Kənd təsərrüfatı heyvanlarında Leptospiroz (Sarılıq)

Leptospiroz – kənd  təsərrüfatı, eləcə də bir çox vəhşi heyvanlarıntəbii ocaqlı, əsasən iti gedişli infeksion xəstəliyi olub, qansızlıq, sarılıq, hemoqlobinuriya, dərinin nekrozu, qoyunlarda yunun tökülməsi, mədə önlüklərinin atoniyası və s. kimi əlamətlərlə xarakterizə olunur. Xəstəliyə insanlarda yoluxur.

    Xəstəlik keçmiş ittifaq ərazisində 1935-ci ildə Şimali  Qafqazda “iqterohemoqlobinuriya “ adı ilə müəyyən edilmişdir. 1934-1935-ci illərdə Şimali Qafqazda rus alimləri Ş.N. Nikolski və Q.F.Marçenko kənd təsərrüfatı heyvanlarında leptospirozu, V.İ Terskix isə törədicinin leptosiplər olmasını müəyyən etmişlər. Leptospiroza dünyanın əksər, ən çox cənub ölkələrində təsadüf edilir.

Xəstəliyin törədicisi: Xəstəliyin törədicisi Trepanemataceae ailəsinin Leptospira cinsinə aid olan L.interrogans (patogen leptospirlər) və L.biflexa (saprofit leptospirlər) növləridir. Bunlar bakreriyalar ilə ibtidailər arasında nazik qütb sapına və onu əhatə edən siptoplazmatik spirala malikdir.Leptospirlərin ucları qarmaq kimi əyilmiş olur. Onların uzunluğu orta hesabla 6-15 mkm, eni isə 0,1-0,25 mkm-ə çatır. Fəal şəkildə hərəkətə malikdir. Patogen leptospirlər  antigen tərkibli olub bir çox seroloji qrupda birləşmişdir. Hər seroloji variant bu və ya digər heyvana daha çox patogenlik göstərir..

  Leptospirlər adi anilin boyaları ilə boyanmır. Bunları görmək üçün kondensorun qaranlıq sahəsindən istifadə edilir. Leptospirlər adi qida mühitlərində boy vermir, yetişdirilməsi üçün xüsusi qida mühitləri lazımdır. Çoxalması üçün əlverişli temperatur 23-25° C və pH 7,2-7,4 hesab edilir. Leptospirlərin patogen serovarları günəş şüalarının və yüksək temperaturun təsirlərinə həssasdırlar (suda 45°C-də 45 dəqiqədən, 70°C-də 10 saniyədən sonra məhv olur ). Quru torpaqda 2-3 saat, bataqlıqda 200 günə qədər, şirin sularda bir neçə saatdan 30 günədək yaşaya bilir. Leptosiplər sidikdə4 saatdan 6-7 günə qədər, atılmış balada bir neçəgün, dondurulmuş spermada isə 1-3 il sağ qalır. Kimyəvi dezinfeksiya maddələrindən 5%-li karbol turşusu, 0,25%-li xlorlu əhəng məhlulu 5-10 dəqiqəyə, 1%-li natrium qələvisi isə ani olaraq məhv edir.

