Manqo

Atların, eşşəklərin – təkdırnaqlıların xroniki infeksion xəstəliyi olub, ağciyərlərdə və digər daxili orqanlarda, limfa düyünlərində, tənəffüs yollarının selikli qişasında və dəridə nekroza meyilli spesifik manqo düyünlərinin əmələ gəlməsi ilə səciyyəvidir. Xəstəliyin törədicisi qram mənfi aerob yaxud da fakultativ anaerob bakteriyalardır.

İlk simptom: Manqonun görünən kliniki nişanələri təbii yoluxmadan 4 həftə və hətta xeyli sonra aşkar edilir. İti, xroniki və latent formaları vardır. Xəstəliyin ilk mərhələsində temperatur 41-420C-ə yüksəlir, üşütmə və titrətmə baş verir, heyvan halsız və iştahasız olur. Selikli qişalar tünd qırmızı rəng alır, nəbz sapvari, ürək vurğuları döyüntülü, tənəffüs fasiləli olur.

Digər simptomlar: Limfa düyünlərinin şişməsi, iltihablaşması müşahidə olunur. Prosesin sonrakı inkişafı yuxarı tənəffüs yolunun selikli qişasında hipermiyalı zona ilə əhatə olunmuş xarakterik yumşalmış yaraya çevrilən selikli-irinli axıntılı sarımtıl düyünlərin əmələ gəlməsi ilə nəticələnir. Burun və qırtlağın şişməsi, burun arakəsməsinin parçalanması, qanlı ixorozlu axıntı müşahidə olunur.

Diaqnoz: Manqoya ilkin diaqnoz kliniki baxışın, seroloji, allergik, patoloji-anatomik, həmçinin epizootoloji məlumatları nəzərə almaqla bakterioloji və histoloji müayinələrin nəticələrinə əsasən qoyulur. Manqonun diaqnostikası zamanı seroloji müayinə üsulu qismində AR, KBR, Roz-benqal sınağı (RBS), İFA və PZR istifadə olunur.

Müalicə: Xəstə heyvanların müalicəsi səmərə vermədiyindən atlar məhv edilir.

Profilaktika: Ölkə ərazisinə manqonun gətirilməsinin qarşısını almaq məqsədilə baytarlıq-sanitariya qaydalarına ciddi əməl etməklə bu xəstəliyə görə sağlam olan ölkələrdən yalnız sağlam atlar gətirilməlidir. İdxal edilmiş atlar karantində saxlanılmalı və klinik baxış keçirməklə, göz mallein sınağı qoyulmalı və qan zərdabı RBS ilə müayinə edilməlidir. Xəstəliyə şübhəli heyvanlar dərisi soyulmadan manqoya görə patoloji-anatomik müayinəyə cəlb edilməlidir. Xəstə heyvanların cəsədləri yandırılmalıdır. Heyvan saxlanılan ərazi və binalarda ciddi dezinfeksiyaedici tədbirlər aparılmalıdır.

Təfriqi diaqnoz: Manqonu saqqodan, epizootik limfangitdən, burun boşluğunun selikli qişasının xroniki xəstəliklərindən, psevdotuberkulyozdan təfriq etmək lazımdır.

Qeyd: Manqoya görə peyvəndlənmiş heyvanlarda qeyri-steril immunitet yarandığı üçün ölkəmizdə atlar manqoya qarşı peyvənd olunmur.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.