu

Qoyun və keçilərin ağciyərlərinin parenximasında adenoma tipli tədricən inkişaf edən vəzəbənzər ocaqların təzahürü ilə baş verən ağır gedişli virus xəstəliyidir. Törədici Retroviridae aiəsinin, Lentivirus cinsinə aid RNT-li virusdur. Xüsusiyyətlərinə görə Visna-medi ilə qohumluq əlaqələri vardır 

Ilk simptomlar. Təbii şəraitdə adenomatozla 3 aylıq yaşdan yuxarı olan bütün cinslərə mənsub qoyunlar, nadir halda isə keçilər yoluxurlar. Mövsümliliyinin xarici mühit amillərinin xəstəliklə yoluxma hallarına təsiri yoxdur. İnfeksiya mənbəyi virusdaşıyıcı heyvanlardır. Yoluxma heyvanların bir-birilə sıx təmasda olduğu zaman aerogen yolla baş verir. Aşağı temperatur, heyvanların sıxlığı, gəzinti və ventilyasiyanın olmaması xəstəliyin kütləvi yayılmasına səbəb olur. Adenomatoz uzunmüddətli inkubasiya dövrünə, ləng inkişaf etməsinə və xroniki gedişə malik xəstəlikdir. İnkubasiya dövrü 4-9 aydan 3 ilə qədərdir.

Digər simptomlar. Xəstəliyin kliniki əlamətləri 2-4 yaşına çatmış heyvanlarda təzahür edir. Xəstəliyin gedişi remissiya olmadan uzun müddət inkişaf etməsi ilə səciyyələnir. Bədən temperaturu norma ətrafında olur, burundan çoxlu miqdarda selikli-irinli maye axır, tənginəfəslik müşahidə edilir. Terminal mərhələdə tənəffüs hərəkətləri dəqiqədə 120-140 olur, xışıltı ilə öskürmə, bəlğəm ayrılması, iştahanın olmasına baxmayaraq inkişaf edən arıqlama xarakterikdir. Yoluxmuş heyvanlar tələf olurlar.

Diaqnoz: Epizootoloji, kliniki, patoloji-anatomik məlumatlar və onların mütləq laborator (histoloji) müayinələrlə təsdiqlənməsi əsasında qoyulur. Diaqnozun təsdiqi üçün laboratoriyaya ağciyərlərin adenomatoza xas dəyişikliklər olan yerindən bir parça və regional limfa vəziləri göndərilir.

Müalicə: İşlənilməmişdir

Profilaktika: Spesifik profilaktika yoxdur. Adenomatoza şübhə yarandıqda təsərrüfat ciddi baytarlıq nəzarətində saxlanılmalı, heyvanlara baytarlıq baxışı keçirilməlidir.

Təfriqi diaqnoz: Visna-medidən, virus, bakterial və parazitar etiologiyalı pnevmoniyalardan təfriq edilməlidir.

Qeyd: Məhdudiyyət qoyulmuş qeyri-sağlam təsərrüfatlarda xəstə və xəstəliyə şübhəli heyvanların kəsilməsindən 6 ay sonra və yekun baytarlıq-sanitariya tədbirləri həyata keçirildikdən sonra məhdudiyyətlər götürülür.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.