Nodulyar dermatit

Qızdırma, dəridə şişlər, dərialtı birləşdirici toxumanın və daxili orqanların şişməsi, gözün, limfatik, tənəffüs və həzm sistemlərinin selikli qişalarının zədələnməsi ilə xarakterizə olunan  iribuynuzlu heyvanların xüsusi təhlükəli virus xəstəliyidir. Xəstəlik  – dəri şişkinliyi, dəri düyünlü səpgi, iribunuzlu heyvanların düyünlü ekzantema xəstəliyi, camışların “dəri şişkinliyi” xəstəliyi, yoluxucu düyünlü dermatiti adları ilə də təsvir edilir.  

Ilk simptomlar: Xəstəlik xroniki formada keçir. Xəstəliyin inkubasiya (gizli) dövrü təbii şəraitdə 2 gündən 5 həftəyə qədərdir. Xəstəlik yüksək hərarətlə (40 oC və daha çox) başlanır, sonra gözlərdən sulu axıntılar sızılır, heyvanlarda zəiflik, iştahasızlıq, ağızdan su axma, zəifləmiş hərəkət və getdikcə artan arıqlama baş verir. Dəridə (ən çox ayaq və qarın nahiyəsində) yastı səthli, diametri  0,5-0,7 sm, hündürlüyü  0,5 sm olan düyünlər əmələ gəlir və onlar ağrılı olur. Düyünlərin əmələ gəlməsindən 1-3 həftə sonra onların daxilindəki toxumalar nekrozlaşır və həmin nekrozlaşmış toxumanı probka kimi (sekvestr) dəridən çıxartmaq olur, yaxud o, quruyaraq özü düşür. Düyünlər bərkiyir və aylarla dəridə qalır.

Digər simptomlar: Xəstəliyin xoş gedişi zamanı sekvestrlər qranulyasiyalı toxuma ilə dolur və heyvan 4-6 həftədən sonra sağalır. Ağır gedişli Nodulyar dermatit xəstəliyi zamanı düyünlər ağız boşluğunda, ağciyərlərdə, həzm orqanlarında müşayiət olunur. Düyünlərdə yastı, yumru boz-sarımtıl nekrotik ocaqlar əmələ gəlir ki,  bunlar sonra irinlənir, xoralanır. Bu zaman ağızdan qatı, dartılan ağız şirəsi, burundan kəskin iyli selik ifraz olunur. Süd verən inəklərdə zədələnmiş yelin böyüyür, onda düyünlər əmələ gəlir, süd qatılaşır, çəhrayı rəngə çalır, qızdırıldıqda gel əmələ gəlir.            

Diaqnoz.Xəstəliyə diaqnoz epizootoloji məlumatlar, kliniki əlamətlər, patoloji-anatomik dəyişikliklər və laboratoriya analizlərinin (virusun təcrid edilməsi və biosınaq) əsasında qoyulur.

Müalicə: Spesifik müalicə tədbirləri işlənib hazırlanmamışdır. Təsərrüfatlarda 6 aydan yuxarı bütün heyvanların vaksinasiyası xəstəlikdən qorunmanı təmin edir. İkincili bakterial mənşəli infeksion xəstəliklər olarsa antibiotiklərdən istifadə edilməlidir.

Profilaktika: Nodulyar dermatit xəstəliyi yayılmış ölkələrdən heyvanların, onların cəmdəklərinin, dərisinin, spermasının və s. məhsullarının ölkəyə gətirilməsi qadağandır. Xəstəlik baş verərsə təsərrüfatlarda karantin tətbiq edilir, xəstə və tələf olmuş heyvanların saxlandığı yerlər, əşyalar və s. dezinfeksiya edilir. Karantin çərçivəsində virusa həssas heyvanlar peyvənd edilir. Ölmüş heyvanların cəsədləri yandırılır, yaxud yerə basdırılır. Südün əmtəəsinə qadağa qoyulur, kliniki əlamətləri olan heyvanlar məhv edilir. Qeyri-sağlam ocaqlarda dezinfeksiya və dezinseksiya tədbirləri aparılır. Həşəratların məhv edilməsi üçün insektisidlərdən, repellentlərdən istifadə olunur. Baytarlıq-sanitariya tədbirləri ilə birlikdə kompleks spesifik profilaktika tədbirlərinin aparılması və xəstə heyvanların məhv edilməsi nəticəsində xəstəliyin ləğv edilməsi istiqamətində müsbət nəticələr əldə etmək olar. Top of Form

Təfriqi diaqnoz: Nodulyar dermatit xəstəliyini vərəmin dəri formasından, streptotrixozdan, epizootik limfangitdən, demodekozdan və digər xəstəliklərdən diferensasiya edirlər.

Qeyd: Peyvənd nəticəsində yaranmış virus neytrallaşdırıcı anticismlər heyvanı 3 il ərzində xəstəlikdən qoruyur. Xəstəlikdən sağalmış heyvanlarda yenidən yoluxmaya qarşı güclü immunitet yaranır.

Müəllif: Aygün Əzizova