Nyukasl xəstəliyi (yalançı taun, atipik taun, asiya taunu və s.)

Yüksək kontagiozlu virus xəstəliyi olmaqla bütün quşların respirator və Visseral (mədə-bağırsaq) orqanların, sinir sisteminin zədələnməsi ilə xarakterizə edilir. Xəstəlik ölümlə və məhsuldarlığın düşməsi ilə nəticələnir. Törədici paramixovirus cinsinə aid RNT-li virusdur.  Virulentlik xüsusiyyətlərinə görə üç ştamma ayrılır: velogen (çox güclü), melogen (orta), lentogen (çox zəif). Xəstəlik mənbəyi xəstə quşlar, gəmiricilər və vəhşi quşlar hesab edilir.                  

İlk simptomlar: Törədici yem, su, hava vasitəsilə həssas orqanizmə düşdükdən sonra selikli qişada çoxalaraq qana keçir. İnkubasiya dövrü 3-7, bəzən 9-12 gün davam edir. Xəstələnmiş quşlar zəifləyir, hərəkətsiz  olur, xarici qıcığa reaksiya vermir, baş nahiyəsində dəri göy rəngə çalır, burun dəliklərindən maye axır, bağırsağın möhdəviyyatı sulu, bəzən yaşıl yaxud sarı rəngdə, bəzən qan qarışığı ilə birlikdə müşahidə olunur.  Sinir sisteminin iflici nəzərə çarpır.

Digər simptomlar: Öskürmə, boğulma əlamətləri müşahidə edilir. Cavan quşlar çox zaman atipik formada kliniki nişanəsiz xəstələnir və qısa müddətdə tələf olurlar. Toyuqların məhsuldarlığı 50%-ə qədər düşür, yumurtaların qabığı nazikləşir yaxud pərdə ilə örtülür.     İti formada septisemiya və daxili orqanların hemostazı qeyd olunur.                                                                                                                       Diaqnoz: Epizootoloji məlumatlar, kliniki əlamətlər və patomorfoloji dəyişikliklər nəzərə alınmaqla laborator müayinələrə əsasən diaqnoz qoyulur. Laborator diaqnoz virusun ayrılmasına, Bioloji sınağa və HAR, HATR, İFA, KBR seroloji üsullarla virusun təfriqinə əsaslanır.

Müalicə: Müalicə səmərə vermir. Xəstəlik baş vermiş təsərrüfatda bütün quşlar məhv edilir. Karantin tətbiq edilərək dezinfeksiya tədbirləri kompleks şəklində həyata keçirilir.

Profilaktika: Effektli müalicə üsulu olmadığından hazırda ən vacib mübarizə metodu quşların peyvəndlənməsi hesab edilir. Nyukasl xəstəliyinə qarşı spesifik profilaktika məqsədilə diri, inaktivasiya edilmiş və kombinə edilmiş vaksinlər tətbiq edilir. Ən çox “Bİ”, “Boz -74”, “H”, “La-Sota” ştammlarından alınmış vaksinlər işlədilir. “B1” ştammından hazırlanan vaksin diri vaksinlərdir, ən az reaktogen olandır. Körpə cücələrin aerozol üsulla peyvəndlənməsində geniş istifadə olunur. Su ilə içirdilmədə, burun boşluğuna və konyuktivaya damızdırmada səmərəlidi. 1-7-ci günlərdə La-sotadan öncə bu vaksinin verilməsi daha səmərəlidir. Cücələri birinci dəfə “La-sota” ştammından hazırlanan vaksinlə peyvənd etdikdə mürəkkəbləşmə və tələfatın artması müşahidə olunur. Ona görə də quşları 1-7-ci günlərdə “B1” yaxud “Klon-30” ştammları ilə peyvənd etdikdən sonra 13-cü gündən «La-sota»nın istifadəsi məqsədəuyğundur. Vaksin içmə suyunda 1000 doza 13 litr suda (broyler deyilsə 10 litr su) həll edilərək 13-cü gündə, 1000 doza 20-22 litr (broyler deyilsə 15 litr su) suda həll edilərək 22-ci gün verilir. Fərdi təsərrüfatlarda 35-45-ci günündə quşlar yenidən «La-sota» vaksini ilə revaktinasiya olunmalıdır (1000 doza+20 litr su).

Təfriqi diaqnoz: Xəstəliyi quşların qripindən, infeksion bronxitdən, infeksion  laringotraxeitdən, Qambora  xəstəliyindən, infeksion ensefalomielitdən təfriq etmək lazımdır.                  

Qeyd: Vaksin edilmiş quşlarda gərgin və uzunmüddətli immunitet yaranır.

Müəllif: Əzizova Aygün

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.