Epizootoloji xüsusiyyətləri: Təbii şəraitdə əsasən iri buynuzlu heyvanlar,qoyunlar, keçilər, camışlar, donuzlar, atlar, marallar, dəvələr, it, pişik, tülkü, quşlar və gəmiricilər (siçovul, siçan və sünbülqıranlar ) xəstəliyə həssasdır. Leptospirozla bütün yaş qrupuna aid olan heyvanlar xəstələnir, ancaq körpə heyvanlar daha çox həssas olduqları üçün xəstəlik onlarda daha ağır formada gedir. Heyvanlarda leptospirozun törədicilərində növ həssaslığı müəyyən edilmişdir. İnfeksiyanın mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlar hesab edilir. Bunlar xəstəliyin törədicisini əsasən sidik vasitəsilə xarici mühitə ifraz edirlər.Bundan əlavə leptospirlər südlə  və nəcis ilə də ifraz edilir. Leptospir daşıyıcılığı iri buynuzlu heyvanlarda 6 ay, xırda buynuzlu heyvanlarda 9 ay, donuzlarda 2 il, itlərdə 3 il, tülkülərdə isə 1,5 ilə qədər davam edir. Gəmiricilər bütün ömrü boyu leptospir daşıyıcıları hesab edilir.  Təbii şəraitdə yoluxma əsasən alimentar yolla baş verir. Xəstəlik sporadik və bəzən enzootik xarakterdə gedir. Xəstəliyin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, infeksiyanın əvvəlində az heyvan xəstələnir, bir qədər fasilədən sonra yenidən xəstəlik müşahidə edilir.  Leptospiroz ən çox nəmli və humusu yüksək olan neytral və zəif qələvi mühitli torpağı olan zonalarda müşahidə edilir. Son zamanlar leptospirozda əsas epizootoloji xüsusiyyət onun simptomsuz formaları, yəni leptospir daşıyıcılıq və immunlaşdırıcı subinfeksiyanın özünü göstərməsidir.Leptospiroz ilin bütün fəsillərində, ancaq iri və xırda buynuzlu heyvanlarda, atlarda və otlaqdan istifadə edən digər növ heyvanlarda əsasən yay-payız dövründə baş verə bilir.

Patogenezi: Xəstəliyin inkişaf dinamikasında : 1.prodromal, 2.bakteremiya, 3. əsas klinik nişanələr (toksiki) və 4.sağalma mərhələlər nəzərə çarpır.   Orqanizmə daxil olmuş leptospirlər retikulo-endotelial elementlərlə zəngin olan orqanlarda toplanır, qana keçir orada sürətlə çoxalaraq bütün orqan və toxumalara yayılır. Xəstəlik törədicisi insan və heyvan orqanizminə zədələnmiş dəri, ağız və burun boşluğunun, gözün, sidik-tənasül yolunun, tənəffüs və mədə bağırsaq yollarının selikli qişaları vasitəsilə daxil olur. Leptospirlər fəal hərəkətliliyi sayəsində qısa müddətdə xəstənin daxili orqanları və toxumalarına daxil olurlar.  Leptospirlərin təsirinə qarşı orqanizmdə aqqlütininlər və lizinlər yaranır. Əmələ gəlmiş endotoksinlər eritrositləri, parenximatoz orqanların hüceyrələrini parçalayır, buna görə də heyvanlarda anemiya baş verir, qanda çoxlu miqdarda hemoqlobin toplanır ki, bundan da bilirubin yaranır. Leptospiroz zamanı qaraciyər funksiyasını yerinə yetirə bilmir, bilirubin qandan toxumalara adsorbsiya olunaraq onları sarı rəngə boyayır. İntoksikasiya nəticəsində dəri və selikli qişaların kapillyarları zədələnir, burada tromplar yaranır ona görə də toxumaların qidalanması pozulur və nekroz əmələ gəlir. Xəstəliyin toksiki fazası heyvanın ölməsi və ya müalicə edilərsə sağalması ilə nəticələnə bilər.

Bütün gövşəyən heyvanların leptospiroz xəstəliyi üçün xarakter əlamətlərdən biri mədə önlüklərinin atoniyası hesab edilir. Ümumiyyətlə, mədə və bağırsağın funksiyası əksər hallarda zəifləyir və bunun nəticəsində mədə önlüklərində xüsusilə kitabçada şiddətli, çox hallarda heyvanın ölümünə səbəb olan atoniya əmələ gəlir. Belə bir pozğunluğun əmələ gəlməsinin əsas səbəbi vegetativ sinir sistemi pozğunluğu nəticəsində saya əzələlərin parezə uğramasıdır. Selikli, serroz qişalarda, toxumalarda, limfa düyünlərində və  daxili üzvlərin bir çoxunda qan sağıntılarının əmələ gəlməsinə təsadüf olunur. Bəzi hallarda qan sağıntısı şiddətli, bəzən olduqca zəif olur, bəzi halda isə gözə çarpmır. Xəstəliyin gedişinin kəskinliyi şübhəsiz ki, xəstlik törədicisinin inkişafı ilə əlaqədardır.Leptospiroz, eləcə də digər infeksiyalar  zamanı müəyyən edilmişdir ki, törədici orqanizmdə nə qədər sürətlə və çox inkişaf edirsə, patoloji proses, o cümlədən hemmoroji diatez bir o qədər kəskin və tez əmələ gələcəkdir.

