Marek xəstəliyi (Quşların iflici, neyrolimfamatozu)

Quşların yüksək patogen limfoproliferativ xəstəliyi olmaqla periferik və mərkəzi sinir sisteminin zədələnməsi ilə nevropatik, iridosiklit, eləcə də daxili orqanlarda neoplastik şişlərun əmələ gəlməsi ilə səciyyəvidir. Xəstəliyə 1-14 günlük cücələr, hind quşları, bildirçin, qırqovul, ördək, kəklik daha çox həssasdır. Toyuqlarda xəstəlik 60-120 günlük olduqada müşahidə edilir. Xəstəliyin törədicisi Herpesvirus ailəsinə mənsub virusdur. Yoluxma  əsasən aerogen yolla baş verir. Xəstəlik mənbəyi xəstəliyi keçirmiş və ömrü boyu virusdaşıyıcı olan quşlardır.           Ilk simptomlar: Xəstəliyin inkubasiya dövrü quşun yaşından asılı olaraq 13-150 gün davam edir. Halsızlıq, anemiya, bəzən çətin nəfəsalma, öskürək, həzmin pozulması, yemdən imtina, arıqlama və bəzən də dəridə zədələnmələr kimi kliniki əlamətlər müşahidə edilir. Ayaq nahiyələrində, qanadlarda, boyunda şiddətli parez və iflic, axsaqlıq, ataksiya baş verir, hərəkətin koordinasiyası pozulur, ayaq barmaqları əyilir. İflic nəticəsində hərəkət məhdudlaşır, quş zəifləyir və arıqlayır. Ikitərəfli iflic zamanı cücələr pinqivin duruşu alır, döşü üzərində yatır, bir ayağını önə digərini arxaya uzadaraq çəpəki vəziyyət alırlar.

Digər simptomlar: Gözlərin zədələnməsi qüzehli qişanın və bəbəyin formasının dəyişməsi baş verir. Bəbəyin ətrafında ağımtıl-boz rəngli ləkələr və ya müxtəlif ölçülü və formalı konsentrik sahələr yaranır. Bunlar bütün qüzehli qişa üzrə yayılaraq “boz gözlük”yaradır. Bəbək deformasiyaya uğrayır, tədricən korluq müşahidə edilir.

Diaqnoz: Epizootoloji məlumatlar, kliniki əlamətlər və patomorfoloji dəyişikliklər nəzərə alınmaqla histoloji və seroloji (gelli aqarda presipitasiya reaksiyası, immunofluorensiya) reaksiyaların nəticələrinə görə diaqnoz müəyyən edilir.

Müalicə: Müalicə səmərə vermir. Xəstəlik baş vermiş təsərrüfatda bütün quşlar məhv edilir. Karantin tətbiq edilərək dezinfeksiya tədbirləri kompleks şəklində həyata keçirilir.

Profilaktika: Spesifik profilaktika 1 günlük inkubator cücələrə birdəfəlik dozada əzələ daxili və ya dərialtı ineksiya ilə vaksinasiyanın aparılmasından ibarətdir.Inkubator cücələrin 1-ci günündə vaksinasiyası (AVİVAK-Marek) zamanı 14 gün sonra xəstəliyə qarşı immunitet formalaşır.

Təfriqi diaqnoz: Xəstəliyi leykozdan, ensefalomielitdən, infeksion sinovitdən, B1, B2, D və E hipovitaminozlardan, pasterelyozdan, qripdən, Nyukasl xəstəliyindən təfriq etmək lazımdır.

Qeyd: Vaksin edilmiş quşlarda gərgin və uzunmüddətli immunitet yaranır.                          

Müəllif: Əzizova Aygün

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.