İri buynuzlu heyvanların viruslu diareyası

Xəstəlik başlıca olaraq cavan qaramalın iti kontagioz xəstəliyi olub, temperatur, həzm traktının selikli qişasının eroziv-yaralı zədələnmələri, diareya, rinit və inəklərdə balasalma ilə səciyyələnir. Törədici – Togaviridae ailəsinə, Restivirus cinsinə aid RNT tərkibli virusdur.  Virusun ştammları patogenliyinə, virulentliyinə, sitopatogen təsirinə görə fərqlənsələr də, eyni antigenlik xüsusiyyətlərinə malikdirlər. Virus 370C-də 5 günə, 560C-də 35 dəqiqəyə inaktivləşir, pH-3,0 olduqda tezliklə məhv olur. Xəstəliyə  iri buynuzlular, camışlar, qoyunlar, cüyür, maral, donuzlar və bəzi vəhşi heyvanlar həssasdır. Xəstəliyə əsasən 2 yaşadək cavan heyvanlar, daha çox 5 aylıq buzovlar yoluxurlar. Boğaz heyvanlarda 90-cı gündə balasalma, eləcə də törədicinin plasentar baryerdən keçərək yeni doğulmuş buzovlarda gizli infeksiyanın yayılmasına və dölün kritik inkişaf mərhələsində MSS-ni zədələnməsinə səbəb olur.

Ilk simptomlar. Əsas xəstəlik mənbəyi virusu xarici mühitə ağız suyu, göz yaşı, sidik, kal, sperma ilə ixrac edən xəstə heyvanlardır. Orqanizmə daxil olan virus 2-4 gündən sonra ağız boşluğunun, yem borusunun, mədə-bağırsaq sisteminin selikli qişalarında, dırnaqarası yarığın dərisində, gözün mayelərində məskunlaşır və xəstəliyə xas olan zədələnmələrə səbəb olur. Inkubasiya dövrü 2-6 gün davam edir. Xəstəlik iti, yarımiti, xroniki və abortiv gedişli olur. Iti forma epizootik prosesin əvvəlində və daha çox cavanlarda müşahidə edilir. 12-60 saat davam etməklə temperaturun 39,5-42,30 C yüksəlməsi, güclü depressiya, burundan selikli, selikli-irinli ifrazat axıntısı, göz yaşları, öskürək, taxikardiya (dəqiqədə 80-120), tənəffüsün tezləşməsi (dəqiqədə 40-90) və iştahanın olmaması ilə səciyyələnir. Ağız boşluğunda və burun aynasında hiperemiyalaşmış səpələnmiş şəkildə şişkinliklər yaranır ki, bunlar da müxtəlif ölçüdə papulalara və divarları çox tez dağılan vezikulaya çevrilir. Tədricən onların yerində qırmızı eroziyalar və yaralar əmələ gəlir. Belə zədələnmələr dırnaqarası yarıqda, dırnaq tacında, tənasül üzvlərində, gözün ətrafında da müşahidə olunur. Iti gediş 1-2 həftə davam edir, heyvanın ölümü ilə nəticələnir.

Digər simptomlar. Yarımiti gediş daha çox süddən gec ayrılan yetişkənlik dövrünə çatmış buzovlarda baş verir. Xəstə heyvanların iştahası itir temperatur 0,15 – 1,5C yüksəlir yaxud normada qalır. Ürək döyüntüsü və tənəffüs tezləşir, rinit, qısa müddətli diareya və leykopeniya müşahidə edilir. Axsaqlıq, eroziya, dırnağın iltihabı, 2-4 aylıq buzovlarda xəsdəliyin respirator forması, bronxopnevmaniya əlamətləri  inkişaf  edir. Xroniki gedişdə isə heyvanlar inkişafdan qalır, burun və göz axıntıları müşahidə olunur.  Ağız  boşluğunun selikli gişasında gec saxlan eroziyalar, yaralar əmələ gəlir, diareya, kaxeksiya inkişaf edir. Xəsdəliyin abortiv gedişi yuxarı yaşlı cavanlarda müşahidə edilir, qısa müddətli cüzi isitmə, bəzən zəif təzahür edən diareya ilə səciyyəllənir, 3 gündən sonra xəstələr kliniki sağalırlar.

Diaqnoz. Əsasən laborator diaqnostikaya əsaslanır. Pataloji materialın yaxmalarında, kəsiklərində İFR- lə antigenin tapılması, törədicinin hüceyrə kulturasında ayrılması  və onun sitopatogen təsirinə görə  NR və yaxud İFR-lə identifikasiya edilməsi, xəstə və xəstəliyi keçirmiş heyvanlardan götürülmüş cüt qan zərdablarında NR, DHAR, KBR, DPR-lə diaqnostiki anticisimlərin titrinin artımının müəyyənləşdirilməsi daxildir. Laboratoriyaya selikli qişanın yuyuntusu, xəstəliyin ilk 3-cü günü və 3 həftə sonra heyvandan götürülmüş qan nümünələri, selikli qişalardan qaşıntı, ölmüş heyvanların bronxlarla birgə ağciyəri, dalaq parçaları, badamcıq, mədə-bağırsaq traktının, burun-ağız boşluğu selikli qişalarından göndərilir.  Diaqnozda İFAR və PZR-dən də istifadə olunur.

Müalicə. İnfeksiya əleyhinə polivalent qan zərdabı 24-48 saat intervalla dərialtına  yeridilir. Heyvanlara yüngül həzm olunan yemlər verilir. Antibiotiklər təyin edilir. Yara və eroziyalar 0,1-0.2 %-li kalium permanqanat məhlulu ilə yuyulur.  Boğazlığın 150-ci günündə baş vermiş yoluxma dölün vəziyyətinə təsir göstərmir.

Profilaktika. Viruslu diareyanın spesifik profilaktikasında diri attenuasiya olunmuş və inaktivləşdirilmiş vaksinlərdən istifadə edilir. İBH-ın rota və koronavirus infeksiyalarına qarşı  BİO “Narvak” tətbiq edilir. Diri vaksinlər zəif reaktogen olub və əsasən kökəltmə təsərrüfatlarında viruslu diareyanın profilaktikasında işlədilir. Inaktivləşdirilmiş preparatları reproduktor təsərrüfatlarında boğazlığın 7-8-ci aylarında olan inəklərin peyvəndlənməsi üçün istifadə olunur.

Təfriqi diaqnoz. Viruslu diareya dabaqdan, infeksion rinotraxeitdən, paratuberkulyozdan, İBH- ın taunundan, yaman keyfiyyətli isitmədən, respirator-sinsitial infeksiyadan, infeksion stomatitdən, korona-, parvo və adenovirus infeksiyalarından, nekrobakteriozdan, alimentar zəhərlənmədən təfriq olunmalıdır.

Qeyd. Xəstəlik keçirmiş heyvanlarda 1 il müddətinə immunitet yarana bilir. Lakin uzunmüddət virusdaşıyıcılıq müşahidə edilir. Ağız südü alan yeni doğulmuş buzovlar  4-5 ay müddətinə kolostral immunitetə malik olurlar.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.