Kampilobakterioz

Kampilobakterioz – heyvanların iti gedişli zooantroponoz xəstəliyi olub, müvəqqəti qısırlıq, kütləvi balasalma, metritlər, sonun ləngiməsi, zəif bala doğumu ilə xarakterizə olunur. Təbii şəraitdə qaramal və qoyunlar, az hallarda donuzlar, keçilər və toyuqlar xəstələnirlər. Campylobacter cinsinə aid edilən qrammənfi spor və kapsula əmələ gətirməyən hərəkətli bakteriyalardır. Cins 17 növü əhatə edir. Heyvan mənşəli məhsullarda otaq temperaturunda 7 günə qədər yaşama qabiliyyətini saxlayır, ultrabənövşəyi şüaların və adi dezinfeksiya vasitələrin təsirindən 5-10 dəqiqə müddətində məhv olurlar. Daha çox qaramal və qoyunlar həssasdırlar, keçilər, toyuq və donuzlar az hallarda xəstələnirlər.

Ilk simptomlar: İnfeksiya törədicisi əsasən cinsi yolla – təbii cütləşmə yaxud süni mayalanma zamanı ötürülür. Ötürülmə faktoru kimi dezinfeksiya edilməmiş alətlər, döşənək və s. ola bilər. Qaramaldan fərqli olaraq qoyunlarda əsasən yoluxma alimentar yolla baş verir. Xəstəlik iti yaxud xroniki gedişli olur, tipik və ya sürtülmüş formalarda təzahür edir. Ilk 2-3 gün ərzində buğalarda pülüyün qızarması, tənasül üzvündən çoxlu miqdarda seliyin ixracı kimi nəzərəçarpacaq əlamətlər müşahidə edilir.

Digər simptomlar. Vaginit, endometrit, salpingit, ooforit, balasalma və sonun ləngiməsi əlamətləri tədricən təzahür edir. İnək və düyələrin cinsi yoluxması zamanı kampilobakteriyalar tezliklə balalıq yolunda çoxalaraq 3-4-cü gündə balalığa, 10-15-ci gündə yumurtalıq borusuna və sonrakı günlərdə yumurtalığa keçirlər. Toksinlərin ixraçı nəticəsində balalıq yolunun və balalığın selikli qişasının kataral iltihabı inkişaf edir, toxumların hərəkətliliyi və mayalanma qabiliyyəti zəifləyir. Belə vəziyyət heyvanlarda 4-6 ay müddətində qısırlığa səbəb olur. Qoyunların kampilobakteriozunun başlıca nişanəsi boğazlığın sonuncu aylarında kütləvi balasalma və ölü balanın doğulmasıdır.

Diaqnoz:.Kampilobakterioza diaqnoz digər infeksion xəstəliklərdə olduğu kimi, kliniki-epizootoloji məlumatlar, patoloji-anatomik müayinələr, törədicinin kulturasının ayrılması və onun kultural, biokimyəvi və antigenlik (AR və İFR) xüsusiyyətlərinə, laborator heyvanlar üzərində bioloji sınağın köməyi ilə onun patogenliyinin sübut edilməsi kimi bakterioloji müayinələrin nəticələri əsasında qoyulur. Qaramalın kampilobakteriozunun ilkin seroloji diaqnostikası üçün vaginal seliklə aqqlütinasiya reaksiyası (VSAR), qoyunlarda isə bu məqsədlə qan zərdabının KUMBR və AR-lə müayinəsi tətbiq edilir.

Müalicə:.Xəstə və xəstəliyə şübhəli heyvanların müalicəsi yerli və ümumi tətbiq üçün tövsiyə edilmiş antiseptik vasitələr, antibiotiklərlə aparılır. Penstrep 20/20, Ceftivil antibiotikləri müalicədə yaxşı səmərə verir. Quşlarda kampilobakterioz aşkarlanarsa və yoluxma 50 %-dən yüksək olarsa quşlar kəsimə göndərilir. Yoluxma zəif olduqda isə quşçuluq təsərrüfatlarında müalicə bütün quşlarda aparılır. Bu məqsədlə yemə furazolidon əlavə edilir və ya suda həll olunana nifurprazin içizdirilir.

Profilaktika: respublikadan kənarda digər dövlətlərdəqaramal və qoyunların kampilobakteriozunun spesifik profilaktikası üçün RF-də inaktivasiya olunmuş emulsin vaksindən istifadə olunur. Peyvənd olmuş heyvanlarda immunitet 12 ay davam edir. Respublikada bu vaksin istifadə edilmir. Xəstəlik keçirmiş heyvanlarda immunitet əmələ gələrək qaramalda 6 ay, qoyunlarda 3 ilə qədər davam edir. Xəstəlik müşahidə edilən qeyri-sağlam təsərrüfatlarda damazlıq müəssisələrində və süni mayalanma məntəqələrində bütün törədici buğalardan toxum alınması dayandırılır. Xəstə buğaların dondurulmuş ehtiyat toxumları məhv edilir. Qoyunların kampilobakteriozuna görə qeyri-sağlam təsərrüfatlarda bütün bala atmış və vaxtından əvvəl doğum nişanələri olan ana qoyunlar dərhal ümumi sürüdən ayrılaraq təcrid edilir, yerli və ümumi müalicəyə cəlb edilir. Istifadə olunan bütün avadanlıqlar və binalar mexaniki təmizləmədən keçirilir və dezinfeksiya tədbirləri apaılır.

Təfriqi diaqnoz: Kampilobakteriozu iribuynuzlularda bruselyoz, trixomonoz, qoyunlarda bruselyoz, xlamidioz, salmonellyoz, donuzlarda bruselyoz, salmonelyoz, xlamidioz xəstəliklərindən, eləcə də zəhərlənmələr, vitamin çatışmamazlığından təfriq etmək lazımdır.

Qeyd: Heyvanlar arasında 2 il ərzində kampilobakterioz mənşəli balasalma qeyd olunmursa təsərrüfat xəstəliyə görə sağlam hesab edilir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.

Rəy bildirin

Bir cavab yazın