Ku isitməsi

Ku isitməsi – ev, vəhşi, xəzdərili heyvanların və insanın, quşların təbii ocaqlı zooantroponoz xəstəliyi olub, kənd təsərrüfatı heyvanlarında enzootiki, başlıca olaraq simptomsuz, bəzi hallarda qısa müddətli isitmə, retikulo-endotelial sisteminin zədələnməsi, düşgünlük, konyunktivitlər, iştahanın itməsi, balasalmalar, mastitlər və məhsuldarlığın azalması ilə təzahür edir. Törədici – Rickettsiaseae ailəsinə məxsus Coxiella burnetii – polimorf kokkabənzər, ovoid və ya çubuqşəkilli mikroorqanizmlərdir. Həssas heyvanlar transmissiv olaraq yoluxmuş gənələrin dişləməsi, həmçinin alimentar yolla – xəstə heyvanların, gəmiricilərin və gənələrin ekskrementləri ilə çirklənmiş yem və su, heyvan xammalı (dəri, yun, ət, süd və s.) vasitəsilə yoluxurlar.

Ilk simptomlar. Yoluxmadan sonra törədici tezliklə qana keçir, ağciyərdə, limfa düyünlərində, süd vəzilərində, dalaqda, xayalarda və boğaz balalıqda çoxalırlar. Inkubasiya dövrü 3-30 gündür. Inəklərdə çox zaman simptomlar büruzə vermir, yaxud qısamüddətli isitmə ilə 41-41,80C-yə qədər yüksəlməsi ilə təzahür edir. Ümumi halsızlıq, iştahanın azalması, serozlu-kataral konyunktivit, rinit, bronxopnevmaniya, nefrit, oynaqların şişməsi, mastit və sağımın uzun müddət azalması ilə müşahidə olunur.

Digər simptomlar. Iti isitməli tutmalar zamanı boğaz inəklərdə balasalma, ölü bala doğma, plansetit baş verir. Buğalarda orxitlər, konyunktivit inkişaf edir. Son 3-8 ay ərzində dəfələrlə və davamlı olmayan temperatur yüksəlməsi qeyd olunur. Vaxtında doğulmuş buzovlarda 3-cü gündə ümumi zəifliklə yanaşı septisemiya, iştahanın azalması, diareya və intoksikasiya nişanələri nəzərə çarpır. Quzularda soyuq şəraitdə ağciyərlərin iltihabından tələfat baş verə bilər.

Diaqnozu- Epizootoloji və epidemioloji məlumatlara, xəstəliyin kliniki nişanələrinə, seroloji, bakterioloji müayinələrin nəticələrinə və törədicinin xəstə heyvan orqanizmindən ayrılmasına əsasən qoyulur. Törədicini ayırmaq üçün xəstəliyə şübhəli heyvanlar nəzarətlə kəsilir və onların patoloji –anatomik müayinəsi aparılır. KTH-da Ku-rikketsiozun serolji diaqnostikası üçün törədicinin 1-ci fazasından hazırlanmış antigendən istifadə etməklə KUMBR tətbiq edilir.

   Müalicəsi:   Xəstəlik simptomları aydın nəzərə çarpan, KUMBR-lə müsbət cavab verən, həmçinin kliniki nişanələri olmayan, lakin 2 gün ərzində yüksək bədən temperaturu olan heyvanlar antibiotiklərlə (tetraskilin qrupu) müalicə edilirlər.

Profilaktika:  xəstəlyin qarşısının alınmasında xəsəlik törədicisini yayan gənə və gəmiricilərin təsərrüfat ərazisində mütəmadi olaraq məhv edilməsinə yönəlməlidir. Xəstəlik müəyyən edilən zaman həmin ferma qeyri-sağlam elan olunur və  məhdudiyyət qoyulur.Qeyri-sağlam təsərrüfatlarda – xəstə heyvanların çıxarılmasına və gətirilməsinə  icazə verilməməli, heyvanların qruplaşdırılmasına yol  verilməməli, xəstə heyvanlardan alınmış məhsulların zərərsizləşdirmədən  istifadəsinə  yol verilməməlidir. Kliniki xəstə KBR-lə müsbət cavab verənlər və isitməli heyvanlar təcrid edilərək müalicə olunurlar. Dezinfeksiya, deratizasiya (gəmiricilərin məhv edilməsi) və dezinseksiya (gənələrin məhv edilməsi) tədbirləri kompleks aparılmalıdır.

Təfriqi diaqnoz. Xəstəliyi bruselyoz, xlamidioz, pasterelioz, listerioz, leptospiroz, infeksion hidroperikardit və rikketsiozlu monositozlardan  təfriq etmək lazımdır.  

 Qeyd. Xəstəlik keçirmiş heyvanlarda immunitet yaranır və uzun illər davam edir. İnsanlar xəstəliyə  xəstə heyvanlardan (çiy süd, ət və s.) və gənələrin dişləməsi ilə yoluxa bilirlər.  Əksər hallarda xəstəlik  temperaturun yüksəlməsi ilə təzahür edir. İnsanların xəstəlikdən  qorunması üçün  şəxsi  gigiyena tədbirlərinə  ciddi əməl etmələri  vacibdir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.