Nekrobakterioz

Kənd təsərrüfatı heyvanları, vəhşi quşlar və insanın infeksion xəstəliyi olub, dərinin, selikli qişaların, daxili orqanların və ətrafların irinli-nekrotik iltihabı ilə səciyyəvidir. Törədici anaerob, qrammənfi bakteriyalar olub günəş şüasına az davamlı 8-12 saat müddətində inaktivasiya olurlar.

Ilk simptomlar. Inkubasiya dövrü bir neçə gün davam edir. Xəstəliyin gedişi iti, yarımiti, yaxşıkeyfiyyətli və yamankeyfiyyətli ola bilir. 3 forması: ətrafların, dərinin və selikli qişaların, daxili orqanların nekrobakteriyozu ayırd edilir. Kənd təsərrüfatı heyvanlarında ətrafların nekrobakteriyozu daha geniş yayılmışdır. Xəstəlik dırnaqarası yarığın dərisinin qızarması ilə başlayır. Bu zaman heyvan zədələnmiş ətrafını asılı vəziyyətdə saxlayır. Halsızlıq, yemdən imtina, bəzən temperaturun yüksəlməsi müşahidə olunur. Qısa zamanda dırnaqarası yarıqda, dırnaq tacında, bəzən dırnağın xarici buynuzlu divarında irinli yaralar, absesslər, şişlər əmələ gəlir. Bu zaman dırnaq falanqı oynağının şişkinliyi, şiddətlənən axsaqlıq meydana gəlir ki, heyvanın hərəkət qabiliyyətini məhdudlaşdırır.

Digər simptomlar. Patoloji prosesin sonrakı inkişafında oynaqların kapsulu və bağlarının, vətər və sümüklərin zədələnməsi baş verir. Proses yaman keyfiyyətli xarakter ala bilir ki, bu oynaqların, çanaq-oyluq oynağının  fleqmonasına səbəb olur. Bu zaman heyvanda temperatur 40-420C-yə yüksəlir, bəzən isə normal həddə qalır. Dəri formada əsasən gövdənin arxa hissəsinin dərisi, burunun dərisi, ağızın selikli qişası nekrotik yaralarla zədələnir. Daxili orqanların nekrobakteriyozunda heyvanların qaraciyərinin kütləvi absessi ilə büruzə verir.

Diaqnoz.Epizootoloji, kliniki əlamətlərə və patoloji-anatomik dəyişikliklərə  əsasən kompleks olaraq qoyulur. Müvafiq metodiki göstəriş olduqda mütləq laborator müayinələr aparılmalıdır.

Müalicə. Xəstə heyvanları fərdi olaraq müalicə edərkən cərrahi işləmələr yerinə yetirilir. Zədələnmiş toxumalar, ekssudat, irin, yenidən uzanmış, deformasiyaya uğramış buynuzlar götürülür. Yaralar hidrogen peroksidin 3-5%-li məhlulu, kalium permanqanatın 0,1-0,2%-li məhlulu, xloraminin 0,5%-li məhlulu, furasillinin 1:5000 nisbətində məhlulu ilə təmizlənir. Müxtəlif antiseptik preparatlar və vasitələr işlədilir. Törədiciyə yüksək təsiredici tərkibə malik antibiotiklər təyin olunur. Xəstəliyin mürəkkəbləşmiş formasında heyvanlar kəsimə göndərilir. Ət və ət məhsullarının qiymətləndirilməsi baytarlıq-sanitariya ekspertizası qaydalarına uyğun aparılır.

Profilaktika. Spesifik profilaktikada vaksinasiya mühüm rol oynayır. Heyvanlarda nekrobakteriyoza qarşı polivalent vaksin, iribuynuzlularda “Nekovak” vaksini istifadə edilir. Profilaktikada xəstəlik törədicisinin xəstə və xəstəliyi daşıyan heyvanlarla təsərrüfata gətirilməsinin qarşısının alınması mühüm rol oynayır. Nekrobakteriozun ümumi profilaktikasında heyvan orqanizminin rezistentliyinin yüksəldilməsinə yönəlmiş tədbirlər görülür, yemləmə rasionu əsas qida maddələri ilə balanslaşdırılır, rasiona kompleks aminturşulu-mineral-vitaminli əlavələr verilir.

Təfriqi diaqnoz.Differensial diaqnostika zamanı qaramalda dabaq, viruslu diareya, vezikulyar stomatit, yamankeyfiyyətli kataral isitmə, taun, kontagioz plevropnevmaniya, dermatofilyoz təfriq edilməlidir. Xırdabuynuzluların nekrobakteriozu dırnaq çürüməsindən, dabaqdan, çiçəkdən, ektimadan, blutanqdan, quzuların streptokokklu  poliartiritindən təfriq etmək lazımdır.

Qeyd. Nekrobakterioz zoonoz xəstəlikdir. Insanlara yoluxma halları müşahidə edilməkdədir. Xəstə heyvanlarla işləyən zaman bunu nəzərə alıb, gigiyena qaydalaına ciddi əməl olunmalıdır. Məhdudiyyət qoyulmuş təsərrüfatlar kompleks dezinfeksiya tədbirləri keçirdikdən 4 ay sonra buraxılışa icazə verilməlidir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.