Gedişi və kliniki əlamətləri : Bütün kənd təsərrüfatı və xəzdərili heyvanlarda leptospiroz xəstəliyi ildırımvari, iti, yarımiti və xroniki formalarda gedir. Xəstəliyin inkubasiya dövrü heyvan orqanizminin, xarici mühitin və xəstəlik törədicisinin bir çox xüsusiyyətlərindən asılı olaraq bu və digər tərəfə meyl edir. Bu dövr orta hesabla təbii yoluxma zamanı 2 gündən 20 günə kimi davam edir. İri və xırda buynuzlu heyvanlarda ildırmvari gediş zamanı temperaturun yüksəlməsi (40-41,5oC),ümumi zəiflik, bəzən güclü oyanıqlıq, nəbz və tənəffüsün tezləşməsi, selikli qişalarda sarılıq, qanlı sidik müşahidə edilir. İldırımvari forma heyvanda birdən – birə baş verməklə, iştaha pozğunluğu, bədən temperaturunun 40–42,5oC kimi artması, sonra isə normaya və ölənə yaxın normadan aşağı düşməsi, düşgünlük , bəzən isə qıcıqlanmanın əmələ gəlməsi ilə meydana çıxır. Tənəffüs və ürək  vurğuları artır. Eritrositlər hemolizə  uğrayır və müəyyən dərəcədə sarılıq və hemoqlobinuriya inkişaf edir, heyvan tez-tez sidik ifraz edir. Sidik qırmızı, tünd –qırmızı rəng alır. Xəstəlik 12- 24, bəzən isə 48 saata kimi  davam edir.Adətən xəstəlik 100 % ölümlə nəticələnir. Xəstəlik daha çox iti şəkildə gedir. Əsas əlaməti bədən temperaturunun 40,5–41°C-yə kimi artmasıilə meydana çıxır. Yüksək hərarət 1 – 6 bəzən 8 günə kimi  davam edir. Heyvanda ümumi düşgünlük, südün azalması, ishal və s. əlamətlər görünür. Xəstəliyin gələcək inkişafı, mədə önlüklərində, bağırsaqlarda atoniya, sarılıq, hemiqlobinuriya və dəridə nekrozun əmələ gəlməsi ilə xarakterizə olunur. Lakin bu simptomlarla yanaşı heyvanın ümumi hərarəti aşağı düşür. Tənəffüs, ürək vurğuları sürətlənir,  mədə önlüklərinin  peristaltikası zəifləyir, yaxud tamamilə itir. Bu zaman qəbizlik əmələ gəlir. Yarımiti gedişdə nəzərə çarpan dəyişikliklər iti gedişdə olduğu kimidir. Ancaq infeksiya prosesi nisbətən ləng inkişaf edir, bəzən proses heyvanın sağalması ilə nəticələnir. Xəstəliyin bu formasında rinit və konyuktivit nəzərə çarpmaqla, selikli qişalarda və dəridə nekroz sahələri aydın görünür. Boğaz heyvanlarda balasalma müşahidə edilir. Xəstəliyin yarımiti gedişi 20 günə qədər davam edir və vaxtında müalicə aparıldıqda çox vaxt sağalma ilə nəticələnir. Xroniki şəkildə, xəstəliyin gedişi 3-5 aya kimi davam etməklə, bu müddətdə orqanizmin temperaturunun artması 3-4 dəfəyə kimi residiv verir. Hər residivdə yüksək temperatur 2-5 günə qədər davam edir. Sağlam heyvanların südü azalır, yaxud tamamilə kəsilir. Ümumiyyətlə, belə heyvanlar öz təsərrüfat əhəmiyyətini itirir, buna görə də ya onlar ətlik üçün kəsilir, ya da tələf olurlar.  Xəstəliyin bütün formalarında qanda kəskin dəyişikliklər görünür. Eritrosit və hemoqlobinin miqdarı həddən artıq azalır və leykositoz müşahidə olunur.

