İri buynuzluların taunu

İri buynuzluların taunu –bütün növ ev və vəhşi heyvanların iti gedişli, kontagioz, septisemiya ilə keçən xəstəliyi olub, yüksək hərarətlə, əsasən mədə-bağırsaq traktının selikli qişasının kataral-hemorroji, krupoz-difterik iltihabı və letallıq ilə səciyyəvidir. Törədici RNT-li virus olub Paramixoviridae ailəsinin Morbillivirus cinsinə mənsubdur. Xəstəliyə kənd təsərrüfatı heyvanlarından İBH, az halda qoyun, keçi, dəvə yoluxurlar. Quşlar və insan həssas deyil.

Ilk simptomlar. Infeksiya törədicisinin mənbəyi – xəstə və xəstəliyi keçirmiş heyvanlardır. Inkubasiya dövrü 3-7, bəzən 10-17 gündür. Xəstəlik iti, nadir halda çox iti və yarımiti formada keçir. Tipik və abortiv formalarda təzahür edir. İBH-da 3-qızdırmalı (prodromal), selikli qişaların zədələnməsi, mədə-bağırsaq pozğunluqları mərhələlərində baş verir. Birinci mərhələ temperaturun yüksəlməsi (41-420C), halsızlıq, iştahasızlıq, nəbzin və tənəffüsün tezləşməsi ilə xarakterizə olunur. Gözdən yaş axma, kataral rinit, görünən selikli qişaların şişkinləşməsi baş verir. Ikinci mərhələdə selikli qişalarda iltihabı və nekrotik zədələnmələr təzahür edir, serrozlu-selikli konyunktivit  irinli olur, dodaq və göz qapağının daxili səthi, dilin və udlağın selikli qişaları qızarır, sidik axıntısı güclənir. Vulvadan qanla qarışıq selikli-irinli ekssudat axır. Boğaz heyvanlar bala salır. MSS-nin oyanması müşahidə edilir.

Digər simptomlar. 3-cü mərhələdə heyvanın temperaturu normal və yaxud aşağı olur. Profuz diareya, sulu, boz-sarımtıl, yaxud çirkli-qəhvəyi rəngli axıntı seliklə, qanla, bağırsağın nekrozlaşmış epitelilərinin qırıntıları ilə qarışıq olur. Defekasiya aktı qeyri-ixtiyari baş verir, yoğun bağırsaq xaricə çıxır. Diareya susuzlaşmaya, arıqlamaya səbəb olur, tənəffüs dəqiqədə 60-80, nəbz vurğusu 80-100-ə qədər artır. Heyvan uzanmış vəziyyət alır və bir saatdan sonra ölürlər.

Diaqnoz. Kliniki, patoloji-anatomik və epizootoloji məlumatlar nəzərə alınmaqla laborator müayinələrin nəticələri əsasında qoyulur. Laborator müayinələr virusun NR-in köməkliyi, onun antigeninin KBR, DPR, HATR, İFR və spesifik anticisimlərin KBR, hüceyrə kulturasında NR, toxumada virus spesifik dəyişiklikərin aşkarlanması yolu ilə qoyulur.

Müalicə. Xəstəliyə qarşı dəqiq müalicə üsulları işlənilməmişdir. Xəstə və xəstəliyə şübhəli heyvanlar qansız üsulla öldürülür, cəsəd yandırılır. Xəstəliyi keçirmiş İBH-da 5 ildən çox gərgin immunitet yaranır. Xəstəliyi keçirmiş analardan doğulmuş balalarda kolostral immunitet yaranır, 5-6 ay davam edir. Heyvanların daşınması tələbi yarandıqda onları 14 gün qoruyan passiv peyvəndləmə aparılır. Aktiv peyvəndləmədə inaktivləşdirilmiş və diri vaksinlərdən istifadə olunur.

Profilaktika. Xəstəliyin qarşısının alınmasında spesifik profilaktika mühüm yer tutur. Uzun illərdir ki, ölkəmizdə bu xəstəlik qeyd edilmədiyi üçün hazırda peyvəndləmə aparılmır. Ölkəyə gətirilən heyvanlar 30 gün karantində saxlanılır, kliniki baxış, laborator müayinələrdən sonra məhdudiyyət götürülür. Xəstəlik baş verərsə tauna qarşı mövcud təlimata əsasən təhlükəki zonanın sərhədi göstərilir (50,100km) və orada karantin şərtlərinə əməl edilməsinə nəzarət edilən qoruyucu-karantin məntəqələri təşkil edilir. Xəstə və xəstəliyə şübhəli heyvanlar öldürülür, digərlər peyvənd edilir, nəzarətdə saxlanılır, termometriya edilir. Cəsədlər yandırılır, bütün ərazi dezinfeksiya edilir.

Təfriqi diaqnoz. Yaman keyfiyyətli kataral isitmədən, dabaqdan, viruslu diareyadan, pasterellyozdan, eymeriozdan, infeksion hidroperikarditdən, qan-parazitar xəstəliklərindən, qoyunların kataral isitməsindən və infeksion rinotraxeitdən təfriq edilməlidir.

Qeyd. Karantin götürüldükdən sonra bioloji sınaq məqsədilə fermaya 2-3 baş 8-10 aylıq buzovlar salınır, 30 gün nəzarətdə saxlanılır. Bu müddətdə heyvanlar xəstələnməzsə oraya əvvəlcədən peyvənd edilmiş, 15 gün təcridi qaydada saxlanmış heyvanlar buraxılır. Qeyri-sağlam məntəqələrdə olan heyvanlar 3 il ərzində ildə 1 dəfə peyvəndləməyə cəlb olunur.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.

Rəy bildirin

Bir cavab yazın