Paratuberkulyoz

İribuynuzluların və qoyunların xroniki gedişli bakterial xəstəliyi olub, yavaş inkişaf edən produktiv enteritlə, dövrü diareya, tədricən şiddətlənən arıqlama, sonda isə heyvanın tələf olması ilə səciyyəvidir.

İlk simptom: inkubasiya dövrü 1 aydan bir ilə qədər davam edə bilir. Xəstəlik çox zaman xroniki gedişli olub, kliniki əlamətlər müşahidə olunmur. Lakin heyvanın fizioloji vəziyyətindən asılı olaraq boydan qalma, zəiflik, iştahanın olmasına baxmayaraq, arıqlama bir neçə il davam edə bilər. Dəridə kobudlaşma, tüklərin pırpızlaşması büruzə verir.

Digər simptomlar: bir müddət sonra diareya normal kal ixracı ilə əvəzlənir. Süd sağımı azalır, profuz diareya, göz qapaqlarının, çənəaltı, döşaltı sahələrin və qarnın alt hissəsinin şişkinliyi nəzərə çarpır. Kal kütləsi sulu, yaşılımtıl, qəhvəyi qanlı və selikli ola bilər. Bəzən kalda yem qalıqları da görsənir. Uzunmüddətli diareya bədənin susuzlaşmasına səbəb olur.

Diaqnoz: ilkin diaqnoz epizootoloji və xarakterik kliniki nişanələr (diareya, iştaha olduğu halda proqressiv arıqlama, sağımın azalması, çənəaltı, köksaltı sahələrdə şişkinlik, bədən temperaturu norma ətrafında, susuzluq), patomorfoloji, bakterioloji, allerji və seroloji müayinələrin təhlilinə əsasən qoyulur.

Müalicə: :  paratuberkulyozla xəstə heyvanların müalicəsi işlənib hazırlanmamışdır. Xəstəliyin açıq təzahür edən kliniki nişanələri olan heyvanlar kəsimə göndərilir.

Profilaktika: paratuberkulyoz müəyyən edilən zaman təsərrüfat qeyri-sağlam elan edilir, məhdudiyyət qoyulur, ümumi baytarlıq-sanitariya və xüsusi sağlamlaşdırma tədbirləri aparılır. Qeyri-sağlam təsərrüfatlarda xəstəliyin kliniki nişanələri olan heyvanlar allerji və seroloji müayinələrin nəticəsindən asılı olmayaraq təcrid edilir və kəsimə göndərilir. Digər heyvanlar paratuberkulyoza görə müayinə edilir. KBR-lə qan müayinəsindən sonra yenidən seroloji və ikiqat dəriiçi sınaqla müayinə aparılır. Müsbət və ya şübhəli  reaksiya verən heyvanlar kəsimə göndərilir. Fermanın ərazisi binalar və avadanlıqlar formaldehid, fenol, kreolin məhlulları ilə dezinfeksiya edilir.

Təfriqi diaqnoz: paratuberkulyozu digər xəstəliklədən – vərəm, tuberkulyoz, psevdotuberkulyozdan təfriq etmək üçün 10 aylıq iribuynuzlularda iki dəfə dəriiçi allerji sınaq qoyulur və qan zərdabının KBR-lə müayinəsi aparılır. Qoyunlar 3 aylıqda olarkən müayinə aparılmalıdır.

Qeyd: allergen yeridilmiş yerdə 48 saat ərzində şişkinlik və dəri qırışı 7mm-ə qədər qalınlaşarsa reaksiya müsbət sayılır. Bu vəziyyətdə heyvanlar qısa müddətdə kəsimə göndərilməlidir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.