Qarayara və ya Sibir yarası

Kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan kənd təsərrüfatı və vəhşi  heyvanların (qaramal, atlar, dəvələr  daha çox həssasdırlar)  xəstəliyidir. Xəstəlik dəridə lokallaşmış və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. İnsanlarda əsasən  dəri və septik formaları müşahidə edilir. Bəzən bu xəstəliyi “bədxassəli çiban” da adlandırırlar.

İlk simptom: xəstəlik iti, yarımiti, ildırımvari gedişə malikdir.  Inkubasiya dövrü 2-3 gündür. Ildırımvari forma  sürətli baş verir, adətən heyvanın tələfatına səbəb olur. Iti və yarımiti formalarda  heyvanın temperaturu 40-42C-yə yüksəlir,  zəiflik, yemdən imtina, inəklərdə laktasiyanın dayanması (südün), görünən selikli qişalarda qan sağıntısı, göyərməsi, titrətmə, ürək fəaliyyətinin pozulması, suya tələbatın artması, boğaz heyvanlarda balasalma müşahidə olunur.

Digər simptomlar: 7-8-ci gündən heyvanın bədəninin müxtəlif hissələrində – döş, kürək, baş, qarın nahiyəsində şişlərin əmələ gəlməsi. Alt çənədə şiş, udlaqarxası limfa vəzilərinin şişməsi əlamətləri qeyd olunur. Karbunkulyoz forması  ağızın, dodağın,  yanaq və damağın selikli qişalarında qabarcıqlar yaranır ki, tədricən yaralara çevrilir. Kal ifrazı əvvəlcə ləngiyir, sonra qanlı ishal baş verir, sidik tünd qırmızı rəng alır.

Diaqnoz: epizootoloji məlumatların təhlilinə, kliniki nişanələrə, allerji, serolji, patoloji-anatomik, bakterioloji və bioloji müayinələrə əsasən qoyulur. Laborator müayinə mütləqdir. Laborator diaqnostikası patoloji materialın bakterioskopiyasından, onun qida mühitlərində əkilməsindən, heyvanların yoluxdurulmasından Askoli termopresipitasiya reaksiyasının qoyulmasından, immunoflüoressensiya metodundan istifadə etməkdən ibarətdir. Qarayaranın erkən və retrospektiv diaqnostikası məqsədilə antraksinlə dəridaxili sınaq qoyurlar. O, xəstələrin 90-95%-də xəstəliyin beşinci günündən sonra müsbət nəticə verir.

Müalicə: xəstəliyin iti gedişində müalicə müsbət nəticə vermədiyi üçün heyvanlar utilizasiya edilir. Yarımiti gedişatda xəstə heyvanlar təcrid olunur və müalicə – hiperimmun qan zərdabı, qamma-qlobulin, antibiotiklər təyin olunur. Etiotrop terapiya məqsədilə xəstəlik müvafiq olaraq antibiotiklərlə müalicə edilir. Patogenetik terapiya məqsədilə kolloid, kristalloid və elektroloid məhlullarından, plazma, albumin, qlükokortikoidlərdən istifadə edilir. Zədələnmiş nahiyyələrə cərrahi müdaxilələr yolverilməzdir.

Profilaktika: Əsasən peyvəndləmədən ibarətdir.  Bütün heyvanlar birinci dəfə 3 aylıq olarkən vaksinasiya olunmalıdır. 6 ay sonar təkrar immunizasiya-vaksinasiya aparılır. Bundan sonra heyvanlar ildə bir dəfə vaksinasiya olunmalıdır. Hazırda qarayara xəstəliyinə qarşı mübarizə məqsədilə 55 saylı ştammdan hazırlanmış vaksindən istifadə olunur. Vaksinasiya xəstəliyin baş verməsinin qarşısının alınmasında ən vacib tədbirdir. Xəstəlik baş verdikdə təsərrüfata karantin qoyulur, tədbirlər planı müəyyən edilir. Ocağın söndürülməsi üçün ən etibarlı üsul – heyvanların məhv edilməsi və təsərrüfatda müvafiq dezinfeksiya tədbirlərinin aparılması hesab edilir. Qarayara törədiciləri 100 ilə qədər torpaqda qala bildikləri üçün profilaktik tədbirlərə ciddi əməl olunmalıdır.

Təfriqi diaqnoz: qarayara zamanı kliniki əlamətlər qaramalın emfizematoz karbunkul, yamankeyfiyyətli şiş, pasterellyoz, leykoz xəstəliklərində də müşahidə edildiyi üçün təfriqi diaqnoz – laborator diaqnostikanın nəticələri həlledicidir.

Qeyd: Təcrübələr göstərir ki, çox zaman belə hal yarandıqda heyvanın tələf olmasının qarşısını almaq üçün kəsilir. Bu isə bilavasitə insanları bu xəstəliyə yoluxdurur. Kəsilmiş heyvanda qan laxtalanmır. Belə vəziyyət yarandıqda təcili sahə baytar həkiminə müraciət edilməlidir.

