Nokardioz

Nokardioz – müxtəlif növ ev və kənd təsərrüfatı heyvanlarının xroniki xəstəliyi olub, limfa düyünlərinin, limfa damarlarının və süd vəzinin irinli iltihabı, eləcə də tənəffüs orqanlarının, dərinin, dərialtı toxumanın qranulyematoz zədələnməsi ilə səciyyəvidir.  İbh, zebu, at, dəvə, qoyun, meymun, it, pişik, xəzdərili heyvanlar, dovşan, siçovul, balıq, kirpi, qum siçanları, ev quşları həssasdırlar. İnsanlarda da yoluxma qeyd edilməkdədir. Nokardiozun törədiciləri Nocardia asteroides Nocardia brasiliensis göbələkləridir.

Ilk simptomlar: Törədici xarici mühitdən orqanizmə dəri örtüyünün selikli qişanın zədələnmələri zamanı keçir. Xəstəliyin ötürülməsində gənələr böyük rol oynayırlar. İbh-da xəstəlik xroniki olaraq yaralı limfangit və mastitlər şəklində keçir, bir neçə il davam edə bilir. Yaralı limfangit formada bədənin müxtəlif sahələrində limfangit düyünlər və yaralar əmələ gəlir. Öncə düyünlər bərk, sonra yumşalırlar ki, oradan irin ifraz edilir. Bu formada dərialtı toxuma və daxili orqanlar da zədələnə bilir. Ətraflar zədələndikdə isə axsaqlıq baş vermir, lakin heyvan tez yorulur. Mastit formada isə süd öz konsistensiyasını dəyişir, mitseli yumaqcıqları olur, xəstəliyin ağır və iti gedişində yelin cırıla bilir. Yelinin bir və ya bir neçə payı zədələnir, ağrılı və iltihablaşmış olur. Ağciyərlərdə miliar, bəzən isə diffuz xarakterli qranulemlər əmələ gəlir ki, vərəm düyünlərini xatırladır. Xırdabuynuzlu heyvanlarda irinliklər dəri və dərialtında, oynaq və döş qəfəsi boşluğu nahiyələrində yerləşirlər. Qoyunlarda nokardiozun ağciyər forması da inkişaf edir.

Digər simptomlar: Yelinin cüzi zədələnməsi zamanı maşınla sağım yelinin parenximasının qıcıqlanmasına və nokardiozlu mastitə səbəb olur. Törədici heyvanın toxumasına düşərək nekroz törədir, nekrozlaşmış sahə böyük birnüvəli limfoid hüceyrələri ilə infiltrasiya olunur və çoxnüvəli nəhəng limfositlərdən ibarət sədd əmələ gətirir. Kiçik düyünlər birləşdirici toxuma kapsulası ilə örtülür, ayrı-ayrı düyüncüklər birləşərək şişəbənzər kütlə əmələ gətirirlər ki, onlar da nekrozlaşır, yumşalır və onların tutarları sivişlər vasitəsilə xaricə axırlar. Bəzən düyünlərin mərkəzində törədici bərkiyərək daşlaşır.

Diaqnoz: Diaqnostika məqsədilə törədicinin təmiz kulturasının ayrılması, histoloji müayinə və laborator heyvanların eksperimental yoluxdurulması aparılır. Histoloji kəsiklərdə törədici Qram və sil-nilsen üsulları ilə yaxşı boyanır.

Müalicə: Xəstəliyin müalicəsində antibiotiklərin tətbiqi yüksək səmərə verir.

Profilaktika: Spesifik profilaktika işlənilməmişdir. Ümumi profilaktikanın əsasını isə heyvanların gənələrlə mübarizədə çimizdirilməsi, milçəklərlə mübarizə üçün insektisidlərin tətbiqi, eləcə də heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması, quru və keyfiyyətli yemlə yemləndirilməsi də mühüm əhəmiyyət kəsb edir.  Eləcə də xəstə heyvanların təcrid edilərək müalicəyə cəlb edilməsi, mütəmadi dezinfeksiya və xəstəlik törədicisinin ötürülməsində rol oynayan gənələrə qarşı dezinseksiya tədbirləri aparılmalı, baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməlidir.

Təfriqi diaqnoz: Təfriqi diaqnoz zamanı nokardiozu vərəmdən,aktinomikozdan, koksidioidomikozdan, histoplazmozdan ayırd etmək lazımdır.

Qeyd: Xəstələnmiş heyvanların qanında komplementbirləşdirici anticisimlər, aqlütinlər və presipitininlər əmələ gəlsə də immunitet uzunmüüdətli olmur.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.