Qoçların infeksion epididimiti

Iti və xroniki gedişli infeksion xəstəlik olmaqla, toxumluqlarda və törəmələrdə proliferativ iltihabi proseslərlə təzahür edən, ana qoyunlarda isə balasalma, həyati qabiliyyəti olmayan quzuların doğulması və qısırlıqla səciyyəvidir. Xəstəliyə qoçlar, ana qoyunlar və quzular həssasdırlar. Törədici cinsi yolla ötürülür. Ana qoyunların yoluxması xəstə qoçlarla təbii cütləşmə və ya süni mayalanma zamanı baş verə bilər.

İlk simptom:  xəstəlik iti və xroniki gedişli olur. Yoluxmadan 7 gün sonra qoçlarda iltihabi proses (epididimit və testikulit) inkişaf edir. Iti gediş zamanı qoçlarda ümumi vəziyyətin pisləşməsi, iştahasızlıq, hərarətin 41-420C-yə yüksəlməsi, xayaların və onların artımlarının ekssudativ iltihabı müşahidə edilir. Xaya torbası iltihablı olur və böyüyür. Xaya artımının bir və ya ikitərəfli böyüməsi baş verir.

Digər simptomlar: qoçlar sürüdən geri qalır, ayaqlarını bir-birindən aralı qoyaraq hərəkətsiz vəziyyətdə dururlar. 2-3 həftə bu kliniki əlamətlər davam etdikdən sonra hərarət enir, xaya torbasının şişkinliyi azalır, torbaşəkilli forma alır, xəstəlik xroniki formaya keçir.

Diaqnoz: Epizootoloji analizin nəticələrinə, kliniki, laborator – allerji və seroloji müayinələrə əsasən diaqnoz qoyulur. Daha effektiv nəticə verən diaqnoz mikroorqanizmlərin ayrılmasına və təfriqinə əsaslanan bakteriolji  müayinə üsuludur.

Müalicə: xəstə heyvanlar müalicə edilmir. Qoçlarda infeksion epididimit xəstəliyi müəyyən edilən zaman damazlıq qoyunçuluq təsərrüfatı qeyri-sağlam elan edilir və məhdudiyyət qoyulur. Bu təsərrüfatlardan digər sürü və damazlıq məqsədilə istifadəyə qadağalar qoyulur.

Profilaktika: ölkə daxilində sürünün sağlamlığına nəzarət üçün ildə bir dəfə cütləşmədən öncə damazlıq təsərrüfatlarda süni mayalanma məntəqələrində bütün qoçlar seroloji üsulla (KUMBR) müayinə edilməlidir. Satış üçün nəzərdə tutulan qoçların müayinədən keçirilməsi də mütləqdir.

Təfriqi diaqnoz: təfriqi diaqnostikada qoçların epididimiti yoluxuçu və yoluxucu olmayan xaya və xaya artımlarında oxşar dəyişikliklər əmələ gətirən digər xəstəliklər – bruselyoz, psevdotuberkulyoz, diplokokk infeksiyası, travmalar, zəhərlənmələrdən fərqləndirmək lazımdır. Qoyunlrada qısırlığa və balasalmaya kampilobakterioz, salmonellyoz, listerioz, xlamidioz kimi infeksiyalar da səbəb ola bilər.

Qeyd: Qeyri-sağlam sürünün qoyunlaından doğulmuş erkək və dişi toğlular təcrid olunub saxlanılır. Onlar  12 aylıq və erkək quzular 5-6 aylıq olduqda  kliniki və seroloji müayinələr aparılır. Xəstə heyvanlar kəsimə göndərilir. Müvafiq dezinfeksiya tədbirləri tətbiq etməklə ət və heyvan mənşəli xammaldan (dəri və s.) istifadə etmək olar

Xəstəliyin adı: Kampilobakterioz – heyvanların iti gedişli zooantroponoz xəstəliyi olub, müvəqqəti qısırlıq, kütləvi balasalma, metritlər, sonun ləngiməsi, zəif bala doğumu ilə xarakterizə olunur. Təbii şəraitdə qaramal və qoyunlar, az hallarda donuzlar, keçilər və toyuqlar xəstələnirlər.

İlk simptom: Ilk 2-3 gün ərzində buğalarda pülüyün qızarması, tənasül üzvündən çoxlu miqdarda seliyin ixracı kimi nəzərəçarpacaq əlamətlər müşahidə edilir. Vağinit, endometrit, salpingit, ooforit, balasalma və sonun ləngiməsi əlamətləri tədricən təzahür edir.

