Iri buynuzluların anaerob enterotoksemiyası

Əsasən cavan heyvanların iti gedişli toksiko-infeksion xəstəliyi olub, hemorroji enteritlə, ümumi toksemiya və yüksək letallıqla səciyyəvidir. Törədicinin (C.perfringensin) bir-birindən toksiki xüsusiyyətlərinə görə fərqlənən 6 (altı) bioloji tipi: A, B, C, D, E, F mövcuddur. Buzovlarda anaerob enterotoksemiyanı amilin A, C və D tipləri, bəzən A tipi törədir.

Ilk simptomlar. Xəstəlik 3-5 günlükdən 3 həftəyə qədər yaşda olan buzovlarda iti keçir, bəzən ölüm halları 3-4 saat sonar – bədən temperaturunun yüksəlməsi, nəbzin  və tənəffüsün tezləşməsi, yemdən imtina, süstlük, kəskin sancılar, sinir sistemi pozğunluqları əlamətləri ilə baş verir. Bəzi buzovlarda təbii dəliklərdən qan axıntısı, qanla qarışıq diareya müşahidə olunur, nəcis əvvəlcə sarımtıl-yaşıl rəngdə, qaz qabarcıqlı, sonar isə bozumtul qəhvəyi olur.

Digər simptomlar. Çənəaltı boşluqda boyunda, döşaltı sahədə, qarında, beldə, ətraflarda, dərialtı toxumada infiltratlar nəzərə çarpır. Bədən temperaturu cüzi yüksəlir və çanaq ətrafında iflic baş verir. Halsızlıq, komatoz vəziyyət təzahür edir.  Taktil və eşitmə qıcıqlandırıcıları konvulsiya və opistonusun baş verməsinə səbəb olur. Hiperqlikemiya və qlikozuriya aşkar edilir. Ölüm 1 həftə müddətində özünü göstərir.  Bəzən buzovlar sağalır, lakin boy və inkişafdan qalırlar.

Diaqnoz. Xəstəliyin diaqnostikasında kliniki əlamətlər, epizootoloji məlumatlar, patoloji-anatomik müayinə əsas götürülür, laborator müayinələrinin nəticələri əsasında diaqnoz dəqiqləşdirilir. Laboratoriya analizləri zamanı orqanlardan və bağırsaqdan törədicinin ayrılması, onun tipizasiyası, törədiciyə məxsus olan toksinin nazik bağırsaqda müəyyən edilməsi və onun spesifik tipik serrumun köməyi ilə identifikasiyası vacib sayılır.

Müalicə. Xəstə və xəstəliyə şübhəli heyvanlar təcrid olunaraq müalicə edilirlər. Xəstəliyin erkən mərhələsində antitoksiki qan zərdabının antibiotiklərlə, yaxud sulfanil-amid prepaaratları ilə birlikdə tətbiqi müsbət nəticə verir. Anaerob enterotoksemiya ilə heyvanların müalicəsində həmçinin mədə-bağırsaq sisteminin funksiyasını tənzimləyən vasitələrdən – mədə şirəsindən, ABK, PABK, asidofil qatığından və s. istifadə edilir.

Profilaktika. Təsərrüfatda xəstəlik baş verirsə xəstələr təcrid olunaraq müalicə edilir. Xəstə heyvanlarla bir yerdə saxlanılan sağlam heyvanlar, yeni doğulan körpələr profilaktiki məqsədlə antitoksiki qan zərdabı ilə peyvənd olunur. Eyni vaxtda antibiotiklər də tətbiq edilir. Təsərrüfat və ətraf sahələrdə davamlı dezinfeksiyaedici tədbirlər aparılır.

Təfriqi diaqnostika. Buzovların anaerob enterotoksemiyasını eşerixiozdan, salmonellyozdan, diplokokklu infeksiyadan, viruslu diareyadan, qarayara, emfizematoz karbunkuldan, pasterelyoz və zəhərlənmələrdən təfriq etmək lazımdır.

Qeyd. Xəstəlik keçirmiş heyvanlarda yaranan immunitetin müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Spesifik vaksinasiya məqsədilə bradzot, anaerob enterotoksemiya, yaman keyfiyyətli şiş, quzuların anaerob dizenteriyası üçün konsentrasiya edilmiş polivalent alüminum hidroksid vaksinindən istifadə edilir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.