Paravaksina

Paravaksina – iri buynuzlu heyvanların kontagioz zooantroponoz virus xəstəliyi olub, sağmal inəklərin yelininin və əmcəklərinin çiçəyə bənzər zədələnməsi ilə səciyyələnir. Poxviridae ailəsinə mənsub DNT-li epiteliotrop virusdur. Virusa bütün cinslərə mənsub İBH və insanlar həssasdırlar. Insanlar xəstə inəkdən yoluxurlar.

Ilk simptomlar. Xəstəliyin mənbəyi xəstə və xəstəliyi keçirmiş inəklər, həmçinin inkubasiya dövründə olan heyvanlardır. Xəstəlik çiçəyə nisbətən yüngül keçir, xoşxassəli gedişli olması ilə təzahür edir. Patoloji prosesdə mərhələlər inkişaf etmir, yaraların çapıqlar əmələ gəlmədən sağalması müşahidə olunur. Inkubasiya mərhələsi 4-6 gün davam edir. Yelinin və əmcəklərin dərisində əvvəlcə qırmızı nöqtələr, sonra ətraf dəri səthindən 2-4 mm qabaran albalı-qırmızı rəngli sferik düyünlər əmələ gəlir. Onlar sayı 1-dən 20-dək və çox olan açıq-qəhvəyi və qəhvəyi-qırmızı rəngli bərk qərtməklə örtülmüş olurlar.

Digər simptomlar. Tədricən düyüncüklər böyük ölçüyə çata bilir. Çoxsaylı zədələnmələr zamanı düyüncüklər birləşərək qərtməklə örtülmüş üzükvari və ya nalabənzər geniş sahələr yaradırlar. Inəklər sağıldıqda qərtməklər düşür, bu sahədə çatlar və eroziyalar əmələ gəlir. Inəklərdə düyünlər bəzən 2 ayadək qalmasına baxmayaraq narahatlıq yaratmırlar. Yelində infeksion proses yavaş getməklə bəzən mastitlər əmələ gəlir. Xəstəlikdən ölüm halları müşahidə edilməmişdir.   

Diaqnoz. Xəstəliyin epizootoloji xüsusiyyətləri və kliniki əlamətləri nəzərə alınır, dəqiq diaqnoz laboratoriya müayinələri və bioloji sınaqla qoyulur.

Müaliсə. Xəstə heyvanlar təcrid edilib simptomatik müalicə aparılır. Bu məqsədlə məhlul şəklində olan antiseptiki preparatlardan və məlhəmlərdən istifadə edilir. Müalicədə yodun spirtdə 5%-li məhlulu, 3%-li hidrogen peroksid, 5%-li kalium permanqanat məhlulu, sintomisin, tetraskilin və basqa məlhəm, preparatlar tətbiq olunur.

 Profilaktika. Xəstəliyin profilaktikası təsərrüfata yeni gətirilən bütün heyvanların 30 gün müddətində profilaktiki karantində saxlanılmasına əsaslanır. Bu dövrdə mütəmadi olaraq heyvanlara baxış keçirilir, sağmal heyvanların yelinin əmcəklərinə xüsusi diqqət yetirilir. Sağımda baytar-sanitar qaydalarına və şəxsi gigiyena tələblərinə ciddi əməl edilməlidir.

Təfriqi diaqnoz. Çiçək xəstəliyindən təfriq edilməlidir.

Qeyd. Xəstəliyin yayılmasında sağmal inəklərlə təmasda olan sağıcılar da böyük rol oynayır. İnsanların təhlükəsizliyini təmin etmək üçün xəstə və sağmal heyvanlara qulluq zamanı şəxsi gigiyena qaydalarına ciddi əməl edilməli,  xüsusi geyimlərdən istifadə edilməlidir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.