Psevdotuberkulyoz

Kənd təsərrüfatı heyvanları xüsusilə, qoyun və keçilərin xroniki zoonoz xəstəliyi olub, limfa vəzilərində, ağciyərlərdə, qaraciyərdə və digər orqan və toxumalarda nekrotik ocaqların əmələ gəlməsi, kaxeksiyanın inkişafı və heyvanların çıxdaş edilməsi yaxud tələf olması ilə səciyyəvidir. Gəmiricilər – siçovullar xəstəliyə həssas olub epizootologiyasında mühüm rol oynayırlar.

İlk simptom: inkubisaya dövrü 10-20 gündən 1-2 aya qədər, bəzən isə bir il müddətinə kimi davam edə bilər. Xroniki gedişə malik olub bir neçə aydan 2-3 ilə qədər uzanır. Limfa düyünləri zədələnmiş, düyünlərdə və parenximatoz orqanlarda irinli-nekrotik ocaqlar yaranır, spesifik kliniki nişanələr olmur. Heyvanlarda idarə olunmayan hərəkətlər (dəlicə) müşahidə olunur. Qoçlarda orxitlər, ana qoyunlarda mastitlər əmələ gəlir.

Digər simptomlar: Ağciyərlərin zədələnməsi zamanı infeksion prosesin sonunda bronxopnevmaniya simptomları müşahidə edilir. Zədələnmiş yelin şişir, qabarıq forma alır, quzularda oynaqların iltihabı təzahür edir. Bədən temperaturunun yüksəlməsi, intoksikasiya  anemiya heyvanın tələf olmasına gətirib çıxarır.

Diaqnoz: müayinə üçün material qismində limfatik düyünlərdə, orqan və toxumalarda mövcud olan spesifik inkapsulyasiya edilmiş irinli-nekrotik ocaqlardan istifadə olunur. Laborator bakterioloji və bioloji müayinələrin nəticələrinə əsasən dəqiq diaqnoz qoyulur.

Müalicə: tək-tək səthi absesslərin təşrihi və irindən təmizlənməsi tövsiyə olunur. Antibiotiklər əzələ daxili yeridilir. Bədənin müxtəlif nahiyələrində limfa düyünlərinin, dərialtı və əzələiçi açılmış absessləri olan qoyunlar təcili kəsimə göndərilir.

Profilaktika: diaqnoz qoyulan zaman qeyri-sağlam təsərrüfatda məhdudiyyət tədbirləri həyata keçirilir. Heyvanlara ayda 2 dəfə kliniki baxış keçirilir. Xəstə heyvanlar təcrid olunaraq kəsimə göndərilir. Təsərrüftalarda müvafiq baytarlıq-sanitariya və təşkilati-təsərrüfat tədbirləri kompleksi həyata keçirilir.

Təfriqi diaqnoz: differensial diaqnostikada xəstəliyi vərəm, aktinomikoz, leykoz, nekrobakterioz, streptokokkozdan, atlarda manqo və epizootik limfanqitdən təfriq etmək lazımdır.

Qeyd: insanlarda psevdotuberkulyozla yoluxmanın qarşısını almaq üçün heyvanlara qulluq zamanı fərdi gigiyena qaydalarına riayət edilməli, heyvan yemlərinin gəmiricilərdən qorunması təmin edilməlidir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.