Iri buynuzluların kontagioz plevropnevmaniyası

Bu xəstəlik yüksək kontagioz xəstəlik olub, isitmə, fibrinozlu interstisial pnevmoniya, ekssudativ plevrit və ağciyərlərdə anemik nekrozların və sekvestlərin əmələ gəlməsi, döş boşluğunda böyük miqdarda ekssudatın toplanması ilə səciyyəvidir. Törədici Mycoplazma ailəsinə mənsub bakteriyalara xas olan hüceyrə divarından məhrum, hərəkətsiz, qrammənfi mikroorqanizmlərdir. Təbii şəraitdə gövşəyənlər – iribuynuzlular həssasdırlar.

Ilk simptomlar. Törədici aerogen yolla heyvanın ağciyərlərinə – alveolyar boşluğa düşərək orada reproduksiya edir, hüceyrə arası boşluğa keçərək ağciyərlərin parenximasına və ağciyərin limfa düyünlərinə aparılır. Inkubasiya dövrünün müddəti 2-4 həftədən 4-6 aya qədər davam edir. Xəstəlik ildırımvari, iti, yarımiti və xroniki gedişli olur, tipik və atipik formalarda təzahür edir.  Xəstəlik 40-45 gün davam edir. Ildırımvari gedişdə temperatur 410C-yə yüksəlir, iştahasızlıq, tənəffüsün çətinləşməsi, qısa müddətli və quru öskürək müşahidə edilir, ağciyərlərin və plevranın zədələnməsi inkişaf edir, diareya baş verir.

Digər simptomlar. Xəstəlik proteinuriya, hipotalasemiya, eritropeniya, hemoqlubinemiya, leykositoz, trombositoz, hematokritin azalması və qanın plazmasında fibrinogenin miqdarının artması ilə müşayət olunur. Heyvanlar süstləşir, çox vaxt uzanır, laktasiya kəsilir, burundan irinli-selikli və ya qanla qarışıq bulanlıq axıntı axır, uzunmüddətli və ağrılı öskürmə baş verir. Heyvanlar zədələnmiş ciyərlərlə burun deşiklərini geniş açmaqla nəfəs alırlar, tənəffüs səthi, gərgin, abdominal tipli olur. Bel bükülür, boyun dartılır, baş aşağı vəziyyətdə, ağız açıq olur.

Diaqnoz. Epizootoloji, kliniki və patoloji-anatomik məlumatlara, bakterioloji, seroloji (KBR, AR, DPR, KR), histoloji və allergik reaksiyalara əsasən qoyulur. Seroloji müayinə üçün qan zərdabı, bakterioloji müayinə üçün ölmüş və ya öldürülmüş heyvanlardan patoloji material (ekssudat və s.) götürülür.

Müalicə. Müalicə başlıca olaraq ağır postvaksinal reaksiyaları yüngülləşdirmək üçün aparılır. Fizioterapevtik vasitələrlə və cərrahi müdaxilələrlə yanaşı postvaksinal mürəkkəbləşmələri olan heyvanlara venadaxili 10 %-li neosalvarsan məhlulu, venadaxili və ya dərialtı – sulfamezatennatrium, əzələiçi – bronxosillin, tilozin, xloramfenikol və ya spiramisin yeridilir. Xəstəlik keçirmiş heyvanlarda yaranan aktiv immunitet 2 il davam edir. Aktiv immunitet yaratmaq üçün diri zəiflədilmiş vaksinlərlə peyvəndləmə aparılır.

Profilaktika. Respublikaya xarici dövlətlərdən gətirilmiş heyvanlar karantində saxlanılmalı, seroloji müayinələr (KBR) 2 ay fasilə ilə iki dəfə aparılmalıdır.  Xəstə və xəstəliyə şübhəli heyvanlar kəsimə göndərilməlidir.  Binaların və heyvanların yaşadıqları digər yerlər mexaniki təmizlənməli, dezinfeksiya işləri aparılmalıdır.

Təfriqi diaqnoz. Pasterelyozdan, vərəmdən, exinokokkozdan, ağciyər helmintozlarından, yoluxmayan mənşəli xəstəliklərdən və krupoz pnevmoniyalardan, travmatik perikarditdən təfriq edilməlidir.

Qeyd. BEB-in Beynəlxalq baytarlıq-sanitariya Kodeksinə uyğun olaraq ölkə İBH-ın kontagioz plevropnevmaniyası üzrə axırıncı qeyri-sağlam məntəqənin ləğvindən  1 il sonra, xəstələrin, yoluxmuş və yoluxmaya şübhəli heyvanların kəsimi şərti ilə sağlam sayılır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.