Digər simptomlar: inək və düyələrin cinsi yoluxması zamanı kampilobakteriyalar tezliklə balalıq yolunda çoxalaraq 3-4-cü gündə balalığa, 10-15-ci gündə yumurtalıq borusuna və sonrakı günlərdə yumurtalığa keçirlər. Toksinlərin ixraçı nəticəsində balalıq yolunun və balalığın selikli qişasının kataral iltihabı inkişaf edir, toxumların hərəkətliliyi və mayalanma qabiliyyəti zəifləyir. Belə vəziyyət heyvanlarda 4-6 ay müddətində qısırlığa səbəb olur. Xəstəlik broyler quşların diri kütləsinin azalması və toyuqlarda yumurta vermənin zəifləməsi, cücələrdə  yüksək letallıq ilə xarakterizə olunur.

Diaqnoz:.Kampilobakterioza diaqnoz digər infeksion xəstəliklərdə olduğu kimi, kliniki-epizootoloji məlumatlar, patoloji-anatomik müayinələr, törədicinin kulturasının ayrılması və onun kultural, biokimyəvi və antigenlik (AR və İFR) xüsusiyyətlərinə, laborator heyvanlar üzərində bioloji sınağın köməyi ilə onun patogenliyinin sübut edilməsi kimi bakterioloji müayinələrin nəticələri əsasında qoyulur. Qaramalın kampilobakteriozunun ilkin seroloji diaqnostikası üçün vaginal seliklə aqqlütinasiya reaksiyası (VSAR), qoyunlarda isə bu məqsədlə qan zərdabının KUMBR və AR-lə müayinəsi tətbiq edilir.

Müalicə:.xəstə və xəstəliyə şübhəli heyvanların müalicəsi yerli və ümumi tətbiq üçün tövsiyə edilmiş antiseptik vasitələr, antibiotiklərlə aparılır. Penstrep 20/20, Ceftivil antibiotikləri müalicədə yaxşı səmərə verir. Quşlarda kampilobakterioz aşkarlanarsa və yoluxma 50 %-dən yüksək olarsa quşlar kəsimə göndərilir. Yoluxma zəif olduqda isə quşçuluq təsərrüfatlarında müalicə bütün quşlarda aparılır. Bu məqsədlə yemə furazolidon əlavə edilir və ya suda həll olunana nifurprazin içizdirilir.

Profilaktika: respublikadan kənarda digər dövlətlərdəqaramal və qoyunların kampilobakteriozunun spesifik profilaktikası üçün RF-də inaktivasiya olunmuş emulsin vaksindən istifadə olunur. Peyvənd olmuş heyvanlarda immunitet 12 ay davam edir. Respublikada bu vaksin istifadə edilmir. Xəstəlik keçirmiş heyvanlarda immunitet əmələ gələrək qaramalda 6 ay, qoyunlarda 3 ilə qədər davam edir. Xəstəlik müşahidə edilən qeyri-sağlam təsərrüfatlarda damazlıq müəssisələrində və süni mayalanma məntəqələrində bütün törədici buğalardan toxum alınması dayandırılır. Xəstə buğaların dondurulmuş ehtiyat toxumları məhv edilir. Qoyunların kampilobakteriozuna görə qeyri-sağlam təsərrüfatlarda bütün bala atmış və vaxtından əvvəl doğum nişanələri olan ana qoyunlar dərhal ümumi sürüdən ayrılaraq təcrid edilir, yerli və ümumi müalicəyə cəlb edilir. Istifadə olunan bütün avadanlıqlar və binalar mexaniki təmizləmədən keçirilir və dezinfeksiya tədbirləri apaılır.

Təfriqi diaqnoz: Kampilobakteriozu iribuynuzlularda bruselyoz, trixomonoz, qoyunlarda bruselyoz, xlamidioz, salmonellyoz, donuzlarda bruselyoz, salmonelyoz, xlamidioz xəstəliklərindən, eləcə də zəhərlənmələr, vitamin çatışmamazlığından təfriq etmək lazımdır.

Qeyd: Heyvanlar arasında 2 il ərzində kampilobakterioz mənşəli balasalma qeyd olunmursa təsərrüfat xəstəliyə görə sağlam hesab edilir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.