İri buynuzlu heyvanların xlamidiozu – inəklərin xroniki xəstəliyi olub, dölətrafı qişaların zədələnməsi, balasalmalarla, vaxtından əvvəl ölü və ya yaşama qabiliyyəti olmayan buzovların doğulması ilə səciyyələnir. Xəstəliyin törədicisiChlamydophila abortus – otlarda, yoluxmuş əşyalarda bir neçə həftə, heyvandarlıq binalarında 5 həftə, pasterizə olunmuş süddə 23 gün yaşama qabiliyyətini saxlayır. Qaynadılma mikroorqanizmləri 2-10 dəq. ərzində məhv edir.
Ilk simptomlar. Xəstəliyin əsas mənbəyi xəstə və ölmüş xəstə heyvan cəsədləridir. Sağlam heyvanların yoluxması əsasən alimentar və aerogen yolladır. Inəklərdə xəstəlik geniş spekrirli kliniki əlamətlərlə xarakterikdir. Əsas kliniki nişanələr adətən boğazlığın 7-9-cu aylarında, bəzən də 4-cü ayında baş verən balasalmalardır. Xəstəlik qəflətən başlayır, bədən temperaturu 40,5°C yüksəlməkdən başqa heç bir kliniki əlaməti olmur.
Digər simptomlar. Balasalmış heyvanlarda, xüsusən ilk dəfə doğan inəklərdə sonun ləngiməsi, metritlər, vaginitlər inkişaf edir və nəhayət qısırlıq baş verir. Xlamidiozun əsas nişanələri qastroenterokolitlər, poliartritlər, bronxopnevmaniyalar, keratokonyuvitlər, ensefalomielitlərdir. Bu nişanələr eyni vaxtda təzhür etmirlər.
Diaqnozu- Xəstəliyin kliniki əlamətləri və patoloji –anatomik dəyişiklikləri spesifik deyil. Buna görə də diaqnoz məqsədilə laboratoriya üsullarından istifadə edilir.Bunun üçün cinsiyyət yolunun axıntısı , döl pərdəsi, kotelodonlar, xorion qişası və dölün daxili orqanlarından nümunə götürülərək yaxma hazırlanır və mikroskopiya olunur. Patoloji materialdan hazırlanmış yaxmalar Stamp üsulu ilə boyanır və müayinə zamanı qrup və tək halda hüceyrə daxili və xaricində qırmızı rəngdə 300 – 500 nm böyüklükdə elementar cisimciklər görünür. Bundan başqa yaxmaların boyanması üçün May-Qryunvald, Romanovsi –Gimza, Kastansdo və Makiovello üsullarından istifadə edilir.
Təfriqi diaqnoz. Xəstəliyi bruselyoz, salmonelyoz, listeriyoz, septospiroz və digərlərindən təfriq etmək lazımdır.
Müalicəsi: Xlamidiozun müalicəsində tetrasiklin qrupu antibiotikləri effektli təsir göstərir,lakin müalicə olunmuş heyvanların orqanlarında xlamidiozun törədicisi qala bilir və təkrar yoluxma baş verə bilir. Bunu nəzərə alaraq qeyri-sağlam təsərrüfatdan alınmış bala profilaktik müalicəyə cəlb olunmalıdır,ona görədə xəstələnib sağalmış inəklərdən rekonvalisent serrum alınaraq hər kq diri çəkiyə 0,7 ml hesabı ilə 2 dəfə 3-cü və 10-cü günlərdə ineksiya edilir. Xəstə heyvanların müalicə effektini yüksəltmək üçün alınmış serruma heyvanın hər kq diri çəkisinə 10 min təsir vahidi dibiomisin əlavə olunmalıdır . xəstəliyin müalicəsində oksitetrasiklin və ya tetrasiklindən də istifadə oluna bilər. Müalicə 2 dəfə inyeksiya edilməlidir birinci sutkada hər kq diri çəkiyə 5000 tV və 8-9 gündən sonra müalicə təkrar edilir. Xlamidiozun müalicəsində dibiomisin, ditetrasiklin, tilan, farmazin yaxşı səmərə verir.
Profilaktika: Xəstəlik müəyyən edilən zaman həmin ferma qeyri-sağlam elan olunur və məhdudiyyət qoyulur.Xlamidioza görə qeyri-sağlam təsərrüfatlarda – xəstə təsərrüfatdan heyvanların çıxarılmasına və həmin təsərrüfata heyvanların gətirilməsinə icazə verilməməli, heyvanların qruplaşdırılmasına yol verilməməli, xəstə heyvanlardan alınmış məhsulların zərərsizləşdirmədən istifadəsinə yol verilməməlidir, xəstə təsərrüfata kənar şəxslərin gəlməsinə qadağa qoyulmalı, heyvanların sərbəst cütləşməsinə yol verilməməlidir, xəstə heyvanlar saxlanılan binalar gündəlik olaraq mexaniki təmizləməklə dezinfeksiya (2 %-li yeyici natrium qələvisi, 5%li formalin və digər) edilməlidir.Yem qalıqları, peyin,döşənək mateerialları və s. xüsusi burtlarda toplanıb biotermik zərərsizləşdirilməli, xəstə heyvanlardan alınmış balalar ayrıca saxlanılmaqla xüsusi xidmət edən adamlara təhkim olunmalıdır. Qeyri-sağlam məntəqələrdən məhdudiyyət xəstə heyvanların sağalmasından 30 gün və son tamamlama tədbirləri bitdikdən sonra götürülür. Spesifik prifilaktikada heyvanların peyvəndlənməsi vacibdir. Bu məqsədlə xlamidioza qarşı inaktivasiya olunmuş kultural emulsin vaksin işlədilir. Bu vaksin 5 ml olmaqla üç dəfə dərialtı olmaqla vurulur və 6 ay immunitet yaradır.
Qeyd. İnsanlar xlamidiozla xəstə heyvanlardan yoluxa bilirlər. Son zamanlar xəstə heyvanlara qulluq edənlər arasında artritlərə, pnevmoniyalara, uretritlərə, salpingitlərə çox təsadüf edilir. Əksər hallarda xəstəlik insanlarda respirator formada olur.Yoluxma əsasən aerogen,az hallarda alimentar və təmasla olur. İnsanların xəstəlikdən qorunması üçün şəxsi gigiyena tədbirlərinə əməl etməsi vacibdir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.
Son şərhlər