Qoyunlarda leptospiroz xəstəliyi iti, yarımiti, xronik və latent şəkillərdə gedir. Bu şəkildə xəstəliyin başlanğıc dövrünü klinik əlamətlərə görə müəyyəm etmək çox çətindir. Xəstəliyin başlanğıcında temperatur yüksəlir, lakin bu heyvanın görünüşündə heç bir dəyişiklik yaratmır. Heyvanda temperaturun artması zamanı eritrositlərdə kəskin hemoliz gedir. Heyvanda ümumi düşkünlüyün əmələ gəlməsi ilə yanaşı, sarılıq və hemoqlobinuriya inkişaf edir. İntensiv inkişaf edən hemoqlobinuriya ilə birlikdə, heyvanın ümumi vəziyyətində kəskin dəyişiklik əmələ gəlməklə, o xarici təsirlərə heç bir reaksiya vermədən az müddətdə tələf olur. Qoyunlar arasında leptospiroz xəstəliyinin xroniki gedişinə çox az təsadüf edilir. Xroniki gedişin ən xaraker əlamətlərindən biri heyvanın tükünün tökülməsi və şiddətli arıqlamasıdır.

Atlarda leptospiroz xəstəliyinə nisbətən az təsadüf olunur.  İnkubasiya dövrü 2-20 gündür. Xəstəlik ən çox iti, nisbətən az hallarda isə yarımiti şəkildə gedir. Xəstəliyin əlamətləri, temperaturun artması, sarılıq, hemoqlobinuriya, kəskin düşkünlük, bəzən dəridə nekrozun əmələ gəlməsi və s. əlamətlərin baş verməsi ilə xarakterizə olunur. Temperatur bir neçə gündən sonra enir, qanda hemoliz gedir (eritrositlər 3-4 milyona qədər azalır). Tələfat iti gedişdə 40-60%, yarımiti gedişdə isə 15-18%-ə kimi olur.   

Patoloji-anatomik dəyişikliklər. Leptospirozda patoloji-anatomik dəyişikliklər, xəstəliyin gedişindən və heyvanın növündən asılıdır. Xəstəliyə diaqnoz qoymaq üçün epizootoloji xüsusiyyətlər, kliniki əlamətlər və patoloji –anatomok dəyişikliklər nəzərə alınmalıdır. Cəsəd gərginliyi qaramalda, atlarda və qoyunlarda çox gec, tülkülərdə isə tez əmələ gəlir. Cəsədin xarici görünüşü arıq, qaramalın dərisi üzərində nekroz halları, qoyunlarda isə yunun tökülməsi və qopması, görünən selikli qişalarda anemiya, sarılıq, qaramalda yaralar müşahidə olunur. Dəqiq diaqnoz qoymaq üçün laboratoriya müayinələri və seroloji reaksiyalardan istifadə edilir. Bakteroloji müayinə zamanı mikroskopiya, təmiz kulturanın alınması və bioloji sınaqdan istifadə edilir. Patoloji material kimi xəstə heyvanların qanı və sidiyi, ölmüş heyvanlardan isə parenximatoz orqanlarından hissələr götürülüb laboratoriyaya göndərilir. Döş və qarın boşluqlarında 1000 ml-ə qədər açıq sarı rəngdə şəffaf yaxud bulanlıq maye toplanır. Ürək pərdəsində bir qədər bulanlıq, sarımtıl rəngdə maye toplanmaqla burada fibrin lifləri əmələ gəlir. Ağciyərlərin parenximası bəzən sarı, bəzən isə solğun çəhrayı olur, parenximası və plevrada qan sağıntılarına da təsadüf  olunur. Ümumi sarılıq zamanı, bağırsaqların selikli qişası saralmış, onun möhtəviyyatı sarımtıl selikli olur. Selikli qişa şişir, bəzən isə onda qan sağıntılarına təsadüf olunur. Qaraciyər həcmən böyüyür, solğun-qəhvəyi, sarı – qəhvəyi rəng alır. Öd kisəsi qatı, yapışqanvari tünd-yaşıl ödlə dolu olur. Böyrəklərdə gedən dəyişiklik daha xarakterikdir. Fibroz kapsula asanlıqla soyulmaqla, böyrəklərin üzərində bərabər olmayan qızartıya və qabıq təbəqəsində xırda qan sağıntılarına təsadüf  olunur. Onları kəsdikdə beyincik hissəsi ilə qabıqcıq arasında olan sərhəd itir. Dalaq əksər hallarda normada qalır. Sidik kisəsi genişlənmiş, çox hallarda tünd albalı rəngində sidiklə dolu olur.