Xəstəliyin adı: Bruselyoz kənd təsərrüfatı, vəhşi heyvanlar və insanların xroniki infeksion-allergik xəstəliyi olub, dişi heyvanlarda balasalma, sonun ləngiməsi, erkəklərdə orxit və epididimitlə səciyyələnir.                                                                                                                      İlk simptom:  Inkubasiya dövrü 2-4 həftə davam edir. Bədəndə hərarətin yüksəlməsi, lixoradka (hərarətin enib qalxması) müşahidə olunur. Bu müddətdə brusellalar balalığa keçərək iltihabi proseslə müşayət olunur. Balasalmadan 1-2gün öncə xarici tənasül orqanlarının şişməsi, balalıq yolundan selik axıntısı, yelin şişməsi nəzərə çarpır.                                                             Digər simptomlar: Yoluxmanın ilk dövründə brusellalar giriş qapısından limfa vasitəsilə orqanizmə yayılır və regional limfa düyünlərində yığılırlar. Bir müddət bu düyünlərdə çoxaldıqdan sonra törədicinin dozasından və virulentliyindən, eyni zamanda makroorqanizmin müdafiə xassələrindən asılı olaraq brusellalar bu düyünlərdə ya məhv edilirlər, ya da qana keçib daxili orqanlara yayılırlar. Vaxtında aparılmamış diaqnostika və gecikmiş müalicədə – xəstəlik xronik residivləşən gedişə malik olur. Xəstəlik infeksion patologiyanın ümumi əlamətləri, həmçinin yerli zədələnmə əlamətləri, əsas etibarilə dayaq-hərəkət aparatının zədələnməsi ilə səciyyələnir.                                                                                                                              Diaqnoz: Epizootoloji analizin nəticələrinə, kliniki və laborator müayinələrinə əsasən qoyulur. Diaqnozda allerji və seroloji müayinələrin nəticələrinin çox böyük əhəmiyyəti var. Bu məlumatlar xüsusən xəstəliyin yayılma dərəcəsinin və ona qarşı kompleks tədbirlər sisteminin müəyyən olunması üçün müstəsna əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı heyvanlarının bruselyozunun laborator diaqnostikasında heyvanın növündən asılı olaraq istifadə olunan seroloji və allerji reaksiyalar müxtəlif ola bilər. Qaramal və camışlarda – AR, KBR, KUMBR, Roz-benqal sınağı, süd-həlqə reaksiyası; xırda buynuzlu heyvanlarda – 10%-li NaCl məhlulunda AR, Roz- benqal sınağı, allerji reaksiyalar aparılır.                                                                 Müalicə: Bruselyozda immunitet nisbətən gərgindir və yavaş – ləng formalaşır. Immun müdafiədə toxuma immunitrti aparıcı əhəmiyyət kəsb edir. Heyvanların qanında olan anticisimlər onları təkrar yoluxmadan qorumur, onların titrinin yüksəkliyi immunitetə dəlalət etmir. Antibiotiklərlə müalicə yaxşı səmərə vermir.                                                                                   Profilaktika:  Əsas profilaktik tədbirlər təsərrüfata törədicinin kənardan gətirilməsinin qarşısını almağa yönəldilməlidir. Çox vaxt xəstəliyin törədicisi yeni alınan heyvanlar vasitəsilə daxil olduğundan belə heyvanlara ciddi nəzarət edilməlidir. Törədici təsərrüfata həmçinin yem vasitəsilə də gətirilə bilər. Xəstə heyvanlarla birlikdə suvarma və ya otlama zamanı da yoluxma mümkündür. Xəstəlik baş verdikdə təsərrüfata karantin qoyulur, tədbirlər planı müəyyən edilir. Ocağın söndürülməsi üçün ən etibarlı üsul – heyvanların hamısının təcili kəsimə verilməsi, qüvvədə olan təlimata uyğun olaraq emalı və təsərrüfatda müvafiq dezinfeksiya tədbirlərinin aparılması hesab edilir. Bruselyozun spesifik profilaktikası üçün 19 saylı, 82 saylı və Rev-1 ştammlarından hazırlanmış vaksinlər tətbiq olunur.

Təfriqi diaqnoz: Təfriqi diaqnoz üçün bruselyozu kampilobakteriozdan, yoluxucu rinotraxeitdən, salmonellyozdan, ku-isitməsindən, listeriozdan, trixomonozdan, zəhərlənmələrdən fərqləndirmək lazımdır. Bruselyozda qeyd olunan xarakterik əlamət-balasalma listerozda, trixomonozda, infeksion follokulyar vestibulitdə, yemlərlə zəhərlənmələrdə, zədələnmələrdə və s. də müşahidə olunur. İnəklərdə sonun ləngiməsi natamam yemləmə nəticəsində də baş verə bilər. Qoyunlarda balasalma paratif listerioz, xlamidioz, kampilobakterioz xəstəliklərində, zədələnmələr nəicəsində yemlərlə zəhərlənmələrdə əmələ gələ bilər.                                                                                                           

Qeyd: Boğaz heyvanlarda balasalma müşahidə edilirsə bruselyoz xəstəliyinin olmasından şübhələnmək olar. Lakin ilk dəfə bruselyoz diaqnozu qoyulmuş sağlam təsərrüfatlarda seroloji reaksiyalardan istifadə etməklə kifayətlənmək olmaz. Xəstəliyi təsdiq etmək üçün tələb olunan müayinə üsulları tətbiq edilməlidir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.