Ləng virus infeksiyaları – qoyun və keçilərin visna-medisi

Qoyun və keçilərin çox ləng inkişaf edən xroniki xəstəliyi olub, mərkəzi sinir sisteminin və respirator orqanların zədələnməsi, bədən kütləsinin itməsi və xəstə heyvanların ölümü ilə səciyyəvidir. Törədici RNT-li Retroviridae ailəsinin Lentivirinae yarım ailəsinin Lentivirus cinsinə mənsub DNT polimerazalı aktivliyə malik sferik formalı virusdur. Virus temperatura həssasdır. 560C-də 10 dəqiqəyə məhv olur. Spirtə, fenola, formalinə həssas, qələvilərə davamlıdır.

Ilk simptomlar. Xəstəliyə qoyun və keçilərdə rast gəlinir, daha çox 2 yaşdan yuxarı heyvanlar həssasdırlar. Xəstəlik mövsümdən asılı olmayaraq ləng inkişaf edən epizootiya halında keçir.  İnfeksiya törədicisinin mənbəyi xəstə qoyunlar və virusdaşıyıcı heyvanlardır. Təmas, hava-damcı əsas yoluxma amilidir. Lakin alimentar (yem, su, ağız südü) və ana bətni vasitəsilə də yoluxma mümkündür.  Xəstəliyin simptomları uzun inkubasiya dövründən (3-4 il və daha çox) sonra təzahür edir. Visnada inkubasiya dövrü medisə nisbətən qısa olur. Xəstəliyin gedişi 6-12 ay davam edir. O xroniki, uzun müddət və ləng inkişaf edir. Xəstəlik simptomuna görə 2 formada – visna və medi formasında təzahür edir. Visna forması mərkəzi sinir sisteminin infeksiyasıdır, kliniki əlamətləri olduqca yavaş inkişaf edir. Xəstəlik halsızlıq, qorxu, yerişin dəyişməsi, sürüdən geri qalma, fırlanma hərəkətləri, dodağın titrəməsi, başın dartılması ilə başlayır. Tədricən arıqlama, dişlərin qıcırdatılması, titrəmə, hərəkətin çətinləşməsi, dal ayaqlarda parez və iflic müşahidə edilir.

Digər simptomlar. Xəstəlik 5 həftədən 1 neçə aya qədər davam edir, xəstə heyvanlar tələf olurlar. Xəstəliyin medi formasında proses ləng inkişaf edir, xroniki keçməklə uzun müddət davam edir. Xəstəliyin kliniki əlamətləri – zəiflik, çəkinin azalması, halsızlıq, ləng artan tənginəfəslik 3 yaşdan yuxarı heyvanlarda müşahidə edilir. Heyvan boyun və başı bir tərəfə əyir, öskürmə, burundan axıntı, tədricən dal ayaqların parezi inkişaf edir. Boğaz qoyunlar bala salır, qanın tərkibi dəyişir, xəstəlik 4-6 aydan 1 ilə qədər davam edir, heyvanların tələfatı ilə nəticələnir.

Diaqnoz: Diaqnoz epizootoloji məlumatlar, kliniki əlamətlər və patoloji-anatomik dəyişikliklər və laborator müayinələrin nəticələrinə əsasən qoyulur.  Laborator müayinələr virusun hüceyrə kulturasında ayrılması, histoloji müayinə və DPR-lə seroloji müayinə (İFA, İFR, KBR, NR) əsasında qoyulur.

Müalicə: Müalicə səmərə vermədiyindən aparılmır.

Profilaktika: Xəstəliyə qarşı əsas profilaktik tədbir təsərrüfata kənar heyvanların gətirilməsi zamanı seroloji müayinələrin aparılması və karantin rejiminin ghözlənilməsindən ibarətdir. Spesifik profilaktika – vaksinasiya işlənilməmişdir.

Təfriqi diaqnoz: Xəstəlik vərəm, quduzluq, listerioz, infeksion ensefalomielit, senuroz, üzvi fosfor birləşmələri zəhərlənmələrindən və adenamatozdan təfriq edilməlidir.

Qeyd: Qeyri-sağlam təsərrüfatlarda 6 aydan bir seroloji müayinə aparılmalı, xəstə heyvanlar – reaksiyaya müsbət cavab verənlər kəsimə göndərilməlidir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.