Diaqnostikası. Leptosprioz xəstəliyinə diaqnozun qoyulması çətindir. Kompleks müayinə üsullarını işlətdikdə, düzgün diaqnozun qoyulması mümkündür. Diaqnozun qoyulması üçün epizootik, kliniki, patoloji-anatomik, bakterioloji və seroloji müayinələrdən istifadə olunmalıdır. Epizootoloji müayinədə əsas etibarı ilə xəstəlik mənbəyi, onun baş vermə vaxtı, iqlim, metoroloji və yerin torpaq xüsusiyyəti, heyvanların saxlanılması, yemlənməsi, suvarılması və s.  nəzərə alınır. Diaqnozun qoyulması üçün klinik əlamətlərdən ümumi temperaturun artması xüsusiyyətinə, sarılığa, hemoqlobinuriyaya, qanda hemolizin getməsinə, tükün tökülməsinə, dəridə nekrozun əmələ gəlməsinə daha çox fikir verilməlidir.Patoloji-anatomik yarma zamanı sarılıq, qan sağıntısıvə daxili üzvlərdə gedən dəyişikliklərdən başqa böyrəklərin parenximasında kəskin dəyişikliyin inkişaf etməsinə və dalaqda xarakter dəyişikliyin olmamasına daha çox fikir verilməlidir. Ümumiyyətlə, heyvanların leptospirozunun diaqnostikası qüvvədə olan baytarlıq-sanitariya qaydalarınauyğun aparılır.Bu müxtəlif kombinasiyalarda istifadə olunan mikrobioloji və immunoloji üsullar kompleksinin tətbiqinə əsaslanır. Bütün hallarda leptospirozun diaqnozu laborator müayinələr ilə təsdiq edilməlidir.

Müalicə. Leptosprioz xəstəliyi simptomatik və spesifik müalicə edilir.

         Simptomatik müalicə xəstəlik zamanı inkişaf edən simptomlara qarşı aparılır. Leptosprioz xəstəliyində kəskin dəyişiklik mədə önlüklərinin və bağırsağın peristaltikasının pozulması ilə meydana çıxır. Həmin üzvlərin peristaltikasını qaydaya salmaq üçün Qlanuber və Karsbad duzlarının işlədilməsi yaxşı nəticə verir. Böyrəklərin və sidik üzvlərinin dezinfeksiyası üçün 10%-li urotropin məhlulu və qida maddəsi kimi askorbin turşusu ilə birlikdə qlükoza yaxşı nəticə verir. Qan doğuran orqanların fəaliyyətinin artması üçün B¹² vitaminin istifadəsi məqsədəuyğundur .

         Spesifik müalicə vasitələrindən leptospiroz əleyhinə serum işlədilir və xəstəliyin başlanğıcında müsbət nəticə verir. İri buynuzlu heyvanlara  50-120 ml, buzovlara 20-40 ml, qoyun və donuzlara 5-30 ml dəri altına vurulur. Antibiotiklərdən streptomisin at və iri buynuzlu heyvanlara hər kq/diri çəkiyə 2000-6000 TV, qoyunlara 10-20 min TV, donuzlara isə 6000-10000 TV əzələyə vurulur. Müalicə kursu bütün növ heyvanlarda 4 gün olmaqla gündə iki dəfə işlədilir. Leptospiroz zamanı orqanizmdə hipoqlikemiya müşahidə edildiyinə görə, vena daxilinə 40%-li qlükoza məhlulundan, at və iri buynuzlu heyvanlara 500 ml, buzov və dayçalara 50-200 ml vurulmalıdır. Mədə-bağırsaq sisteminin atoniyasına qarşı urotropin, ürək fəaliyyəyini qaydaya salmaq üçün kofein ümumi qəbul edilmiş dozalarda işlədilir.

