Listeriyoz

Kənd təsərrüfatı heyvanları, quşlar və insanın zoonoz xəstəliyi olub, kliniki nişanələrin polimorfizmi yaxud simptomsuz daşıyıcılıq formasında gedişlə və yüksək letallıqla səciyyəvidir. Gəmiricilər xəstəliyə həssas olub epizootologiyasında mühüm rol oynayır. Törədici heyvanlar və insan üçün patogen qrammüsbət, xırda çubuqvari bakteriyalardır.

Ilk simptomlar. Inkubasiya dövrü 7-30 gündür. Orqanizmə düşmüş listeriyalar çoxalır və orqanizmdə neyrogen, limfogen və hematogen yollarla yayılır. Xəstəlik iti, yarımiti, və xroniki gedişlidir. Bədənin temperaturu bəzi hallarda yüksəlir yaxud da norma həddində qalır. Heyvanda halsızlıq, iştahanın azalması ilə ilk simptomlar başlayır. Bir neçə kliniki formalarda: sinir, septiki, qarışıq, sürtülmüş-simptomsuz, tənasül sisteminin (balasalma, sonun ləngiməsi, endometritlər, metritlər) və yelinin (mastitlər) zədələnməsi kimi əlamətlər müşahidə edilir.

Digər simptomlar. Burun boşluğundan serozlu-selikli axıntı baş verir, ağızdan çoxlu selik ifraz olur. 7-8 gündən sonra idarə  olunmayan hərəkətlər, qıcolmalar, ayrı-ayrı əzələ qruplarının parezi, görmənin itməsi, konyunktivit, stomatit müşahidə edilir. Heyvanda quduzluğa xas əlamətlər də təzahür edir, dairəvi hərəkətlər, müvazinatın itməsi, boynyn əyilməsi, bəbəklərin genişlənməsi nəzərə çarpır. Septisemiya şəklində mərkəzi sinir sisteminin zədələnməsi ilə müşayət olunur. Böğaz heyvanlarda balasalma, mastit, quzularda temperaturun yüksəlməsi ilə xarakterizə olunur.

Diaqnoz. Epizootoloji, kliniki və patoloji-anatomik məlumatların təhlili, bakterioloji müayinələrin nəticələrinə əsasən qoyulur. Heyvanların qan zərdabları AR və KBR-lə müayinə olunur. Bakteriloji müayinədə parenximatoz orqanlardan (qaraciyər, öd kisəsi, limfa düyünləri, ürək, dalaq, ağciyər və s.) nümunələr,  atılmış dölətrafı qişalar və dölətrafı mayedən istifadə edilir. Material təzə halda – heyvanın ölümündən 24 saat keçməmiş müayinə edilməlidir. Diri heyvanlarda seroloji müayinə üçün xəstə və xəstəliyə şübhəli heyvandan götürülmüş qan zərdabı müayinə edilir.

Müalicə. Xəstəlik baş vermiş təsərrüfatlarda bütün heyvanlara kliniki baxış keçirilir, termometriya edilir. Mərkəzi sinir sisteminin zədələnməsi baş vermiş heyvanlar təcili kəsimə göndərilir. Digərləri müalicəyə cəlb edilir. Listeriyalar hüceyrədaxili parazit olduğu üçün xəstəlik çətin müalicə edilir. Müalicədə antibiotiklər eyni zamanda simptomatik müalicə tətbiq edilir.

Profilaktika. Xəstəliyin spesifik profilaktikasında vaksinasiya mühüm əhəmiyyət kəsb edir. Xəstəlik baş verərsə təsərrüfatda təşkilati-təsərrüfat, epizootiyaəleyhi və baytarlıq-sanitariya tədbirləri kompleksi həyata keçirilir.  Xəstələr təcrid edilir və antibiotiklərlərdən istifadə etməklə kompleks müalicə aparılır. Müalicə almış hüyvanlar peyvənd edilir. Davamlı olaraq heyvandarlıq binalarında və yem anbarlarında deratizasiya aparılır (gəmiricilər) məhv edilir. Xəstə heyvanlar saxlanmış binaların ərazisi təmizlənərək natrium qələvisinin 3%-li isti məhlulu, ksilonaftin 5%-li emulsiyası, təzə söndürülmüş əhəngin 20%-li məhlulu (kalsium hidroksid) və s. məhlullarla dezinfeksiya edilir. Peyin biometrik üsulla zərərsizləşdirilir. Kəsimə göndərilmiş heyvanların əzələlərində degenerativ dəyişikliklər olduqda cəmdəkləri və orqanları texniki utilizasiya edilir.

Təfriqi diaqnoz. Listeriyozu qaramalda yaman keyfiyyətli kataral isitmədən, bruselyoz, xlamidioz, kampilobakteriozdan, qoyunlarda senurozdan, bütün növ heyvanlarda isə quduzluqdan və yem zəhərlənmələrindən təfriq etmək lazımdır.

Qeyd. Məhdudiyyət qoyulmuş qeyri-sağlam təsərrüfatlarda bütün müalicə və dezinfeksiya tədbirləri bitdikdən 2 ay sonra buraxılışa icazə verilr. Xəstəliyin insanlara yoluxmasını nəzərə alıb, fermada işləyən insanlar şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidirlər.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.