Kandidamikoz (kandidoz, süd yarası)

Müxtəlif heyvan növlərinin, quşların, insanların göbələk xəstəliyi olub, həzm traktının selikli qişasının və  dəri örtüyünün müxtəlif zədələnmələri, bəzən isə daxili orqanlarda qranulemlərin yaranması  ilə səciyyəvidir.  Kandidamekozun törədiciləri – Candida cinsindən olan mayabənzər göbələklər, daha çox isə C.albicans və digər növlərdir. əksəriyyəti saprofit olub, heyvan və insan orqanizmindən kənarda – arici mühitdə çoxalıb, inkişaf edirlər. Xarici mühitdə davamlılığı müxtəlif olub, torpaqda 3-7 ay canlı qala bilirlər, 10-15 dəqiqə qaynama temperaturunda məhv olurlar.

Ilk simptomlar: Kənd təsərrüfatı heyvanları, quşlar və insanlar xəstələnirlər.  İnfeksiya törədicilərinin mənbəyi xəstə heyvanlardır. Onlar törədici amili ağız seliyi, ifrazat, süd ilə ixrac edirlər. Yemlər, süd məhsulları, inkubasiya tullantıları, torpaq və s. ötürülmə amilləridir. Kliniki nişanələr olduqca müxtəlifdir. Göbələklər dərinin, ağız boşluğunun və xarici tənasül orqanlarının selikli qişasının səthi zədələnmələrindən başqa visseral kandidamikoz da törədirlər.Patoloji prosesin yerləşmə yerindən sılı olaraq tənəffüs yollarının (kandidamikozlu bronxit, pnevmaniya, plevropnevmaniya), mədə-bağırsaq traktının (yem borusunun, mədənin və bağırsağın zədələnməsi ilə), sidik-tənasül sisteminin, LOR-orqanların və görmə orqanlarının kandidamikozuna bölünür. Kandidamikoz prosesinin generalizasiyası zamanı daxili orqanların zədələnməsi ilə eyni vaxtda xəstəliyin septikopiemiki forması da müşahidə edilir. Daha çox bağırsaq forması yayılmışdır ki, bütün növ cavan heyvanlarda qeyd edilir. Doğumdan 3-10 gün sonra ilkin nişanələr – diareya, halsızlıq, bağırsaq peristaltikasının şiddətlənməsi, ağız boşluğunun selikli qişasının hiperemiyası, sulu ifrazat (ağ yumaqcıqlarla, bəzən seliklə, qanla qarışıq)  müşahidə edilməyə başlayır

Digər simptomlar:. Müalicə aparılmadıqda kandidamikozlu qastroenterit inkişaf edir və heyvan 3-4 gün sonra tələf olur.  kandidamikozlu qastroenterit bir az gec baş verdikdə (20-60-cı günlərdə) xəstəliyin yarımiti və ya xroniki gedişli olması müşahidə edilir.  Iştahasızlıq, mədə önlüklərinin atoniyası, hipotoniyası, boydan qalma, işgənbənin köpməsi baş verir. Bu kliniki əlamətlərlə yanaşı kandidamikozlu stomatit də inkişaf edə bilir. Ağız suyu axıntısı, ağız boşluğunun selikli qişasının hiperemiyası, dil və damağın üzərində ağ ərp yaxud boz rəngli pərdə müşahidə edilir.  Kandidamikoz mənşəli bronxopnevmaniya öskürmə, nəmli xırıltı, şiddətli bronxial tənəffüs, burundan selikli-irinli axıntı ilə müşayət edilir.əsasən 2-3 aylıq heyvanlarda qeyd edilir, müalicə aparılmazsa heyvanın sürətlə arıqlaması ölümə səbəb olur.

Diaqnoz:  KTH- ın kandidamikozuna  diaqnoz kliniki – epizotoloji məlumatlar, patoloji-anatomiki təşrih, histoloji və materialın mikoloji müayinəsinin nəticələrinə əsasən qoyulur. Göbələyin təmiz kulturasını ayırmaq üçün patoloji materialdan Saburo aqarına, suslo- aqara antibiotikli, qlükozalı və ya ƏPA əkmələr aparılır. Kandidamikozun diaqnostikasında həlledici rolu bioloji sınaq, eləcə də histoloji müayinə oynayır.

Müalicə:  Xəstə heyvanlar yüngül gedişli xəstəlik olduqda müalicə edilir. Ağır xəstə heyvanları müalicə etmək məqsədyönlü deyildir, onları kəsim üçün çıxdaş edilir. Kandidamikoz zamanı müalicə-profilaktika məqsədilə Candida göbələklərinə funqiostatiki və funqisid təsirli levorin və ya nisatin antibiotiklər tətbiq edilir.

Profilaktika:  Profilaktiki tədbirlər kompleksində əsas diqqət ana heyvanların və cavanların düzgün saxlanılmasına və tam keyfiyyətli yemlərlə bəslənilməsinə, təbii rezistentliliyin stimulyasiyasına və müxtəlif stresslərin təsirinin ləğvinə yönəldilməlidir. Ümumi qəbul edilmiş baytarlıq- sanitariya tədbirləri ilə yanaşı, mikozların təsərrüfatda yayılmamasına və ləğvinə yönəldilmiş tədbirlər –  binaların və avadanlıqların funqiostatiki preparatlardan istifadə etməklə dezinfeksiyası, davamlı olaraq yemlərin keyfiyyətinə nəzarət, anaların və cavan heyvanların Candida cinsindən olan göbələklərin daşıyıcılarına görə mikoloji müayinəsi aparılmalıdır.

Təfriqi diaqnoz: Təfriqi diaqnostika zamanı cavanlarda visseral kandidamikozu dispersiyadan, avitaminozdan, eşerixiozdan, salmonellyozdan, kampilobakteriozdan, balantidioz dizenteriyadan, bakterial və ya virus etiologiyalı bronxopnevmoniyadan istisna etmək lazımdır.  

Qeyd: kandidamikoz zamanı heyvanların orqanizmində gedən immunobioloji proseslər və spesifik profilaktika vasitələri tədqiq edilməmişdir. Xəstəlik keçirmiş heyvanlar gərgin immunitet qazanmırlar.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.