         Profilaktika və mübarizə tədbirləri. Leptospiroz xəstəliyinin profilaktikasının iki istiqamətdə olmaqla ümumi və xüsusi profilaktika tədbirlərindən ibarətdir. Ümumi profilaktika tədbirləri ən böyük əhəmiyyət kəsb edir. Ümumi profilaktika tədbirləri təsərrüfatda olan infeksiya mənbəyini müəyyən edib ləğv edilməsinə qarşı yönəldilməlidir. Bir çox tədqiqatlarla müəyyən edilmişdir ki, xəstəlik törədicisi gəmiricilər və xəstəlikdən sağalmış heyvanların orqanizmində uzun müddət qalmaqla xaricə ifraz olunaraq xarici mühiti yenidən çirkləndirirlər. Bundan başqa, otlaqda olan durğun su mənbələri, həmin leptospir daşıyan heyvanların ifrazatı ilə çirkləndikdə, əlverişli şərait  zamanı, leptospirlər burada inkişaf edib, daha geniş yayılırlar. Ona görə də leptospiroz xəstəliyi baş vermiş təsərrüfatda xəstə heyvanları vaxtında müəyyən edib, təcili surətdə təcrid edilməsi əsas tədbirdir. Klinik müayinə və termometriya nəticəsində müəyyən edilmiş xəstə və xəstəliyə şübhəli heyvanlar təcrid edilərək müalicə olunur, şərti sağlamlarda isə xüsusi profilaktika aparılır. Xəstəlik baş vermiş təsərrüfatda heyvan saxlanılan binalar və onların həyətlərində baytar-sanitar  tədbirləri aparmaqla dezinfeksiya işlərinin görülməsi vacibdir. Leptospiroz xəstəliyi baş vermiş təsərrüfatda karantin qoymaqla, baytarlıq qanunçuluğu əsasında karantin tədbirlərinə ciddi əməl edilməlidir. Karantin müddəti 30 gündür.

         Xüsusi profilaktika. Leptospiroz xəstəliyinin xüsusi profilaktikası serum və vaksinlə aparılır. Seroprofilaktika xəstəliyin xüsusi profilaktikasının əsasını təşkil etmir, onun əmələ gətirdiyi immunitet 12-21gündən artıq deyildir.   Xəstəliyəqarşı planlı profilkatika tədbirinin ən əlverişlisi vaksinoprofilaktikadır. Bir sıra tədqiqatçılar tərəfindən xəstəliyin profilaktikası üçün müxtəlif vaksinlər təklif edilmişdir, bunlardan geniş təcrübə şəraitində yoxlanmış və ən yaxşı nəticəni xinazol və karboqliserin vaksinləri vermişdir. Heyvanlarda bu vaksinlərlə immunitet yaratmaq üçün vaksin orqanizmə 2 dəfə vurulur. Birinci vaksinasiya ilə ikinci vaksinasiya arasında 7 gün fasilə olmalıdır.Hazırda heyvanların leptospirozu əleyhinə polivalent , “VQNKİ” vaksini kənd təsərrüfatı heyvanlarının və xəzdərili vəhşi heyvanların peyvəndlənməsi üçün istifadə edilir.  Leptospiroz xəstəliyi əleyhinə peyvənd aparan zaman işlədilən vaksinin təsdiq olunmuş təlimatına ciddi əməl etmək lazımdır.

        Beləliklə, xəstəlik baş vermiş təsərrüfatlarda heyvanların vaksinlə peyvənd edilməsi zamanı  tələfat az müşahidə edilir.  Bunu nəzərə alaraq, hiperimmun serum olmadıqda, xəstəlik baş vermiş təsərrüfatlarda vaksinasiya aparmaqla və nəzərdə tutulan ümumi baytarlıq-sanitariya tədbirlərini həyata  keçirməklə müsbət nəticələr əldə etmək mümkündür.