Keçilərin infeksion plevropnevmaniyası

Keçilərin infeksion plevropnevmaniyası – keçilərin kontagioz mikoplazmalı xəstəliyi olub, isitmə, ekssudat-nekrotik (krupozlu)  pnevmaniyaların və serrozlu-fibrinozlu plevritin inkişaf etməsi ilə səciyyəvidir. Törədici Mycoplazma ailəsinə mənsub sap, çubuq, kokk formalı bakteriyalardır. Xəstəliyə əsasən 5-8 ayda olan bütün cins keçilər həssasdırlar. Törədicinin rezervuarı vəhşi keçilər və digər vəhşi cütdırnaqlılardır.

Ilk simptomlar. Heyvanlar aerogen yolla xəstəliyə yoluxurlar. Inkubasiya dövrü 2-28 gün davam edə bilər. Xəstəlik iti, yarımiti, xroniki gedişə malikdir. Öncə temperatur 41-420C-yə yüksəlir, halsızlıq, iştahasızlıq, sürüdən geri qalma kliniki nişanələr təzahür edir. Susuzluq, quru öskürək, ekssudativ plevrit zamanı isə nəmli öskürək nəzərə çarpır. Burundan serrozlu, sonralar isə selikli-irinli axıntı görünür. Ağciyərlərdən küy və nəmli xırıltı eşidilir, ağciyərin iltihabı inkişaf edir. Döş qəfəsinin qabırğaarası sahələrini palpasiya etdikdə heyvan ağrılı reaksiya verir.

Digər simptomlar. Ürəyin ritmi itir, nəbz qırıq-qırıq olur, tənəffüs çətinləşir. Bəzi keçilərdə göz qapaqları şişir, gözdən selikli-irinli axıntı axır. Diareya müşahidə edilir. Ölüm ilk kliniki əlamətlərdən 7-10 gün sonra baş verir. Xroniki gedişdə simptomlar zəif təzahür edir, xəstəlik letallıqla sonuclanır.

Diaqnoz.  Epizootoloji, kliniki və patoloji-anatomik məlumatlara, laboratoriyada bakterioloji müayinələrin nəticələrinə əsasən qoyulur. Bakterioloji müayinə üçün ölmüş və ya kəsilmiş heyvanlardan patoloji material (ağciyər və digər parenximatoz orqanlar) götürülür.

Müalicə. Xəstə və xəstəliyə şübhəli heyvanlar novarsenolla, osarsol, sulfantrol, sulsimid və xloramfenikolla müalicə olunurlar. Tetrasklin qrupundan olan antibiotiklər: biomisin, oksitetraskilin təyin olunur. Tilozin və tetraskilin sırasından olan antibiotiklər vaxtında başlanmış müalicədə müsbət nəticə verir. Bəğəmgətirici preparatlar tövsiyə olunur. Xəstəliyin gecikmiş formasında müalicə nəticə vermədiyi üçün təsərrüfat ləğv olunur.

Profilaktika. Xaricdən gətirilmə heyvanlarda karantin tədbirlərini tətbiq etmək profilaktikanın əsasını təşkil edir. Yayın sonunda, payızın əvvəllərində heyvanlar peyvənd edilməli, dezinfeksiya tədbirləri mütəmadi olaraq kompleks tətbiq edilməlidir. Vaksinasiyada hidrooksialüminimumlu formalvaksinin istifadəsi  yüksək epizootoloji səmərə göstərir, heyvanlarda 1 ilədək immunitet davam edir. Xəstə heyvanlar kəsimə göndərilir, kolbasa, konserv  emalı üçün istifadə edilir.

Təfriqi diaqnoz. Pasterellyoz, keçilərin aqalaktiyası, xlamidiyozlu pnevmaniyadan bakterioloji müayinələrlə törədicinin ayrılması ilə təfriq olunmalıdır.

Qeyd. Karantin qoyulmuş təsərrüfatlarda bütün keçilər termometriya edildikdən və kliniki baxışdan keçirildikdən 2 ay sonra məhdudiyyət götürülür. Lakin 1 il müddətində təsərrüfat nəzarətdə saxlanılır, heyvanların satılmasına, damazlıq üçün istifadəsinə icazə verilmir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.